BURADA REKLAMINIZ OLA
BİLƏR

Zahid Oruc: “AXCP-nin siyasi sistemdən getməsi ictimai münasibətlərin inkişafına müsbət təsir edəcək”

“Hər hansı ölkənin siyasi idarəetmə modelinin üzərindən onu dırnaqarası simvola çevirərək hakimiyyətə, Azərbaycan dövlətinə, iqtidar sisteminə hücum etməyin heç bir güclü hüquqi və ya siyasi təsiri yoxdur. İlk növbədə bu məsələnin həm mənəvi, həm də hüquqi aspektlərinə diqqət göstərməliyik. Türkmənistan uzun on illərdir ki, Azərbaycanla yüksək münasibətlərə malikdir. Əlbəttə, müxtəlif dönəmlərdə bəzən aralıq mərhələlərdə hər hansı anlaşılmazlıqlar, yaxud məsələlərin razılaşdırılması üçün müəyyən zaman alıcı addımlar atıla bilər. Lakin bütövlükdə götürdükdə, Türkmənistan-Azərbaycan münasibətləri hər zaman uğurla inkişaf edib. Digər tərəfdən bu ölkə Azərbaycanın bütövlüyünü hər zaman tanıyıb, qələbəmizdən sonra buna açıq mövqeyini ifadə edib. O cümlədən Qurbanqulu Berdiməhəmmədov bu il Şuşaya, azad edilən torpaqlara səfər edib, yüksək görüşlərdə öz mövqeyini sərgiləyib, Azərbaycan Liderini qələbə münasibətilə təbrik edib. Beynəlxalq münasibətlər sistemi elədir ki, hüquqi baxımdan hər bir ölkə fərqli idarəçilik modellərinə malikdir, lakin onun üzərindən kimisə Amerikaya, başqa birini monarxik sistemə malik olan Britaniyaya, üçüncüləri Asiya qitəsindəki dövlətlərin idarəçilik sisteminə, dördüncüləri İrandakı ali dini rəhbərin, dini sistemin idarəçiliyinə... Müxtəlif elmi məqalələrdə, bəlkə də, müqayisəli təhlillər yerinə düşür, ancaq kimsə hesab edirsə ki, guya “Türkmənistan modeli” söyləyərkən, Azərbaycana bu cür yanaşarkən həqarət etmiş olurlar, dostlarımızı artırırlar, yaxud düşmənlərimizi sevindirirlər, əsla bu mövqeyi qəbul etmirik və 1990-cı illərdəki davranışların eynisi sayırıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

“Özbəkistan lideri İslam Kərimov 1993-cü ildən sonra Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndərin həyata keçirdiyi regional və beynəlxalq siyasəti alqışlayaraq şəxsi görüşlərinin birində demişdi ki, Azərbaycan Xalq Cəbhəsi  (AXC) hakimiyyəti nə qüvvədir? Bunların nə baxışları var? Dünya siyasətindən, beynəlxalq münasibətlərdən başları çıxırmı? Anlayırlarmı ki, bizim ölkəmizə bayraq sancmaq istəyərkən, hansısa ölkələri guya vahid bir arealda birləşdirməyə çalışarkən, meydan təfəkkürünü, düşüncələrini idarəçiliyə daşıyarkən nə qədər dövlətlərarası münasibətlərə zərbə vururlar? Xatırlayıram ki, Ulu Öndər yumor hissi ilə "Bu məsələyə çox əhəmiyyət verməyin, onlar Azərbaycana xeyli düşmənlər qazandırıb getdilər. Elə hakimiyyəti tərk etmələrinin səbəbi də bu oldu" cavabını vermişdi. İndi də bu mövqe Türkmənistanla Azərbaycanın münasibətlərinə zərbə vurmaq mövqeyidir. Azərbaycan böyük inkişaf yolu keçib. Müasir Avropa ölkəsidir, burada sivil, siyasi, iqtisadi, təhsil, sosial hüquqlar bərqərar olub. Cəmiyyətin dünyəvilikdən qaynaqlanan, uzun əsrlər boyu onun ənənələri ilə tamamilə çuğlaşan bir ictimai-siyasi formasiyanın mövcudluğundan danışa bilərik”, - o deyib.

 

Zahid Oruc xüsusi vurğulayıb ki, müxtəlif ölkələrin xalq cəbhələri bilavasitə İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı mübarizə üçün hərbi qüvvə kimi yaradılıb: “Silahlı bir dəstə, türklər demişkən, "örgüt" olub. Sovetlər birliyinə qarşı həmin model tətbiq olunub. İndi də bu, sübut olunur. Yeri gəlmişkən, əslində AXC hərəkatı ilə AXCP-nin xüsusi olaraq bir-birinə əlahiddə bağlılıqları da yoxdur. Sadəcə "p" hərfi artırılıb. Guya hərəkatdan partiyalaşmaya keçid mərhələsində qeydiyyat üçün məcburən bu addımı atdıqlarını deyirdilər. Mahiyyətcə Əbülfəz Elçibəyin adından danışsalar da, o dövr müəyyən qədər milli azadlıq ideyalarını daşıyan, daha artıq dərəcədə  Heydər Əliyevə qarşı mübarizə aparan qüvvələrdən bəhs edə bilərik. Belə olan təqdirdə, bu təşkilatın yalnız dövlət çevrilişinə cəhdlərdə, xaricdən söyüş və terror mediası nümayəndələrinin istehsalında, həbsxanalara qanunları pozaraq kütləvi düşən, həbsxana ideologiyasını beyinlərdə, zəkalarda gələcək mübarizənin idealı kimi təqdim edən qüvvədən danışırıq. Əli Kərimli bu illər ərzindəki fəaliyyətində nəinki işğal dövründə istənilən sərhəd insidentini, təmas xəttindəki konflikti dövlət hakimiyyəti orqanlarının üzərinə atırdı. Ondan sonrakı dövrdə də qələbəmizi tanımayan mövqelər göstərib. Yaxşı, deyək ki, bu adamın xarici pasportu yoxdur, ölkəni tərk edə bilmir, axı daxildə imkanı var. Bir dəfə də öz məhdud tərəfdarları ilə Ağdama getsin. Son dövrlər əslində qanına bais olduqları şəhidlərin xiyabanını ziyarət edib, bunu protest səhnəsinə döndərməyə cəhd edirdilər. Ağdama, Zəngilana, yaxud yaxın ərazilərə gedərdilər... Bir dəfə qələbəmizin liderinə, dövlətimizə, ordumuza səmimi qəlbdən dua və təşəkkürlərini bildirərdilər. Onda bu, milli qüvvə, normal müxalifət olardı. Korrupsiyanı, problemləri pisləməklə yanaşı, bu məsələlərə də yer verməklə əslində Azərbaycan xalqının maraqlarına xidmət etdiklərini göstərərdilər. Bu səbəbdən, elə partiyanın siyasi sistemdə yeni qanunvericilik aktından sonra yeri yox idi. Əslində, AXCP işğal partiyasıdır, "26 sentyabr" beyni ilə hərəkət edən qüvvədir, faktiki olaraq zəfərimizi qəbul etməyən təşkilatdır. Belə şəraitdə AXCP-nin siyasi sistemdən çıxması guya Azərbaycan üçün əlahiddə bir itki olacaq. Tam əksinə, siyasi münasibətlər sistemini normallaşdıracaq. Beynəlxalq məkana baxın. Görün harada xalq cəbhələri qalıb? Yoxdur. Sistemdən silinib gedib. İmkanları var, adı seçərək fəaliyyətlərini dəyişərək davam edərdilər. İndiki isə dövlət çevrilişi kimi ən ağır cinayətdə Azərbaycan Liderinə qarşı dönüklük və sədaqətsizlik göstərən Ramiz Mehdiyevlə birlikdə 2013-cü ildən bu yana “Milyarderlər İttifaqı” və həmin dövr Milli Şuranın bağlantılarının üzə çıxdığı bir şəraitdə istintaq proseslərinə cəlb olunurlar. Yaxşı, sual verirəm - Fransada yenə də xalq cəbhəsinin rəhbəri sivil qanunları tanıyaraq fəaliyyət apardıqlarını göstərir, amma Avropa İttifaqından gizli maliyyə bağlantıları üzə çıxdığına görə fəaliyyətləri dayandırıldı, seçkilərdə iştirakına qadağalar qoyuldu. Nəcəb bununla qlobal sistemdə Fransanın bütövlükdə mandatını əlindən almaq, sanksiyalar tətbiq etmək kimi addımlar atılmadı?”

 

Z.Oruc bildirib ki, Vətən müharibəsi elə misilsiz hadisədir: “Bununla həm də ictimai-siyasi münasibətlər sistemini tam yenidən qurmaq, 1990-cı illərdə Qarabağ dalğasında siyasi meydana gələn qüvvələrin hamısını tam yeni ideallar və hədəflər uğrunda mübarizəyə qoşmaq mümkün idi. Çünki Ali Baş Komandan İlham Əliyev o partiyaların hamısının proqramlarını həyata keçirdi. Siyasi qüvvələr nəinki nizamnamələrini, quruluşlarını, formalarını, həm də məzmunlarını kəskin dəyişməli idilər. Hanı onların qarşılarına qoyduqları əsas hədəflər? Son 30 ildə həmin qüvvələrin arxivdən bütün materiallarını qaldırıb baxsanız, görəcəksiniz ki, nə səviyyədə, nə miqyasda bu təşkilatın rəhbərlərinin Azərbaycan dövləti əleyhinə bəyanatları, çıxışları, çağırışları var. Belə olan halda, həmin arxiv materiallarını onların qarşısında hökm olaraq qoymaq lazımdır ki, ən azı mənəvi və siyasi baxımdan bu millətdən üzr istəyin. Böhtanlar atırdınız, “yox, torpaqlar azad olunmayacaq, ermənilərlə gizli iş birliyidir, hakimiyyət bunu qəsdən saxlayır...” Buna görə də Azərbaycan qəti şəkildə öz sivil yolundan, qələbədən sonrakı böyük qayıdışdan və hədəflərinə çatmaq uğrunda mübarizədən daşınmayacaq. Əksinə, AXCP kimi qüvvənin, əslində isə işğal partiyasının siyasi sistemdən getməsi və reformasiya olunması ictimai münasibətlərin inkişafına müsbət təsir edəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Dekabr 2025, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin