BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc oğlan tanışları ilə birgə qardaşı arvadı ilə görüşə gələn şəxsi döyərək xəsarət yetirdi

Şəmkir Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İsrafil Bəbirov, Samir Hətəmov, Güləli Bayramov, Saqif Əsədov və Nəsir Həsənovun (hamısının adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 2 il 3 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib və məhkəmə iclas zalında həbsdən azad olunublar.


İttiham aktına əsasən, İsrafil Bəbirov tanışları - Samir Hətəmov, Güləli Bayramov, Saqif Əsədov Nəsir Həsənovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xuliqanlıq məqsədi ilə ağır cinayət əməli törədib.


Hadisə 6 avqust 2025-ci il tarixdə gecə saat 01:00 radələrində Şəmkir rayonu ərazisində baş verib. Belə ki, Təqsirləndirilən şəxslər əvvəllər tanımadıqları zərərçəkmiş İmaməddin Qurbanov (adı, soyadı şərtidir) haqqında məlumat əldə ediblər ki, o, İsrafilin qardaşının həyat yoldaşı ilə qadının razılığı əsasında görüşmək məqsədilə yaşadığı evə gəlib. Məsələnin onlara heç bir aidiyyəti olmamasına baxmayaraq, təqsirləndirilən şəxslər bu halı bəhanə edərək hərəkətə keçiblər.


Müəyyən edilib ki, evin həyətindən qaçmağa çalışan zərərçəkmiş şəxs qonşuluqda yerləşən evin həyətə keçib. Təqsirləndirilən şəxslər İmaməddini həmin ünvanda aşkar edərək, heç bir əsaslı səbəb olmadan, öz üstünlüklərini və müstəsna olduqlarını nümayiş etdirmək məqsədilə xuliqanlıq niyyəti ilə xüsusi amansızlıq göstəriblər. Onlar əvvəlcə zərərçəkmiş şəxsi həmin həyətdə, daha sonra isə sürüyərək Şəmkir şəhəri, Səməd Vurğun küçəsinə aparıblar. Orada İmaməddinə baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl və davamlı şəkildə yumruq və təpik zərbələri endirib, həmçinin yerdən götürülmüş istintaqa məlum olmayan ağac parçası ilə qəsdən vurublar.


Hadisə nəticəsində zərərçəkmiş şəxsə alın nahiyəsinin sol hissəsində dərialtı hematoma, sol gözaltı və burun nahiyəsində əzilmiş yaralar, sol gözün ağlı qişasında qansızma, hər iki bazu nahiyəsində çoxsaylı qançırlar yetirilib. Bundan əlavə, sağ bazu oynağının çıxığı və sağ bazu sümüyünün yuxarı üçdə birinin qapalı sınığı qeydə alınıb. Bu xəsarətlər zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmasa da, sağlamlığının uzun müddətə pozulmasına səbəb olub.


İstintaqın nəticələrinə görə, təqsirləndirilən şəxslərin hərəkətləri ağır iztirablar verməklə və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməli kimi qiymətləndirilib və onların əməlləri Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə tövsif olunub.


Hadisədən sonra İsrafil Bəbirov, Samir Hətəmov, Güləli Bayramov, Saqif Əsədov və Nəsir Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.


Kamal Məmmədov 

Tarix: 14 Yanvar 2026, 10:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin