BURADA REKLAMINIZ OLA
BİLƏR

Saatlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Zöhrab Nəbiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 5 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, Zöhrab Nəbiyev Saatlı Rayon İcra Hakimiyyəti başçısının 2020-ci il tarixli əmri ilə Saatlı rayon Orta Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib, 2025-ci il tarixədək həmin vəzifədə işləyib. O, çalışdığı müddətdə səlahiyyət və öhdəliklərini pozaraq öz qulluq mövqeyindən şəxsi mənafe üçün istifadə etməklə bir sıra korrupsiya xarakterli cinayətlər törədib.


Təqsirləndirilən şəxs 2023‑cü ilin oktyabr ayında Orta Muğan kənd sakinini nümayəndəlikdə 1 ştat vahidi üzrə xadimə vəzifəsinə işə qəbul edəcəyi barədə vəd verərək öz xidməti otağında ondan 2000 manat məbləğində rüşvət tələb edib. Razılaşdırılmış qaydada həmin şəxsdən ümumilikdə 2000 manat rüşvəti şəxsən alıb. O, bunun müqabilində 07 avqust 2024-cü il tarixli, 14 saylı əmrlə onu həmin vəzifəyə təyin edib.


Zöhrab Nəbiyev həmin şəxsin işə başladığı tarixdən sonra işə gəlməməsi barədə ona göstəriş verib, lakin əməkhaqqısının hesablanıb ödənilməsi üçün 2024‑cü ilin avqust, sentyabr, oktyabr və dekabr aylarına aid əməkhaqqı cədvəllərini saxta qaydada imzalayaraq möhürlə təsdiq edib. Nəticədə sözügedən sakinin bank kartına ümumilikdə 1371,65 manat dövlət vəsaitinin köçürülməsini təmin edib. Bu yolla ona etibar edilmiş büdcə vəsaitləri qulluq mövqeyindən istifadə edilməklə israf etmə yolu ilə talanıb.


Təqsirləndirilən şəxs 2024‑cü ilin oktyabr ayında digər şəxsi nümayəndəlikdə xadimə vəzifəsinə bərpa edəcəyinə inandıraraq onun etibarından sui-istifadə edib və xidməti otağında 800 manat pulu aldatma yolu ilə ələ keçirib. Daha sonra həmin şəxsin guya işə qəbul olunması görüntüsü yaratmaq üçün 01 noyabr 2024‑cü il tarixli əmrdə bilə‑bilə yalan məlumatlar daxil edib. Əmri də öz imzası və nümayəndəliyin möhürü ilə təsdiq edib.


Beləliklə, Zöhrab Nəbiyev həm dələduzluq edib, həm də vəzifə saxtakarlığına yol verib.


Bundan başqa, təqsirləndirilən şəxs Sabirabad rayonu Çöl Dəllək kənd sakinləri - zərərçəkmiş şəxs M.M. və N.N.-i (ad və soyadları şərtidir) Fövqəladə Hallar Nazirliyində (FHN) işə qəbul olmaq istəklərindən istifadə edərək onları aldadıb, tutduğu vəzifənin imkanlarından sui‑istifadə etməklə FHN‑in xidmətində yanğınsöndürən və sürücü vəzifələrinə qəbul etdirəcəyinə dair yalan vədlər verib. Bu məqsədlə zərərçəkmiş şəxslərin hər birinə 13 800 manat, ümumilikdə 27 600 manat məbləğində pulu xidməti otağında qəbul edib və şəxsi məqsədləri üçün ələ keçirib.


Kamal Məmmədov 


Tarix: 26 Noyabr 2025, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin