BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tanışını söyüşə görə döyən məktəbli ilə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zamiq Nəbiyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilib, Astara Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 500 manat cərimə cəzasına məhkum olunub.


İttihama görə, hadisə 14 aprel 2025-ci il tarixdə, saat 19-20 radələrində Astara rayonu ərazisində yerləşən avtomobil yolunun kənarında baş verib.


Belə ki, 2009-cu il təvəllüdlü təqsirləndirilən Zamiq Nəbiyev həmin yerdə tanışı, zərərçəkmiş Əkrəm Həsənzadə (adı, soyadı şərtidir) görüşərək, sonuncunun bir neçə gün əvvəl başqa bir tanışının yanında ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib. O, heç bir əsaslı səbəb olmadan zərərçəkmişə qarşı uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edib. Sonra Zamiq Əkrəmin üz nahiyəsinə bir yumruq və bir təpik zərbəsi vuraraq bədən xəsarətləri yetirib.


Hadisədən sonra Zamiq Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Qeyd: Hadisə zamanı Zamiq Nəbiyev Astara şəhərində yerləşən tam orta məktəblərinin birində X sinifdə oxuyurmuş.
 

Kamal Məmmədov 

Tarix: 23 Sentyabr 2025, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin