BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Təkcə İsrail deyil, hətta Türkiyə vətəndaşları da Azərbaycana müalicə üçün müraciət edirlər”

Bu ilin ilk 9 ayı ərzində İsraildən müalicə üçün Azərbaycana gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 dəfə artaraq 159 nəfərə çatıb. Bu rəqəm tez-tez ölkənin səhiyyə sahəsi ilə bağlı tənqidi fikirlər səsləndirənləri də təəccübləndirib. Müzakirələr fonunda azərbaycanlıların İsrailə müalicə üçün getmələri gündəmə gətirilib, israillilərin Azərbaycana gəlişinin səbəbləri barədə müxtəlif versiyalar səsləndirilib...

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Pravda.az-a açıqlamasında deyib ki, statistik məlumatlara görə, təkcə İsrail deyil, hətta Türkiyə vətəndaşları da Azərbaycana müalicə üçün müraciət edirlər.

 

Deputat qeyd edib ki, Azərbaycanda hazırda estetik və plastik cərrahiyyədə uğur qazanmış mütəxəssislər var: “İnvaziv kardiologiyada uğurlar əldə olunub. Bilirsiniz ki, son olaraq ən böyük uğurlarımızdan biri meyitdən orqan, xüsusən, ürək transplantasiyası kimi mürəkkəb bir əməliyyatın həyata keçirilməsi oldu. Bu da göstərir ki, səhiyyə sahəmiz həm özəl, həm də dövlət sektorunda uğurla inkişaf edir. Xüsusi qeyd etmək lazımdır ki, icbari tibbi sığorta, səhiyyə islahatları əslində dünya miqyasında analiz etdikdə qısa müddətdə tətbiq olunan prosesdir. Elə ölkələr var, əlli-altmış il, bəziləri yüz il bu prosesi tətbiq etdikdən sonra indiki inkişaf etmiş səhiyyə modelini əldə ediblər. Əgər 2022-ci ili bütün ölkə üzrə start kimi götürsək, bizim islahatlarımızın müddəti çox da uzun deyil. Səhiyyə islahatları son on illikdə uğur qazanmaqdadır. Biz bu uğurların qarşıda şahidi olacağıq. Xüsusilə, qiymətlərin, xəstəxana infrastrukturunun buna uyğun olması proseslərdə qazanılan uğurların əsasıdır. Xarici ölkələrdə və ölkəmizdə yetişmiş mütəxəssislərimizin reklamları çoxaldıqca, onlara dünya səhiyyə strukturlarında kifayət qədər tanıdıldıqdan sonra qısa zamanda daha fərqli uğurların da şahidi olacağıq. Qeyd edim ki, damar və plastik cərrahiyyə, invaziv kardiologiya, kardioloji müdaxilələr və bir sıra orqan transplantasiyasında sürətlə uğurlar qazanılarsa, daha da xarici turistlərin sayının artımını görəcəyik”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 4 Noyabr 2025, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin