BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmyerlisini xoşagəlməz zarafat üstündə öldürən şəxs: “Sənin də ana-bacın var, mənim də, lazım deyil” dedim...”

Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürmə, xuliqanlıq və qanunsuz silah gəzdirmədə təqsirləndirilən Şəhriyar Bayramlının cinayət işinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.


İttihama görə, hadisə 2024-cü ilin aprel ayında Yevlax rayonunun Əkşəm kəndi ərazisində baş verib. Təqsirləndirilən şəxs gecə saatlarında rayon ərazisində yerləşən adsız kafedə həmkəndliləri ilə birlikdə spirtli içki qəbul edib. Bir müddət sonra kənd sakini olan zərərçəkmiş Musa Orucov onların əyləşdiyi masaya yaxınlaşaraq onlarla birlikdə içki qəbul etmək istədiyini bildirib. Şəhriyar Bayramlı isə masada olan içkinin içilərək kafenin tərk ediləcəyini deyib.


Məhkəmə istintaqı ilə müəyyən edilib ki, kafedən çıxarkən tərəflər arasında heç bir əsaslı səbəb olmadan mübahisə yaranıb. Təqsirləndirilən şəxs onun şəxsiyyəti ilə bağlı xoşagəlməz zarafat edib, ünvanına nalayiq ifadələr işlədib. Musa isə buna təhqirlə cavab verib. Nəticədə mübahisə kafenin həyətində davam edib və Şəhriyar Musanı yumruqla vuraraq ictimai qaydanı kobud şəkildə pozub. Kənar şəxslərin müdaxiləsindən sonra təqsirləndirilən şəxs ərazini tərk edərək tanışının avtomobili ilə yaşadığı evə gedib.


İstintaq materiallarında göstərilir ki, Şəhriyar zərərçəkmişin ona cavab qaytarmasını qəbul etməyərək bunu bəhanə edib və xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə yaşadığı evdə saxladığı, soyuq silah hesab edilən ov bıçağını üzərində gizlədərək müxtəlif şəxslərin avtomobilləri ilə kənd ərazisində hərəkət edib.


07 aprel 2024-cü il tarixdə, saat 01 radələrində təqsirləndirilən şəxs Musa Orucovun küçədə digər şəxslərlə mübahisə etdiyini görüb onun yanına yaxınlaşıb. Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, o, ictimai yer hesab edilən küçədə bıçaqdan silah qismində istifadə edərək Musanın ürək nahiyəsinə bir dəfə zərbə vurub. Nəticədə zərərçəkmiş şəxsə ürəyin tamponadası, ürəyin sağ qulaqcığının zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan döş qəfəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirilib və Musa Orucov hadisə yerində aldığı xəsarətlərdən həyatını itirib.


Hadisədən sonra Musa Orucov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Təqsirləndirilən şəxs isə daha sonra Yevlax Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub.


Məhkəmə iclasında Şəhriyar Bayramlı Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində deyib ki, Musa Orucovu öldürmək niyyəti olmayıb və bıçağı yalnız özünü müdafiə məqsədilə götürüb.


Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Musa Orucov onu yumruqla vurub, o isə yıxılmaq üzrə olarkən qorxu və panika vəziyyətində bıçaqdan istifadə edib. Onun sözlərinə görə, bıçaq zərbəsinin ölümə səbəb olacağını bilməyib və əməlinə görə peşmandır.


Təqsirləndirilən şəxs həmçinin bildirib ki, Musa Orucovla hadisədən əvvəl münasibətləri normal olub və baş verənlər təsadüfi mübahisə zəminində yaranıb:


“Musa ilə hadisə baş verən günə qədər münasibətim çox yaxşı olub. Musanı bıçaqla öldürmək niyyətim yox idi. Deyirlərmiş ki, guya Musaya birinci mən ilişmişəm, lakin belə olmayıb. Musaya “Sənin də ana-bacın var, mənim də, lazım deyil” dedim. O da mənə irad bildirdi və söyüş söydü”. Biz hesab verən zaman Musa stolun yanında idi”.


Məhkəmənin hökmü Şəhriyar Bayramlı 17 il müddətə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 12 Yanvar 2026, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin