BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “Yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozan şəxslər çox ciddi cərimə olunsunlar”

“Yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozan şəxslər çox ciddi cərimə olunsunlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli son günlər ölkə ərazisində baş verən yanğın hadisələri barədə danışarkən deyib.

 

“Bakıda baş verən son yanğın hadisəsi ilə açıqlama verildi ki, binanın yaxınlığından keçən qaz xətlərində sızma nəticəsində partlayış olub. Əslində, bu məsələdə qaz kəmərlərinə cavabdeh şəxslər daha çox məsuliyyət daşıyırlar. Bütövlükdə isə, ölkəmizdə tez-tez yanğınlar baş verir və əhali çox narahatdır. Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Dövlət Yanğın Nəzarəti Xidmətinin də işində də nöqsanlar ola bilər. Amma bir məsələni də qeyd edim ki, iki il əvvəl Qalaaltı Sanatoriyasında olarkən yanğın baş vermişdi. Mən də gecə sahəni tərk etmədim. Yanğınsöndürənlərin fədakarlıqlarını görəndən sonra onlara böyük rəğbətim yarandı. Bilirsiniz ki, bütün dünyada əvvəllər ən humanist peşə həkim peşəsi idi. Sonradan birmənalı şəkildə yanğınsöndürənlərin peşəsi humanist peşə hesab olundu. Bu baxımdan hesab edirəm ki, yanğınsöndürənlər fədakarlıq edirlər. Hər halda məsuliyyəti artırmaq, ciddi şəkildə yoxlamalar aparmaq, yanğın təhlükəsi ilə bağlı məlumatlar daxil olanda dərhal nəzarətə götürüb yoxlamaq lazımdır. İctimaiyyətimizdə də bir az günah var ki, məlumatları vaxtında çatdırmırlar. Dəmir boru yerinə rezin boru qaz xətlərindən, icazə verilməyən sobalardan istifadə edirlər. Əlbəttə, inanıram ki, Fövqəladə Hallar Nazirliyi bu sahədə səyini artıracaq, yanğın təhlükəsizliyi üzrə yoxlamaları ciddiləşdirəcək. Başqa sahələrdə cərimələrin artırılmasının tərəfdarı deyiləm. Amma istərdim ki, bu sahədə qaydaları pozan şəxslər çox ciddi cərimə olunsunlar, məsuliyyətə cəlb edilsinlər. Çünki bu, təkcə bir nəfərin, bir ailənin, yaxud müəssisənin taleyi deyil. Bütün ölkənin, əhalinin taleyi müəyyən olunur”, - T.Kərimli deyib.

 

Aytəkin Qardaşova

Tarix: 25 Noyabr 2025, 10:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin