BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mərkəzi Univermaq”dan satmaq adı ilə aldığı qızılları mənimsəyərək lombarda qoydu - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Zəranə Həmidovanın (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Zəranə Həmidova müxtəlif tarixlərdə zərərçəkmiş şəxslərə məxsus qızıl-zinət əşyalarını satmaq adı ilə etibar əsasında qəbul edib, lakin bu əşyaları satışa yönəltmək əvəzinə talamaq və şəxsi istifadəsinə sərf etmək yolu ilə mənimsəyib.


Belə ki, təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında “Mərkəzi Univermaq” ticarət mərkəzində zərərçəkmiş H.H.-yə (adı, soyadı şərtidir) məxsus ümumilikdə 79 462,5 manat dəyərində müxtəlif əyarlı qızıl-zinət əşyalarını satmaq adı ilə təhvil alıb. Daha sonra həmin qızılları 2023-cü il mayın 12-də bir lombarda, iyunun 12-də isə digər bank filialına girov qoyaraq pul alıb və əldə etdiyi vəsaiti şəxsi məqsədlərinə sərf edib.


İstintaq həmçinin müəyyən edib ki, Zəranə bu əməli təkrarən digər şəxslərə qarşı da həyata keçirib. O, 07 yanvar 2023-cü ildə zərərçəkmiş C.C. (adı, soyadı şərtidir) tərəfindən ona etibar edilən ümumilikdə 10 377,3 manat dəyərində qızıl-zinət əşyalarını satış adı ilə alıb, daha sonra həmin əşyaları yenidən lombard və bank filialına girov qoyaraq mənimsəyib. 2023-cü ilin aprel ayında isə zərərçəkmiş T.T. tərəfindən ona etibar edilən ümumilikdə 13 147,7 manat dəyərində qızıl-zinət əşyalarını eyni üsulla təhvil alıb, lakin satmaq əvəzinə girov qoyaraq əldə etdiyi vəsaiti şəxsi ehtiyaclarına yönəldib.


İstintaqın gəldiyi nəticəyə görə, təqsirləndirilən şəxs ümumilikdə üç zərərçəkmişə məxsus 103 min manatdan artıq dəyərdə qızıl-zinət əşyalarını mənimsəyərək külli və xeyli miqdarda ziyan vurub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 2 Dekabr 2025, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin