BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadına sataşdığına görə ona irad bildirəni “beşbarmaq”la vuran şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Samir Hacıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilib


İttihama görə, Samir Hacıyev 2024-cü ildə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Atçılıq yaşayış massivində zərərçəkmiş Vaqif Bəşirova (adı, soyadı şərtidir) qarşı şəxsi münasibətlər zəminində ictimai qaydanı kobud şəkildə pozaraq xuliqanlıq edib. O, naməlum qadına söz atması ilə bağlı irad bildirən zərərçəkmişi təhqir edib, səs-küy salaraq ictimai asayişi pozub və avtomobilindən götürdüyü əşyanı silah qismində istifadə edərək onun sifət nahiyəsinə yumruqla zərbə vurub. Hadisə nəticəsində Vaqifin burnu qəlpəli sınıq alıb, sol gözündə və digər nahiyələrində xəsarətlər yaranıb.

Ekspertizanın rəyinə görə, yetirilmiş xəsarətlər sağlamlığın uzunmüddətli pozulmasına səbəb olub və az ağır dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.

Zərərçəkmiş Vaqif Bəşirov ifadəsində bildirib ki, 2024-cü ildə Binə Atçılıq qəsəbəsində piyada keçidindən keçib köşkə tərəf gedərkən bir avtomobil sürətlə gəlib qəfil tormozlayaraq orada dayanıb. Avtomobilin sürücüsü – təqsirləndirilən Samir Hacıyev dayanacaqda dayanan bir qadına söz atıb sataşıb.

Zərərçəkmiş buna etiraz edərək sürücüdən normal hərəkət etməyi və qadına sataşmamağı tələb edib. Bundan əsəbiləşən sürücü maşından düşərək nalayiq sözlərlə cavab verib. Daha sonra avtomobilinə qayıdaraq içəridən “beşbarmaq” deyilən aləti götürüb, əlində taxaraq qəfil zərbə ilə Vaqifin sifətinə vurub.

Hadisə yerində olan insanlar ona kömək edib, təcili tibbi yardım çağırılıb və o, Sabunçu xəstəxanasına aparılıb.

Zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun ciddi şəkildə cəzalandırılmasını tələb etdiyini bildirib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 13 Yanvar 2026, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin