BURADA REKLAMINIZ OLA
BİLƏR

Tum qabağını atdığına görə söyüldü, evdən bıçaq götürüb həmkəndlisini öldürdü - QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən A.Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 01 oktyabr 2024-cü il tarixdə, saat 19:20 radələrində, Şəmkir rayonu, Mahmudlu kəndi, “ikinci küçə” yaxınlığında baş verib.


Belə ki, yetkinlik yaşına çatmayan, 2009-cu il təvəllüdlü A.Abbasov əvvəlki günlərdə aralarında yaranmış şəxsi münaqişəyə görə həmkəndlisi, zərərçəkmiş İlham Abdullayevə qisas almaq niyyəti ilə evdə olan bıçağı götürərək görüşə gəlib. Mübahisəyə səbəb isə aralarında olan zarafat - tumun qabağını zərərçəkmişə atması olub. Həmin vaxt İlham Abdullayev onun özünə və ailəsinə qarşı nalayiq ifadələr işlədib.


Görüş zamanı təqsirləndirilən şəxs İlham Abdullayevin söyüşündən hiddətlənərək üzərindəki bıçaqla bir dəfə döş qəfəsinin sol arxa yan səthinə zərbə vurub. Nəticədə zərərçəkmişin sol ağciyəri və ürəyi zədələnib, kəskin qanitirmə ölümünə gətirib çıxarıb.


Hadisə zamanı İlham Abdullayev yerə yıxılaraq əlavə olaraq sağ diz oynağında sıyrıq və çənəaltı nahiyəsində əzilmiş-sıyrılmış xəsarətlər alıb.


Beləliklə, təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində baş vermiş mübahisəyə görə qisas məqsədilə İlham Abdullayevi qəsdən öldürüb.


Hadisədən törətməkdə şübhəli bilinən A.Abbasov şübhəli şəxs qismində saxlanılıb.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Tarix: 3 Dekabr 2025, 08:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin