BURADA REKLAMINIZ OLA
BİLƏR

Marketdə lotereya alan şəxsə əvvəlcə irad bildirdi, sonra döydü

Hacıqabul Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Pənah Kərimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Orxan Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, Pənah Kərimov 2025-ci ilin oktyabr ayında, saat 23 radələrində Hacıqabul rayonunda tanışı olan zərərçəkmiş Qalib Nəbiyevlə (adı, soyadı şərtidir) şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ona qəsdən xəsarət yetirib. Hadisə zamanı zərərçəkmiş şəxsin sol gözaltı və almacıq nahiyəsinin yuxarı hissəsində qançırlar, üst dodağın iç səthində isə əzilmiş-cırılmış yaralar aşkarlanıb.


Təqsirləndirilən şəxs məhkəmədə verdiyi izahatında zərərçəkmişi tanıdığını və onunla hər hansı düşmənçiliyi olmadığını bildirib. O, 28 oktyabr 2025-ci il tarixində Hacıqabul şəhərindəki marketdə tanışı Qaliblə qarşılaşdığını, sonuncunun lotereya oynayaraq pul qazanmasını gördüyünü deyib. Pənah ikinci dəfə lotereya almasına etiraz etdiyini, bu zaman spirtli içki təsiri altında olan Qalib onu təhqir etdiyini, bunun əsəbləşməsinə səbəb olduğunu qeyd edib. O, yaranmış gərginlik fonunda Qalibin sifət nahiyəsinə başı ilə zərbə endirdiyini, zərbədən sonra zərərçəkmişin yerə yıxıldığını bildirib.


Hadisə yerində digər şəxslərin olmadığı, mübahisənin 2-3 dəqiqə davam etdiyi qeyd olunub. Təqsirləndirilən şəxs məhkəməyə bildirib ki, hadisədən sonra zərərçəkmişlə barışıb, vurulan zərəri tam şəkildə ödəyib və iş üzrə icraata xitam verilməsini xahiş edib.


Kamal Məmmədov 

Tarix: 1 Dekabr 2025, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin