BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənilər Gədəbəy istiqamətindən də hücum edə bilərlər” - General

“Bu, sözsüz ki, sırf ermənilərin təxribatıdır. Onlar ümid edirdilər ki, həmin təxribatla Rusiyanı, o cümlədən KTMT-ni döyüş əməliyyatlarına cəlb edərək Azərbaycanı “cəzalandıra” biləcəklər...”

 

Bu sözləri Tovuz cəbhəsindəki son gərginlikdən bəhs edən sabiq Müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev söyləyib.

 

Açıqlamasının davamında general belə deyib:

 

“Halbuki,  Ali Baş Komandan da, Müdafiə Nazirliyi də yaxşı bilir ki, biz Ermənistan sərhəddini keçsək, ermənilər bütün dünyaya  “Azərbaycanın təcavüzü” barədə hay qaldıracaq, hamını köməyə çağıracaqlar. Və belə bir vəziyyətdə yalnız rəsmi İrəvanın müraciət edəcəyi halda Moskva və KTMT-nin  məsələyə qarışmaq hüququ var.  Odur ki, biz düşmənin təxribatlarına uymayaraq dövlət sərhəddini keçməməliyik. Sadəcə, onların həm yüngül atıcı silahlardan, iriçaplı silahlardan,  həm də artilleriya qurğularından  və yaxud PUA-lardan açdıqları atəşlərə vaxtında və sərrast cavab verməli, düşmənin hərbi və strateji obyektlərini dağıtmalıyıq...

 

Ancaq mən ondan ehtiyat edirəm ki, ermənilər Tovuz cəbhəsində nisbi sakitlik yarandıqdan sonra qüvvələrini digər bir istiqamətə cəmləyərək oradan bizim orduya gözlənilməz zərbələr endirə bilərlər. Bunu istisna etmək olmaz. Onlardan hər cür alçaqlığı gözləmək olar. Gədəbəy istiqamətindən də hücum edə bilərlər, Qarabağ - Goranboy istiqamətindən də.... Ancaq Qarabağdan hücum ehtimalı azdır. Çünki bilirlər ki, bizim o istiqamətdə mövqelərimiz çox möhkəmdir.   Bütün hallarda biz hazırlıqlı olmalıyıq...”

 

Keçmiş Müdafiə nazirinin nəzərinə çatdırdıq ki, bu günlərdə bir sıra erməni hərbçilərinin Gədəbəy ərazisindəki “Artsvaşen” adlandırdıqları Başkəndi (sovet dövründə Moskva tərəfindən bilərəkdən, gələcəkdə ermənilərə “kozır” vermək üçün rəsmi xəritəyə Ermənistan SSR-in Azərbaycan SSR daxilində anklavı kimi daxil edilmiş və 1992-ci ildə Azərbaycan ordusunun erməni hərbi birləşmələrindən təmizlədiyi ərazi-S.L.) “azad etmək” fürsəti yarandığını söylədiklərini çatdırdıqda general bu cür cavab verib:

 

“Bəli, mən sizə təsadüfən məhz Gədəbəydən hücum gözlənildiyini söyləmədim... Və eyni zamanda sərhəddə lazımi qədər qüvvə saxlamaqla əsas gücümüzü toplayaraq Qarabağda düşmənə sarsıdıcı zərbələr endirməliyik. Çünki Qarabağda əməliyyatlara başlamağa, yəni işğal altındakı 20 faizlik ərazimizi azad etməyə kifayət qədər həm hüquqi, həm də mənəvi haqqımız var. Və bu məsələyə heç kəs – istər Rusiya, istərsə də Qərb, Avropa, ABŞ müdaxilə edə bilməz. Həm də ona görə ki,  bunlar hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Bundan əlavə, bütün dövlətlərin üzv olduğu BMT-nin Ermənistandan  qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasını tələb edən məlum 4 qətnaməsi var və onlar icra olunmalıdır. Odur ki, biz bu fürsətdən lazımınca yararlanmalı və torpaqlarımızı azad etməliyik...”

 

Ermənistanın bir sıra döyüş generallarının hərbi savadına hələ sovet dövründən yaxından bələd olduğunu qeyd edən general Tacəddin Mehdiyev  Ali Baş Komandana  Qarabağın hərbi yolla azad olunmasıyla bağlı təkliflərini də yolladığını vurğulayıb.

 

“Yeri gəlmişkən, mən  hələ sovet dövründən ermənilərin bir sıra döyüş generallarını da yaxşı tanıyıram, onların hansı biliyə, savada malik olduğunu yaxşı bilirəm. Məsələn, Şamaxıda anadan olmuş və mənimlə bərabər 4 il Bakıda  Ali Ümumqoşun Komanda məktəbində, sonra isə 4 il Moskvada Frunze adına Hərbi Akademiyada təhsil almış Ermənistanın keçmiş Müdafiə naziri general-polkovnik Mixail Arutyunyan... Mən komandanlıq fakültəsini, o isə kəşfiyyat fakültəsini bitirib... Bir neçə il öncə Qarabağda müharibəni udmaq, yəni hərbi yolla torpaqlarımızı azad etmək üçün dövlət və ordunun hansı işlər görməli olduğu haqda təkliflərimdən ibarət konsepsiya hazırlayıb Ali Baş Komandan, Prezident İlham Əliyevin ünvanına  göndərmişdim. Prezident Administrasiyasından mənə zəng olundu ki, məktub alınıb. Ancaq əfsuslar olsun ki, həmin təkliflərə heç bir cavab verilmədi. Halbuki, mən orada çox ciddi məsələlər qaldırmışdım. Təkliflərdən biri də o idi ki,  müharibəni aparmaq üçün dövlətin güclü səfərbərlik resursları olmalıdır. Sənəddə, kağızda  olan ehtiyat qüvvələr yox,  döyüşə əsl mənada hazırlıqlı hərbçilər olmalıdır. Məsələn, ehtiyatda tutaq ki, 50 minlik qüvvəmiz var. Amma bu o demək deyil ki, onların hamısı döyüş qabiliyyətlidir. Həmin insanlar mütəmadı hərbi toplantılara çağırılmalı, təlimlər keçməli və lazımi səviyyədə gerçək döyüş şəraitinə hazırlanmalı, tabor, alay, briqada şəklində formalaşdırılaraq ehtiyatda saxlanmalıdır.  Təkliflər arasındakı digər məsələləri hərbi sirr olması baxımından açıqlamıram... Əgər bəhs etdiyim təkliflər cəfəngiyyat idisə, Prezident Administrasiyasındakı mütəxəssislər cavab yazıb bunu qeyd edəydilər. Yox, belə deyilsə, digər hazırda işləyən və ehtiyatda olan məndən də təcrübəli general və zabitləri də dəvət edib müzakirələr aparıb, müxtəlif rəy və təklifləri öyrənməklə Qarabağın azad edilməsi üçün vahid bir konsepsiya hazırlayıb həyata keçirmək olardı. Azərbaycan üçün gerçək fürsət yarandığı indiki şəraitdə bu, çox vacib məsələdir...”- deyə sabiq nazir fikrini yekunlaşdırıb.Moderator

Tarix: 19 İyul 2020, 00:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin