BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Dünyadakı qiymət artımı kimi arzuolunmaz prosesdən kənarda qala bilmirik”

“Heç şübhəsiz, avtobus və metroda gediş haqqının artırılması ilə bağlı məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb. 50 qəpiklik gediş haqqının 60 qəpiyə qaldırılması müəyyən insanların etirazına səbəb olub. Sosial şəbəkələrdə bu məsələ çox ciddi müzakirə edilir. Hər birindən xəbərimiz var, amma müvafiq qurumların əsaslandırmasına görə, söhbət xidmətin keyfiyyətinin artırılmasından gedir. Hətta belə məlumatlar da eşitmişik ki, bir sərnişinin metroda daşınma xərcləri 95 qəpiyə gəlib çatır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, Azərbaycan dövləti sosialyönümlü dövlətdir: “Dövlətimizin insanların sosial rifahı ilə bağlı atdığı addımları da yaddan çıxarmaq olmaz. Məsələn, 2019-cu ildə büdcəmizdən 7,8 milyard manatı sosial xərclər üçün ayrılmışdı. 2025-ci ilin büdcəsində isə bu xərclər 16,9 milyard manata qədər artırıldı. Bu isə, təxminən, 2,2 dəfə artım deməkdir. Büdcəmizin bu gün 41%-ni sosial xərclər təşkil edir. 9,6%-i Qarabağ və Şərqi Zəngəzurun bərpası işlərinə gedir. 20%-dən çoxunu isə hərbi xərclər təşkil edir. Bunları da yaddan çıxarmaq olmaz. Eyni zamanda minimum pensiyanın həcmi 280 manatdan 320 manata qaldırıldı. Minimum əmək haqqı 345 manatdan 400 manata qaldırıldı. Orta əməkhaqqı ölkəmizdə 1098 manatı ötüb keçib, 1100 manata yaxınlaşıb. Ölkəmizdə 353,3 min nəfərə, yəni 80,2 min ailəyə ünvanlı sosial yardımlar verilir. Ünvanlı sosial yardım alan aztəminatlı ailələrin uşaqlarına bir yaşına qədər 140 manat ödəniş edilir. Prezident təqaüdləri də artırılıb. İndi artıq şəhid ailələrinə 700 manat, 20 Yanvar qurbanlarının ailələrinə 700 manat həcmində Prezident təqaüdü verilir. Vətən müharibəsi qəhrəmanlarının ailələrinə 2200, Milli Qəhrəmanlara 2000 manat ödəniş edilir. Eyni zamanda beşinci sosial paket qəbul edilib, bu da 3 milyon insanı əhatə edir. Bu istiqamətə əlavə 1,4 milyard manat vəsait də ayrılıb. Bütün bunlar Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması ilə bağlıdır. Amma nə edək ki, qiymət artımı da labüd prosesə çevrilib. Həm avtobusu, həm də metro vaqonlarını xarici ölkələrdən alırıq. Həmin ölkələrin özündə də xərclər artıb. Məsələn, “Böyük yeddiliyin” üzvü olan və bizimlə strateji tərəfdaş dövlət İtaliyada məhz iqtisadi vəziyyət, sosial xərclərin artması ilə əlaqədar evlənmək müşkül məsələyə çevrilib. Təsəvvür edin, 2025-ci ilin 6 ayı ərzində İtaliyada 166 min uşaq doğulub, amma 327 mindən çox insan dünyasını dəyişib. Əhalinin qocalması prosesi gedir. Gənclər isə evlənmək istəmirlər. Niyə? İş yeri tapa bilmirlər, evləndikdən sonra, dünyaya gələn uşaqla bağlı xərclər, əlavə ödənişlər artır. Məktəbdə təhsillə bağlı ödənişlər böyük yük kimi onların üzərinə düşür. Xüsusilə, 14-18 yaş arasında məktəblilərin xərcləri daha da çoxalır. Bunu İtaliya mətbuatı özü yazır. Bu gün dünyamızda elə proseslər gedir ki, yaşayış xərcləri artır. Bu, bir həqiqətdir və söyləmək lazımdır. Biz də dünyanın tərkib hissəsiyik. Təəssüf hissi ilə qeyd edirəm ki, dünyadakı qiymət artımı kimi arzuolunmaz prosesdən kənarda qala bilmirik".

 

Aytəkin Qardaşova

Tarix: 1 Oktyabr 2025, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin