BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq: “Əxlaqi dəyərlərlə uzlaşmayan obrazların nümayişi yolverilməzdir”

Son dövrlərdə ictimai tədbirlərdə və sosial mediada həddindən artıq şişirdilmiş, qeyri-real və bəzən də əxlaqi dəyərlərlə uzlaşmayan obrazların nümayişi artmaqdadır. “Şamplena qızları” ifadəsi müxtəlif kontekstlərdə istifadə olunur. Əvvəllər qapalı məclislər üçün sifariş edilən obrazlar, hazırda “Əyləncə” adı altında uşaq tədbirləri üçün də sifariş edilərək əxlaqa zidd hərəkətlər nümayiş etdirilir. “Şamplena” sözü, həmçinin hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat zamanı “cinayətkarlar” və ya “qanun pozanlar” üçün istifadə olunur. Bu ad altında gələn personajlar rəqs edir, insanları əyləndirir bir çox zaman isə mentalitetə zidd hərəkətlərlə özlərini göstərirlər.

 

Personaj, animator sifarişi ilə məşğul olan qrup rəhbərlərinin Pravda.az-a verdiyi açıqlamalar isə fərqli idi. Bəziləri belə personajların qısamüddətli dəbdə olacağını bildirərək səbəbini gərgin həyat tərzində gördüklərini dedilər: “Belə şamplena qızlarını daha çox müəyyən təbəqə sifariş verir. Uşaq ad günlərinə də çağırılır. Onlar ürəkdən necə gəlirsə, elə rəqs edirlər. Məqsəd gərgin həyat tərzində insanların üzlərini güldürməkdir. Ciddi bir şey deyil”.

 

Bir sıra qrup rəhbərləri isə belə personajları sərt tənqid edərək, əxlaqa zidd olduğunu və belə “Şamplena” obrazlarından istifadə etmədiklərini bildiriblər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən psixoloq Zeynəb Əyyubova bu tip performanslara marağın əsas psixoloji səbəbinin insanların sensasiya, yenilik və emosional stimullaşdırma axtarışında olduğunu bildirib:

Məktəblərdə psixoloq sayının artırılmasına ehtiyac var — AÇIQLAMALAR

“Qeyri-adi kostyumlar, iri fiqurlar və sərhədsiz səhnə davranışları tamaşaçıda diqqət oyadır və bir növ “reallıqdan qaçış” rolunu oynayır. Belə obrazların uşaqlar və yeniyetmələr tərəfindən izlənməsi psixoloji və davranış aspektlərindən müəyyən risklər yarada bilər. Uşaqlarda sinir sisteminin yüklənməsinə səbəb olur, bu isə narahatlıq, yuxu pozuntuları və davranış dəyişiklikləri ilə müşahidə oluna bilər. Kiçik yaşlı uşaqlar reallıq və fantaziya sərhədlərini tam ayırd edə bilmədikləri üçün bu cür obrazlar onlarda çaşqınlıq və qorxu yaradaraq şüuraltında neqativ iz buraxa bilər. Digər mühüm məsələ əxlaqi məzmunla bağlıdır. Nümayiş olunan obraz normativ davranışlara zidd, aşırı cəsarətli, sərbəst və ya provokativ mesajlar daşıyırsa, uşaq bunu “normal” və təqlid olunası bir davranış kimi qəbul edə bilər. Uşaqlar gördükləri davranışları modelləşdirirlər, buna görə də dəyərlərlə uzlaşmayan obrazlar onların davranış standartlarını müvəqqəti də olsa dəyişdirə bilər. Nəticədə uşağın beynində sosial norma ilə real olmayan, həddindən artıq teatrlaşdırılmış davranış arasında qarışıqlıq yaranır. Şüuraltı səviyyədə isə bu cür performanslar uşağa dünyanı “ən çox diqqət çəkənin daha dəyərli olduğu” kimi yanlış mesaj ötürə bilər. Bu da gələcəkdə diqqət qazanmaq üçün normadan kənar davranışlara meyil yaratma riski daşıyır. Xüsusilə formalaşma dövründə olan yeniyetmələr üçün vizual təsirlər emosional identifikasiya prosesinə güclü təsir göstərir və onların özünə baxışını dəyişə bilər”.

 

Valideynlərin rolundan danışan Əyyubova əxlaqi sərhədlərin nədən ibarət olduğunun uşaqlara aydın şəkildə göstərməyin mühüm olduğunu, uşağın emosional reaksiyasının dinlənilməli və ona təhlükəsizlik hissinin ötürülməsinin vacibliyini diqqətə çatdırıb: “Bu cür obrazlar böyüklər üçün əyləncə sayılsa da, uşaqlar və yeniyetmələr üçün həm psixoloji yüklənmə, həm də əxlaqi dəyərlərin qarışması baxımından risk daşıya bilər. Doza, yaş uyğunluğu və valideyn nəzarəti bu riskləri azaltmaq üçün əsas amillərdir”.

 

Şəhanə Quliyeva

Tarix: 21 Noyabr 2025, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin