BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “İmzamıza hörmət edirik, ona görə də “tələb” etmirik, çünki tələbimiz yerinə yetməyəcək, məcbur etmək üçün isə alətimiz yoxdur”

İki gündür, kiçik bir qrup sosial şəbəkələrdə mənə ünvanladıqları irad var ki, niyə biz, REAL Partiyası, şəxsən mən Əli Kərimlinin həbsi ilə bağlı kəskin bəyanat vermirik – halbuki, son 2 gündə bu məsələyə aid çox aydın iki yazım olub. Həmin dəstə onu da yazır ki, mən və ya digər REAL-çılar həbs olunanda Əli Kərimli bizi müdafiə edib. Birincisi, sağ olsun ki, edib, ikincisi, şəxsən mən insanları yox, prinsipləri, dəyərləri müdafiə etməyi daha doğru sayıram, hətta bəyənmədiyim birinin belə hüquqlarını prinsiplərimə görə müdafiə edirəm. Bu anlamda da məhkəmə qərarı, əlaqədar orqanların daşdan keçən sübutları olmadan, Kərimli təqsirsizlik prezumpsiyasına uyğun olaraq, açılan cinayət işində şübhəli şəxsdir, təqsiri sübuta yetirilməyib. Kərimlinin hakimiyyətlə, Mehdiyevlə əlaqələrinin olması siyasi mülahizədir, bu haqda illərdir danışılıb, onlarla məqalə, müsahibə, şahidlərin xatirələri, yəni, ehtimallar və siyasi analizlər var. Hakimiyyətin borcu isə siyasi qiymət yox, hüquqi qiymət verməkdir. Hüquqi qiymət isə ancaq dəlillərlə, sübutlarla ola bilər.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri Natiq Cəfərli bildirib.

 

O qeyd edib ki, köhnə müxalifət təmsilçiləri inciməsinlər, amma “bəyanat, tələb” kimi ciddi siyasi terminləri gözdən salıblar: “Məsələn, köklü, hörmətə layiq partiyalardan biri bəyanat qəbul edib və ilk cümləsi belədir: “Əli Kərimlinin azadlığa buraxılmasını tələb edirik”. Bizim müxalifətin tələbi hakimiyyətin vecinə də deyil, amma ciddi siyasi ardıcıllıq budur ki, tələb edirsən, tələb yerinə yetirilməyəndə, hansısa əməli addım atırsan. O addım yoxdursa, tələbin nə anlamı var?! İllərdir də məhz belədir, “filan şeyi, filankəsin azad olunmasını tələb edirik”, kimi bəyanatlar verirlər, amma bəyanat heç bir dəyəri olmayan kağız parçasına çevrilir. Biz imzamıza hörmət edirik, ona görə də “tələb” etmirik, çünki tələbimiz yerinə yetməyəcək, bu tələbi yerinə yetirməyə məcbur etmək üçün isə alətimiz yoxdur. Son 2 gündür bəzi iqtidar nümayəndələri AXCP və Müsavat Partiyalarının bağlanmasını tələb edən açıqlamalar verirlər. Yanlış olmaqla yanaşı, hüquqa da zidd açıqlamalardır. Çünki qanunu şəxs (şəxslər) poza bilər, onlara qarşı dəlillə-sübutla davrana bilərlər, siyasi partiya isə institutdur, şəxslərə görə cəzalandırılmamalı, bu partiyalar bağlanmamalıdır. Ona qalsa, YAP üzvləri olan onlarla korrupsionerlər, cinayət əməlləri törədənlər, məhkəmə qararları ilə günahları sübut olunanlar var, bu YAP-a ancaq siyasi məsuliyyət yaradır. Eyni qaydada, istənilən partiyada qanunları pozanlar ola bilər, bu şəxsi məsuliyyət məsələsi olduğuna görə, siyasi partiya buna görə cəzalandırıla bilməz, amma həmin partiyada siyasi məsuliyyət yükü yaradır. Ümumiyyətlə, siyasi partiyalar, cəmiyyətə plüralizm olmadıqda, Dövlətin inkişafı mümkün deyil, heç olmazsa, dağılan SSRİ-dən dərs çıxartmaq lazımdır...”

Tarix: 2 Dekabr 2025, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin