BURADA REKLAMINIZ OLA
BİLƏR

Vergi dərəcəsinin endirilməsi kirayə mənzil bazarına necə təsir edəcək?

Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri 2026-cı ildən fiziki şəxslərin kirayədən əldə etdikləri gəlirlərdən tutulan vergi dərəcəsinin azaldılmasıdır.

 

Pravda.az xəbər verir ki, Azərbaycanda 2026-cı ildən fiziki şəxslər üçün kirayə haqları üzrə gəlir vergisinin dərəcəsi 14 faizdən 10 faizə endiriləcəyi gözlənilir. Gözlənilən dəyişiklik fiziki şəxslərin vergi yükünün azaldılması, eləcə də kirayə bazarının stimullaşdırılması məqsədini daşıyır.

 

Deputat Vüqar Bayramov kirayə vergisinin azaldılmasını müsbət hal kimi dəyərləndirib: “Bununla belə, kirayə müqavilələrinin rəsmiləşdirilməsinin genişləndirilməsi üçün vergi dərəcələrinin daha çox endirilməsinə ehtiyac var”.

 

V.Bayramov aparılan müşahidələrin bu mənbədən büdcəyə daxil olan ödəmələrin yüksək olmadığını göstərdiyini qeyd edib: “Moskva şəhərində fiziki şəxslər kirayədən əldə etdiyi gəlirdən cəmi 4 faiz vergi ödəyirlər. Hüququ şəxslər üçün isə vergi dərəcəsi 6 faizdir. Əgər 14 milyon sakini olan Moskva şəhərində vergi dərəcəsi 4 faizdirsə, deməli, Bakıda 10 faizlik dərəcə kifayət qədər yüksək hesab edilə bilər. Qonşu Gürcüstanda kirayə vergisi 5 faizdir. Avstriyada aylıq kirayə gəlirinin 1500 avrodan az olduğu halda 5.76 faiz vergi tətbiq olunur.  Kirayə vergisi dərəcəsinin azaldılması təqdir olunsa da, daha aşağı dərəcələrin tətbiqi məqsədəuyğundur. Bu baxımdan, təqdim etdiyim təkliflərdən biri də kirayə vergisinin14 faizdən 5 faizə endirilməsi ilə bağlı idi. Belə dəyişiklik fiskal gəlirlərimizə neqativ təsir göstərməz, əksinə sözügedən mənbənin daha da rəsmiləşməsi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olardı”.

 

Mövzuyla bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, yeni dəyişiklikdən sonra Vergilər Məcəlləsində kirayə vergisinin icarə vergisindən ayrılması, fiziki şəxslər arasında əmlakın, mənzilin kirayə verilməsi ilə əlaqədar məqamların məcəllədə dəqiqləşdirilməsi, həm də vergi yükünün azalması prosesi baş verəcək: “Hazırda kirayə və icarə anlayışları mövcud 2025-ci ildə qüvvədə olan məcəllədə  eyniləşdirilib. Həm kirayədən, həm icarədən 14 faiz vergi tutulur. Dəyişikliklər təsdiq olunarsa 2026-cı il yanvarın 1-dən etibarən icarə anlayışı kirayə anlayışından fərqləndiriləcək. Fiziki şəxslər arasında mənzillərin kirayə verilməsi ilə əlaqədar münasibətlərdə vergi yükü azalacaq”.

 

X.Kərimli gözlənilən dəyişiklikdə hökumətin əsas məqsədinin insanların vergi yükünün, fiziki şəxslər arasında yayılmış vergidən yayınma hallarının azaldılması olduğunu qeyd edib: “Vergi verməmək üçün  öz aralarında fiziki şəxslər qeyri formal münasibət yaradaraq rəsmiləşdirmədən, vergiyə bəyan etmədən kirayə müqaviləsi bağlayırdılar. Bununla burada nəzarət artırılacaq həm də kirayə verənlə kirayə alan arasındakı vergi yükü əhəmiyyətli dərəcədə azalacaq. Məqsəd kirayə müqavilələrinin rəsmiləşdirilməsi və şəffaflaşdırılması, vergidən yayınma hallarının aşağı salınması, eyni zamanda kirayə ödənişində burada ödəmə mənbəyini müəyyənləşdirməklə nəzarəti gücləndirməkdir. Kirayə bazarında şəffaflığı artıracaq addımdır. Əhalinin vergi məcəlləsinə daha yaxşı riayət etməsi üçün iqtisadi stimulların yaradılmasıdır. Bu dəyişiklik daşınmaz əmlak bazarında gəlirlərin reqallaşmasına gətirib çıxaracaq”.

 

Ekspert vətəndaşların artıq kirayə mənzillərdən qazandıqları gəlirlərini rəsmi gəlir kimi göstərə biləcəklərini vurğulayıb: “Bu onların gəlirlərinin sonrakı istifadəsində yaranan problemlərin aradan qaldırılmasına gətirib çıxaracaq. Həm də maliyyə imkanlarının daha yaxşı görünməsi  və onların maliyyə sahəsində üstün mövqeyə gətirəcək. Çünki gəliri olsa da, mənbəni elan etmədiyinə görə, qazancı hökumət tanımır və sonradan  qazancların kapital qoyuluşu, banklara  yerləşdirilməsi zamanı problemə çevrilir”.

 

Bəs ediləcək dəyişiklik kirayə bazarına necə təsir edəcək?

 

Sualı cavablandıran iqtisadçı dəyişikliyin hazırki qiymətlərə həlledici təsir etməyəcəyini düşündüyünü bildirib: “Şəffaflaşmadan sonra artıq verginin bazara təsiri haqda danışmaq olar. Çünki 2026-cı il şəffaflaşmağa start veriləcəyi üçün  bir çox kirayə verənlər vergidən yayındığına görə, faktik olaraq  bu ya əmlak bazarında kirayə qiymətlərinin bahalaşması hesabına kompensasiya ola bilər ya da kirayə verənlərin gəlirlərinin azalması hesabına baş verə bilər. Bu asılı olacaq kirayə bazarında formalaşan tələb təkliflə bağlı məsələlərə. Hazırda kirayədən gələn gəlirin, ümumi kirayə bazarının neçə faizini təşkil etdiyinə dair rəsmi məlumatların olmaması, bu atılacaq addımın da bu  bazara necə təsir edəcəyinə dair proqnozların olmadığına görə, kirayə vergisinin optimallaşmasının bazara təsiri haqqında danışmaq bir qədər tezdir”.

 

Ev kirayəsi ilə məşğul olan Xəyalə Əliyevanın sözlərinə görə, hazırda kirayə verənlə kirayədə qalmaq istəyən şəxlər arasında ötən illərlə müqayisədə daha çox müqavilə imzalanaraq rəsmiləşdirilir: “Kirayə bazarında bir çox ev sahibləri çalışırlar ki, evlərini müqavilə ilə versinlər. Çünki müqaviləsiz verdikləri zaman ev əşyalarında oğurluq hallarının çox şahidi olmuşuq. Bununla yanaşı depozitsiz ev verilmək halları da azalıb. Depozitsiz ev kirayə verilən zaman orada qırılan əşyalar və ya digər pozuntular ev sahibinə zərər verir. Bəzən məsələn, 300 manatlıq evə 200 manat depozit qoyulur. Düzdür, bəzən bu kirayədə qalan şəxsin cibinə uyğun gəlmir. Qiymət aşağı büdcəli təbəqə üçün çox yüksək olur və buna etiraz edirlər. Rəsmi müqavilənin bağlanılması daha etibarlıdır. Bu zaman evin hər əşyası qeyd edilir və bu hər iki tərəfdə məsuliyyət hissi yaradır”.

 

Bəzən kirayə müqaviləsi rəsmi formada olmur və  bu zaman vergi orqanlarına məlumat verilmir.

 

Bəs kirayə müqaviləsi bağlayan şəxslər vergi orqanlarına məlumat vermədiyi halda onları hansı cəza tətbiqi gözləyir?

 

Bununla bağlı açıqlama verən Vəkillər Kollegiyasının üzvü vəkil Abbas Quliyevin sözlərinə görə, kirayə müqaviləsi bağlanarkən vergi orqanlarına hansısa formada müraciət edilməsi ilə bağlı konkret qayda nəzərdə tutulmayıb: “Notarius kirayə müqavilələrini vergiyə göndərmir. Kirayə müqaviləsi bağlanarkən vöen tələb etmir. Vergi Məcəlləsində qeyd olunur ki, gəlirin əldə olunduğu ana qədər fiziki şəxs fərdi sahibkar kimi qeydiyyata durmalıdır, kirayə gəliri qeyri sahibkarlıqdan gələn gəlir kimi nəzərdə tutulur və qeydiyyatsız fəaliyyətə görə 40 manat sanksiya tətbiq edilə bilər. Gələn ildən bu məbləğ 200 manat olacaq. Əlavə əldə edilmiş gəlirə görə də qanunsuz sahibkarlıq maddəsi ilə cərimə tətbiq edilə bilər. Sadəcə, kirayə müqaviləsinə nəzarət mexanizmi olmadığına görə, belə bir tətbiqetmə yoxdur”.

 

Şəhanə Quliyeva

Tarix: 19 Noyabr 2025, 09:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin