BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyev: “Bu, enerji müstəqilliyini artırır və beynəlxalq qaz bazarındakı dalğalanmalardan asılılığı azaldır”

“2022-ci il məlumatlarına görə, yaşayış sektoru 4 milyard kubmetr, kommersiya və sənaye sektoru isə 0,5 milyard kubmetr təbii qaz istehlak edib. Bu, ümumilikdə təxminən 10 milyon ton CO₂ ekvivalenti tullantıya səbəb olub və binaları, ölkədə tullantıların 14 faizi ilə ikinci ən böyük mənbəyə çevirib”.

 

Bu sözləri Pravda.az-a deputat Naqif Həmzəyev Azərbaycanın 2035-ci ilə qədər təbii qazla işləyən avadanlıqların elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz edilməsinə dair layihəyə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, elektrikə keçid, xüsusilə bərpa olunan enerji mənbələrindən istifadə, bu rəqəmi əhəmiyyətli dərəcədə azaldacaq: “Bu, Azərbaycanın Paris İqlim Sazişi çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün kritik addımdır. İstilik nasoslarının ən böyük üstünlüyü onların yüksək enerji səmərəliliyidir. Qaz qazanları istehlak etdikləri enerjinin böyük hissəsini itirdiyi halda, istilik nasosları eyni istilik miqdarını təmin etmək üçün üç dəfə az enerji sərf edir. Bu prinsipal fərq uzunmüddətli perspektivdə böyük qənaəti təmin edir. Azərbaycan qaz istehsalçısı olsa da, elektrikə keçid ölkəyə öz bərpa olunan enerji potensialından, günəş və külək enerjisindən istifadə etmək imkanı verir. Bu, enerji müstəqilliyini artırır və beynəlxalq qaz bazarındakı dalğalanmalardan asılılığı azaldır”.

 

N.Həmzəyev onu da bildirib ki, qaz yandırılması zamanı atmosferə karbon dioksidlə yanaşı, azot oksidləri və digər zərərli maddələr də buraxılır: “Elektrik enerjisindən istifadə, xüsusilə yaşayış məntəqələrində, hava keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”.

 

O vurğulayıb ki, bu hələlik, sadəcə,  layihədir, baş tutarsa vətəndaşların xərclərinə də müsbət təsir göstərəcək.

 

Qeyd edək ki, Azərbaycan 2035-ci ilə qədər binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edərək onları bərpa olunan elektrik enerjisi (BOEM) ilə işləyən sistemlərlə əvəz etməyi planlaşdırır.

 

Şəhanə Quliyeva

Tarix: 26 Noyabr 2025, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin