BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə dələduzluq və hədə-qorxu ilə pul tələb edən şəxslə bağlı qərarı açıqladı

Gəncə Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə ittiham edilən F.F.-in (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, F.F. (adı, soyadı şərtidir) tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə həm ayrı-ayrı epizodlar üzrə, həm də bir epizodda qabaqcadan əlbir olduğu şəxslə birlikdə dələduzluq və hədə-qorxu ilə tələb etmə hərəkətləri törətməkdə ittiham olunur.

Belə ki, təqsirləndirilən şəxs, tanışı olan qadınla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah məqsədi ilə zərərçəkmiş Z.Z.-nin etibarından sui-istifadə edib. O, 30 sentyabr 2021-ci il tarixdə zərərçəkmiş şəxsin Şəmkir şəhərində yerləşən və mərhum atasının adına rəsmiləşdirilmiş ünvandakı fərdi yaşayış evini almaqda köməklik göstərəcəyinə dair yalandan vəd verib. F.F. bu yalan vədlərlə zərərçəkmişi aldadaraq həmin gün Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən evlərin alqı-satqısı ofisində ondan 44 000 manat məbləğində pulu ələ keçirib, nəticədə Z.Z-yə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törədib.

Təqsirləndirilən şəxs bundan sonra da tamah niyyəti ilə cinayət fəaliyyətini davam etdirərək 19 mart 2022-ci il tarixdə, saat 16:30 radələrində Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində zərərçəkmiş S.S-dən (adı, soyadı şərtidir) qanunsuz olaraq pul tələb edib.

Belə ki, o, Şəmkir rayon sakini olan S.S-ə bir neçə il əvvəl istintaqla şəxsiyyəti müəyyən edilməmiş Asif adlı şəxsə yaranmış 980 manat borcun ona verilməli olduğunu bildirib. Daha sonra F.F. həmin zərərçəkmiş şəxsin idarə etdiyi “VAZ-21011” markalı avtomobilin ön sərnişin oturacağında əyləşərək ondan pulu tələb edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 3 ay müddətə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Tarix: 25 Noyabr 2025, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin