BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat avtobusda namaz qılan sürücü barədə: "Hesab edirəm, səmimi qəlbdən ibadət edən bir insandır"

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Bakıda avtobus sürücüsünün içəridə sərnişinlər olduğu halda ayaqqabılarını çıxarıb namaz qılmasının tənqid edilməsinə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, sürücünün avtobusda sərnişinlər olduğu vaxt namaz qılması tövsiyə olunan deyil, çünki bu, insanlar tərəfindən birmənalı qarşılanmır.

 

Deputat bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkədə hər kəsin dini etiqad azadlığı var: “Necə ki insanlar ibadət etməməkdə sərbəstdirlərsə, dindarlar da öz ibadətlərini yerinə yetirirlər. Onların da dini inancına görə hər bir müsəlman gündəlik namaz qılmalı və ibadətini yerinə yetirməlidir. Əvvəlki dövrə baxanda Azərbaycanda ibadət, dini ayinlərin yerinə yetirilməsi üçün şərait yaradılıb. İbadətgahlar var. Nəinki Azərbaycanda, Türkiyədə, Avropa ölkələrində belə müxtəlif ictimai yerlərdə insanların dini ibadəti yerinə yetirmələri üçün şərait yaradılıb. Bəzən məsələlərə fərqli aspektdən yanaşır, bir-biri ilə qarşı-qarşıya gətirməyə çalışırıq. İnsanları qınamaq asan işdir. Bu insanın da ibadət etmək haqqı var. İnanıram ki,  şərait olsaydı, həmin sürücü belə bir şəraitdə namaz qılmazdı. Sürücünün namazı sırf reklam etmək, özünü göstərmək üçün etdiyini də düşünmürəm. Hesab edirəm, səmimi qəlbdən ibadət edən bir insandır. Sadəcə, vaxta, şəraitə və imkana görə məcbur olub ki, ibadətini bu formada yerinə yetirsin. İnsanların üzərinə düşən budur ki, Allahdan rəhmət diləsinlər. Eyni zamanda bu cür məsələləri təhlil edərkən, ələ salarkən diqqətli olsunlar. Biz onda yaxşı cəmiyyət olacağıq ki, hamı bir-birinin etiqadına, inancına hörmətlə yanaşacaq. Bu hörmətin qorunması çox önəmlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Yanvar 2026, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin