BURADA REKLAMINIZ OLA
BİLƏR

Ümrədən qayıdan mühəndisin həyatına son qoyan qəza: Sürücü məhkəmə zalında həbs edildi

Kəlbəcər Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Röyal Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Hökmə görə, Röyal Məmmədov 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınıb. Eyni zamanda, təqsirləndirilən şəxsin barəsində hökmədək tətbiq edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dərhal ləğv edilib, Röyal Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında dərhal həbsə alınıb. Hökmə əsasən, təqsirləndirilən şəxsə əlavə cəza kimi təyin olunmuş 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə, habelə cəzanın başa çatdığı gündən sonra əlavə olaraq 2 il 6 ay müddətinə şamil edilib.
 

İttihama görə, hadisə 23 aprel 2025-ci il tarixdə saat 19 radələrində Kəlbəcər-Ağdərə yolunun Kəlbəcər rayonunun Qılınclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, "Cengiz İnşaat" şirkətində sürücü işləyən, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 1989-cu il təvəllüdlü Röyal Məmmədovun idarə etdiyi "Howo" markalı betonqarışdıran maşınla Azad Zeynalovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil toqquşub. Nəticədə Azad Zeynalov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.


Xatırlatma: Məlumata görə, hadisə nəticəsində həlak olan 1957-ci il təvəllüdlü Azad Zeynalov bir gün əvvəl Səudiyyə Ərəbistanından Ümrə ziyarətindən qayıdıbmış. Altı övlad atası olan Azad Zeynalov əslən Laçın rayonunun Zağaltı kəndindəndir. Məcburi köçkünlük dövründə Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıb. O, Kəlbəcərdə aparılan tikinti-yenidənqurma işlərində iştirak edən "TVM İnşaat" MMC-də sahə rəisi - mühəndis vəzifəsində çalışırmış. Mərhum Ümrə ziyarətindən qayıtdıqdan sonra Bakıda ailəsi ilə görüşüb və səhər saatlarında "Kia Sorento" markalı şəxsi avtomobili ilə iş yerinə - Kəlbəcərə yola düşüb.


Azad Zeynalov uzun illər SOCAR-da işləyib. Daha sonra isə Heydər Əliyev Beynəlxalq Hava Limanında çalışıb. Onun həyat yoldaşı 1992-ci ildə faciəvi şəkildə - güllə yarasından dünyasını dəyişib.

Kamal Məmmədov 

Tarix: 26 Yanvar 2026, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin