BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi qazancların xərclənməsi məsələsinə görə arvadını döydü – Qadın şikayətçidir

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Əbil Yusifovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Qeyd: Əbil Yusifovun barəsində sadələşdirilmiş icraat qaydasında aparılmış araşdırma nəticəsində tərtib edilmiş protokola əsasən, hadisə 7 sentyabr 2025-ci il tarixində gecə saat 03 radələrində onun yaşadığı Abşeron rayonu ərazisində yerləşən evlərin birində baş verib.


Müəyyən edilib ki, təqsirləndirilən şəxs həmin vaxt orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olub. Arvadı, zərərçəkmiş Təranə Yusifova (adı, soyadı şərtidir) ilə qazancların xərclənməsi məsələsi, eləcə də qadının onun yaxınları barədə səsləndirdiyi və təqsirləndirilən şəxsin xoşuna gəlməyən fikirlər səbəbindən ailə-məişət zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı Əbil Təranəyə qarşı zor tətbiq edib.


Belə ki, o, zərərçəkmiş şəxsin üzərinə hücum edərək saçından tutub yolub, daha sonra əl və yumruq zərbələri ilə sol çiyin, qol, ağız, sifət və bədənin müxtəlif nahiyələrinə zərbələr endirib. Qadın özünü qorumağa çalışarkən qabağa verdiyi sol əlin barmaqları da təqsirləndirilən şəxs tərəfindən qəsdən sıxılıb burulub. Nəticədə Təranəyə sol çiyin qurşağının üst səthində və sol bazu nahiyəsində şişkinliklə müşayiət olunan qançırlar, sol əlin I barmağında dırnaq sədəfinin qopması, üzün sağ hissəsində və sol alt çənə nahiyəsində sıyrıqlar yetirilib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül bədən xəsarətləri kimi qiymətləndirilib.


Abşeron Rayon Məhkəməsinin hökmü ilə Əbil Yusifov Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Bununla yanaşı, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib. Hökm ilə razılaşmayan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib.
 

Kamal Məmmədov 


Tarix: 14 Yanvar 2026, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin