BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını küçənin ortasında bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Habil Qurbanovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə məhkum olunmasına dair Nəsimi Rayon Məhkəməsinin hökmü ləğv olunub. Habil Qurbanovun əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib və cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında dərhal həbsdən azad olunub


İttiham aktına əsasən, 2 aprel 2025-ci il tarixdə, saat 19:41-də Habil Qurbanov idarə etdiyi “Saipa” markalı avtomobillə paytaxtın Nəsimi rayonu ərazisində olarkən tanışı olan zərərçəkmiş Vüqar Bəkirovu (adı, soyadı şərtidir) görüb. Aralarında əvvəldən mövcud olan sözlü mübahisə zəminində təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobilə əyləşməyə dəvət edib. Vüqarın avtomobilə əyləşməsindən istifadə edən Habil ətrafda digər şəxslərin olmasına baxmayaraq, heç bir əsaslı səbəb olmadan onu nalayiq ifadələrlə təhqir edib. Hadisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq ona fiziki ağrı yetirib. Daha sonra silah qismində istifadə etdiyi bıçaqla Vüqarın sağ bud nahiyəsinə qəsdən bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə sağ budun deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirilib.


Vüqar avtomobildən düşərək qaçmaq istədiyini görən Habil onun üzərinə gedib. Bu zaman Habil münaqişənin qarşısını almaq məqsədilə müdaxilə edən zərərçəkmiş Vahid Hətəmova da zor tətbiq edib. Təqsirləndirilən şəxs həmin bıçaqla Vahidin sol əl nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona yüngül bədən xəsarəti yetirib.


Qeyd olunan əməllərlə təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, zor tətbiqi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri törədib.


Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

 

Kamal Məmmədov 

Tarix: 12 Yanvar 2026, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin