BURADA REKLAMINIZ OLA
BİLƏR

Çindən gətirilən və lizinqlə təklif edilən kənd təsərrüfatı texnikaları ilə bağlı daha bir açıqlama: Diqqətli olmaq lazımdır

Azərbaycanda kənd təsərrüfatı texnikalarının təminatında özəl şirkətlərin lizinq mexanizmi getdikcə daha geniş yayılır. Bu şirkətlər traktorlar, taxıl və pambıqyığan kombaynlar, əkin-becərmə və suvarma avadanlıqlarını Çin, Türkiyə, Avropa ölkələri və ABŞ-dən idxal edərək fermerlərə lizinq yolu ilə təklif edirlər. Bazarda xüsusilə Çin və Türkiyə istehsalı texnikalar qiymət baxımından daha əlçatan hesab olunur. Özəl şirkətlərin lizinq fəaliyyəti kənd təsərrüfatında texnika əlçatanlığını qismən artırsa da, yaranan problemlər işləri bir o qədər çətinləşdirir. Sahibkarlar gətirilən texnikaların tez sıradan çıxdığını, detallarının tapılmamasından şikayətçidirlər.

 

Bəs xüsusilə də Çindən gətirilən bu növ texnikalar kənd təsərrüfat sahəsində nə dərəcədə istifadəyə yararlıdır?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, istənilən ölkədən gətirilən texnikanın sonradan müəyyən detallara ehtiyacı olur:

Vahid Məhərrəmli: “İnam Kərimov quzu ilə şəkil çəkdirmişdi, indiki nazir də  barama qurdunun toxumu ilə, peşəkar deyil” Pravda.az

“Bir müddət istismar etdikdən sonra detalların bir hissəsi sıradan çıxır, hətta ən yaxşı texnika belə. Bu, həm də istismar şəraiti ilə bağlıdır. Bizim şəraitə bəzi ölkələrdən gətirilən texnikalar dözmür. Azərbaycanda hələki ərazilər yaxşı texnikadan istifadə üçün hazırlanmayıb. Daş olur və ya müəyyən problemlər yaranır. Təəssüflər olsun ki, mexanizatorlar o texnikadan yaxşı istifadə etmək üçün hazırlıqlı deyillər. Bunu unutmaq olmaz. Kimlərinsə gedib hardansa texnikanı gətirib satışını həyata keçirməsi səmərəli olmayacaq və bu barədə bir neçə il öncə hökumətə təklif verilib. Bu formada texnikalar tez-tez sıradan çıxacaq. Ehtiyat hissələrinə tələb yaranacaq. Ona görə də Azərbaycanda ərazilər kiçik olduğu, kiçik sahələrə bölündüyü üçün kəndlilərə Çinin istehsal etdiyi mini texnikalar daha çox sərf edər. Çünki onlarda daha az yanacaqdan istifadə edilir və həmin texnikadan səmərəli istifadə etmək mümkündür. O şərtlə ki, həmin ölkənin istehsalçı şirkətinin Azərbaycanda nümayəndəliyi olsun. Belə halda texnika və avadanlıqlar ucuz başa gələcək, digər tərəfdən şirkət keyfiyyətə cavabdeh olacaq. Məsələn, 3 il müddətinə, ola bilsin, zəmanət verildi və şirkətin nümayəndəliyi burada olanda kəndlilər qısa müddətdə müraciət edə biləcəklər, texnika təmir ediləcək və ya çatışmayan detallar dərhal sifariş edilərək Çindən Azərbaycana gətiriləcək. Bu, mütləq nəzərə alınmalıdır. Problem yaşamaq istəmiriksə, bu formada həll etmək lazımdır. Məsələn, Rusiyadan da, Avropadan da gətirilən texnika da qısa müddətdə sıradan çıxır. Hətta Amerikadan gətirilən kombaynlar var ki, ondan səmərəli istifadə edə bilmirik. Amerikada John Deere kombaynı bir mövsümdə min hektarda pambıq yığırsa, bizdə bu göstərici 300 hektardır. Nümayəndəliyi yaratmaq olar, ona görə ki, qonşu Gürcüstan, İran da bu xidmətdən istifadə edər. Hətta Ermənistan da, bir müddətdən sonra istifadə edə bilər. Əlbəttə, çalışmaq lazımdır ki, əsaslı iş görülsün. Məsələni kökdən həll etmək üçün özəl şirkətlər deyil, məhsulu, texnikanı istehsal edən şirkətin Azərbaycanda nümayəndəliyi olmalıdır. Bu, əsaslı olacaq. Çin şirkəti özü Azərbaycanda istehsal edirmiş kimi effekt verəcək. Bu zaman detalını da tapmaq mümkün olacaq, onlar texnika istifadəçiləri ilə treninqlər də keçirəcəklər. Yəni, belə olan halda başımız ağrımayacaq. Ola bilsin, onlar hətta bizim iqlim şəraitinə uyğun texnikalar istehsal etsinlər ki, bu da əlverişli olar, məhsuldarlığa da müsbət təsir göstərər”.

 

Şəhanə Quliyeva

Tarix: 17 Dekabr 2025, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin