BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana qarşı yönələn yad əllərin, baxan pis gözlərin həmişə qarşısında olacağıq - RƏY

Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra daxili sabitlik və milli həmrəyliyin qorunması onun əsas prioritetlərindən birinə çevrilmişdir. Son illərdə bölgədə baş verən siyasi proseslər fonunda ölkə daxilində milli birliyin möhkəmləndirilməsi və təhlükəsizliyin təmin edilməsi daha da aktuallaşıb. Bu kontekstdə “beşinci kolon” kimi tanınan daxili təxribatçı qüvvələrə qarşı mübarizə sadəcə hüquqi məsələ deyil, eyni zamanda milli məsuliyyət məsələsinə çevrilib. Xalqın birliyi, dövlətin ayıqlığı və informasiya təhlükəsizliyi Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasında əsas rol oynayır. Dövlət qurumları, vətəndaş cəmiyyəti və hər bir fərd bu vəzifədə üzərinə düşəni yerinə yetirməlidir ki, ölkənin daxili sabitliyi pozulmasın və milli maraqlar daim qorunsun.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycan xalqı bugünkü qələbələrə və tarixi zəfərə milli həmrəyliyi, xalq-hakimiyyət birliyi sayəsində gəlib çatıb.

 

Deputat vurğulayıb ki, Azərbaycan xalqı öz müstəqilliyinin 30 illik dövründə milli maraqların qorunmasının və dövləti idarə edən legitim hakimiyyət institutlarının dəstəklənməsinin nə olduğunu çox yaxşı dərk edir, uğurun da, qalibiyyətin də, inkişafın da, rifahın da səbəbinin məhz bu olduğunu görür:

 

 

"Buna görə hazırda Azərbaycan xalqı əldə etdiyi şirin qələbəni daha da gücləndirmək, dövlətimizin inkişafına daha çox dəstək vermək, vətəndaşlarımızın təhlükəsizliyinin və rifahının daha da yüksəldilməsi üçün öz dövləti ilə birgə addımlamaqdadır. Amma çox təəssüf ki, ölkəmizdə olan monolit birlik, milli maraqlar istiqamətində atdığımız addımlar bəzi daxili və xarici güc mərkəzlərini narahat edir. Beləliklə, həm xaricdən Azərbaycan həmrəyliyi, inkişafı, qələbəsi hədəf alınır, həm də daxildəki "beşinci kolon" nümayəndələri vasitəsilə Azərbaycanın müstəqilliyi, milli təhlükəsizliyi hədəfə çevrilir. Lakin buna baxmayaraq Azərbaycan xalqı müxtəlif formalarda bu cür təzahürlərə qarşı ictimai qınaq, cinayətkar və təxribatçıların ifşa olunmaları vasitəsilə mübarizə aparır. Təbii ki, bu cür hallarla ən təsirli mübarizəni Azərbaycan dövləti, hüquq-mühafizə orqanları həyata keçirir, lazımi cəza tədbirləri görür. Bu, çox yaxşıdır, çünki nəticə etibarilə ciddi addım atılmasa, şübhəsiz ki, təhlükəsizliyimiz müxtəlif istiqamətlərdə gələn təhdidlərə məruz qala bilər".

 

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Arzuman Abdulkərimov isə Prezident İlham Əliyevin sonuncu parlament seçkilərindən sonra Milli Məclisdəki çıxışını xatırladıb:

 

 

““Cənab Prezident xüsusi qeyd etmişdi ki, Azərbaycan daxilində problemimiz yoxdur, xalq və iqtidar arasında güclü bağ var, amma Azərbaycana xaricdən gələcək təsirlər haqda düşünürük. Hesab edirik ki, Azərbaycana xaricdən hansısa təzyiq və təsirlər ola bilər. Buna görə hər birimiz xaricdən gələn təsirlərə qarşı birləşməliyik”. Cənab İlham Əliyev çıxışında bunları qeyd etmişdi. Zaman-zaman bunun şahidi oluruq. Çünki biz daxili məsələlərimizi öz daxilimizdə həll etməliyik. Siyasi mübarizəmizi də Azərbaycan daxilində aparmalıyıq. Bu, sağlam siyasi mübarizə olmalıdır. Heç bir beynəlxalq gücdən, xarici təsirdən asılı vəziyyətdə olmamalı, Konstitusiyaya zidd hansısa addımlarla müşahidə olunmamalıdır. Düşünürəm, bununla bağlı Azərbaycanın həm təhlükəsizlik orqanları, həm də güc strukturları öz işlərini görməlidirlər. Necə ki, görürlər. Biz də xalq olaraq bu məsələdə onlara dəstək olmalıyıq".

 

A.Əbdülkərimov vurğulayıb ki, nədənsə "beşinci kolon" məsələsi ancaq Rusiya ilə əlaqələndirilir:

 

"Əslində belə deyil, digər ölkələrin də Azərbaycanda "beşinci kolon"larının olması mümkündür. Həm Qərb dairələrinin, həm də Rusiyanın "beşinci kolon"ları var. Bu, ümumiyyətlə, təkcə Azərbaycana aid deyil, bütün böyük güclər digər dövlətlər üzərində öz hegemonluqlarını, dominantlığını qoruyub saxlamaq üçün daha kiçik ölkələrdə "beşinci kolon"larını formalaşdırırlar. Azərbaycan da bu qəbildəndir. Bizdə də Qərbin, Rusiyanın və digər böyük dövlətlərin, beynəlxalq qurumların maraqlarına xidmət edən qüvvələr var. Hazırkı durumda Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı istintaq başladılıb. Onun barəsində dörd ay ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu baxımdan bizim düşüncələrimiz, fikirlərimiz Rusiyaya yönəlir. Uzun illər bu düşüncədə olmuşuq ki, Ramiz Mehdiyev və ona yaxın olan şəxslər iqtidarın içindəki bəzi məmurların, medianın, QHT-lərin arasında, o cümlədən Milli Məclisdə var. Məncə, bu məsələdə haqlıyıq. Çünki son dönəmlər çox ciddi söz-söhbət gəzirdi ki, Rusiya hansısa formada Azərbaycan daxilində bəzi qarışıqlıqlar yaratmaq istəyir. Təbii ki, istintaq gedir. Bu məsələlərdə Ramiz Mehdiyev tək ola bilməz. İstintaqın işinə qarışmaq məqsədəuyğun deyil. Təbii ki, ehtimallarımız da var, bunları səsləndirməliyik. Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən, 2019-cu ildən Prezident Administrasiyasında müvafiq Siyasi partiyalar və qanunverici orqanlarla iş şöbəsi yaradıldı. Cənab Prezidentin apardığı siyasət bundan ibarət idi ki, ölkədəki siyasi partiyalarla siyasi dialoq başladılsın. Düşünürəm, müvafiq şöbə qarşısına qoyulan məqsədlərə nail ola bildi, verilən tapşırıqları yerinə yetirdi. Bildiyiniz kimi, Azərbaycanda olan mövcud siyasi partiyaların bir-ikisini çıxmaq şərti ilə əksəriyyəti prosesə qoşuldu. Bu da nəticə olaraq göstərir ki, Azərbaycanda milli birlik yerindədir, siyasi qüvvələrlə iqtidar arasında birlik var. Təbii ki, Azərbaycanda mövcud olan siyasi partiyalar içində müxalif düşüncədə olanlar da, iqtidarı dəstəkləyənlər də mövcuddur. Ümumən, bunun nəticələrini Tovuz hadisələri zamanı gördük. Eyni zamanda 2020-ci ilin Vətən müharibəsi başlayanda da şahidi olduq ki, siyasi partiyalar hamısı bir qüvvə, güc kimi bəyanatlar imzaladılar, Ali Baş Komandanı dəstəklədilər. Bizi zəfərə aparan yolda bu milli və siyasi birlik çox ciddi rol oynadı. Bu baxımdan, cənab Prezidentin nüfuzu, Azərbaycan xalqının ona olan yaxşı mənada münasibəti Azərbaycandakı siyasi qüvvələrlə, eyni zamanda iqtidar və xalq arasında ciddi uçurumun olmadığının göstəricisidir. Həmişə nankor qüvvələr olur. Siyasətdə bunsuz ötüşmək mümkün deyil. Vətəninin, dövlətinin maraqlarını öz siyasi maraqları üçün başqa dövlətə satan qüvvələr həmişə var. Bundan sonra da olacaq. Düşünürəm, yaxın zamanlarda həmin qüvvələrin daha da zəiflədiləcəyinin, onlara sarsıdıcı zərbə vurulacağının şahidi olacağıq. Siyasət adamı olaraq bu məsələdə dövlətimin və Prezidentimin yanındayam. Azərbaycana qarşı yönələn yad əllərin, baxan pis gözlərin həmişə qarşısında olacağıq, dövlətimizin bu məsələdə qorunması üçün hər birimiz əlimizdən gələni etməliyik. Xüsusilə, bu məsələdə siyasi qüvvələrə yük düşür".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Dörd il ötdü - Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin  lokomotivinə çevrilə bilib Pravda.az

Tarix: 18 Oktyabr 2025, 15:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin