BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı: “Azərbaycandakı partiyalardan yeddisinin beş min üzv verə biləcək potensialı var”

“Siyasi partiyalarda 5 min üzv tələbi var. Məncə, bu, normaldır. Bir qurum, təşkilat özünü siyasi partiya hesab edirsə, ən azından öz ideyası ətrafında üç-beş min adamı toplaya bilməlidir. Hazırda Azərbaycanda 26 siyasi partiya var. Şəxsi fikrim budur ki, 26 partiyadan ən yaxşı halda altısının, ya da yeddisinin beş min üzv verə biləcək potensialı var. Bildiyimiz və görünən budur. Düzdür, 26 partiya qeydiyyatdan keçib. Bunlar necə keçiblər, siyashını harada və necə təqdim ediblər, həmin siyahılar necə yoxlanılıb, qəbul olunub, bunu aidiyyəti qurumlardan öyrənmək olar. Siyasi reallığı isə aşağı-yuxarı hər kəs bilir. Beş min üzv varsa, deməli, hər rayonda ən azından əlli-yetmiş arası üzvün olmalıdır. Bu isə say baxımından aktivliyə kifayətdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

O bildirib ki, siyasi aktivlik heç də hər zaman partiyaların sayından deyil, siyasi mühitdən asılıdır: “Siyasi aktivliyin olması üçün siyasi fəaliyyətə lazım olan mühitin formalaşması, qanunvericilik bazasının normal olması lazımdır. İqtidar müxalifətin fəaliyyətinə məhdudiyyətlər tətbiq etməməlidir. Media müxalifətə açıq olmalıdır. Siyasi aktivlik heç də partiyaların üzvlərinin sayından asılı deyil. Məsələn, 750 mindən artıq üzvü olduğunu bildirən Yeni Azərbaycan Partiyasının (YAP) aktivliyini hansı sahələrdə görürsünüz? Mən bir partiya rəhbəri olaraq YAP-nin xüsusi aktivliyini, yaxud 750 minlik aktivliyini görmürəm. Əminəm ki, cəmiyyət də görmür. İqtidardırlar, amma iqtidarda, dövlət idarəçiliyində belə YAP-ın rolu minimaldır. Hətta nazirlər belə YAP-nin üzvü deyillər. Yəni üzv sayı siyasi aktivliyi təmin edən faktor deyil. Bunu təmin etmək üçün siyasi mühit formalaşdırılmalıdır. Bu mühiti isə iqtidar formalaşdırır. Siyasi aktivlik yoxdursa, o deməkdir ki, iqtidar üçün siyasi aktivlik maraqlı deyil, sərf eləmir. Buna görə də siyasi aktivliyin qarşısının alınması üçün addımlar atılır”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Noyabr 2025, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin