BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tapançalı “lotuların” göstərişi ilə 550 minə qol çəkmişəm” deyən iş adamı ilə bağlı hökm ləğv edildi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda Natiq Rzayevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya protesti və zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilib. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmü ləğv edilib. Natiq Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməyib, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınıb. Zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi tərəfindən, təqsirləndirilən şəxsə (mülki cavabdeh) qarşı 1 409,941 manat məbləğində verilmiş mülki iddia baxılmamış saxlanılıb. Zərərçəkmiş şəxs mülki iddia ilə Natiq Rzayevə qarşı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilib.


Qeyd: İstintaqla müəyyən olunub ki, Natiq Rzayev tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışlıq münasibətlərində olduğu Türkiyə Respublikasının vətəndaşı olan zərərçəkmiş Hüseyn Erenin etibarından sui-istifadə edib. O, özünü geniş biznes əlaqələrinə malik, böyük ticarət dövriyyəsi olan etibarlı şəxs kimi təqdim edərək, borc əvəzi olaraq digər şəxs tərəfindən zərərçəkmiş şəxsə verilmiş Bakı şəhərində yerləşən, “Şaiq” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 105,21 kvadrat metr sahəyə malik üçotaqlı mənzili ələ keçirməyi qarşısına məqsəd qoyub.

Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həmin vaxt Azərbaycan Respublikası hüdudlarından kənarda olmasını bəhanə edərək, ölkəyə qayıtdıqdan sonra mənzilin onun adına rəsmiləşdiriləcəyinə dair yalan vəd verib. Bununla da 09 may 2013-cü il tarixdə MTK-da yerləşən ofisində qeyd olunan mənzili öz adına sənədləşdirərək qanunsuz olaraq ələ keçirib. Daha sonra həmin daşınmaz əmlakı üçüncü şəxsə 90 000 manat məbləğində sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib. Nəticədə zərərçəkmiş şəxsə həmin dövrün məzənnəsinə əsasən 70 200 manat təşkil edən 90 000 ABŞ dolları məbləğində külli miqdarda maddi ziyan vurulub.


Bundan əlavə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs eyni cinayət niyyəti ilə təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədilə yenidən zərərçəkmiş şəxsin etibarından sui-istifadə edib. O, bu dəfə özünü guya Rusiya Federasiyasının Dağıstan Respublikasında yüksək tələbat olan başmaqların topdan satışını təşkil edən biznesmen kimi təqdim edərək, malların dəyərini qısa müddət ərzində tam ödəyəcəyinə dair yalan vədlər verib.


Müəyyən edilib ki, 2018-ci ilin yaz aylarında vahid niyyətlə əhatə olunan qəsdlə bir neçə dəfə olmaqla, sonuncu dəfə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Binə” Ticarət Mərkəzində icarə əsasında fəaliyyət göstərən mağazada zərərçəkmiş şəxsə məxsus Eren Hüseyn tərəfindən göndərilmiş ümumilikdə 788 083 ABŞ dolları dəyərində, həmin dövrün məzənnəsi ilə 1 339 741 manat təşkil edən müxtəlif növ başmaq mallarını əldə edib. Təqsirləndirilən şəxs bu malları sonradan sataraq əldə etdiyi pul vəsaitlərini tam şəkildə şəxsi ehtiyaclarına sərf edib və zərərçəkmiş şəxsə heç bir ödəniş etməyib.


Nəticədə, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda — 1 339 741 manat məbləğində maddi ziyan vurulub.


Natiq Rzayev dindirilən zaman özünü dələduzluqda təqsirli bilməyib. Deyib ki, alınan mallar hazırda Dağıstandadır. Onun sözlərinə görə, həmin məhsulların videogörüntüsü də var və həmin görüntüləri Hüseyn Erenə də göndərib.


Tərəflər arasındakı bu söhbət 2014-cü ildə başlayıb. Natiq Rzayev deyib ki, Hüseyn Erenlə məsələni həll edə bilmədiyi üçün araya kriminal aləmə yaxınlığı olan şəxslər girib. Həmin şəxslər Hüseyn Eren tərəfindən bu söhbətlərə cəlb edilib.


Natiq Rzayev ifadəsində həmin məsələləri belə danışıb: “2018-ci ildən başlayaraq özlərini “lotu” kimi təqdim edən Türkiyə vətəndaşları Orhan, Polat, azərbaycanlı Amid, Ramin adlı şəxslər zəng etdi. Həmçinin “Çeçen” ləqəbli bir nəfər də var idi. Orhan adlı şəxs “pulu ödəməsən, oğlundan əlini üz” deyirdi. Görüşlərdən birində başıma tapança dayamışdılar. Hüseyn Erenə zəng edib dedilər ki, 600 min dollar yazdıraq? Hüseyn isə “50 min telinizə qurban, 550 min dollar yazdırın” dedi.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə onun barəsində cəza təyin edilməyib və barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunub və məhkəmə iclas zalında dərhal həbsdən azad olunub.

Kamal Məmmədov 

Tarix: 16 Dekabr 2025, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin