BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - Elnur Aslanovun “xidmətləri” xüsusilə qeyd edilməlidir

Bu sətirlər çoxdan yazılmalıydı, illər öncədən.  Lakin o vaxtlar yüksək siyasi və diplomatik vəzifələr tutduğumdan bu yazı barədə dövlət başçımıza məruzə etmədən qələmə almağı etik baxımdan düzgün saymırdım. Eyni zamanda, xarici və daxili siyasətin qlobal məsələləri ilə, gecə və gündüz işğalçıların ana torpaqlarımızdan qovulması kimi ölkəyüklü problemlərlə məşğul olan rəhbərimizin belə məsələlər üçün vaxtını almağa qıymırdım. Şükür, torpaqlarımız düşmən tapdağından azad olundu, rəhmətlik Leonid İlyaoğlu yarım əsr bundan qabaq demişkən, “Azərbaycan iri addımlarla addımladı”...

 

Yenə yazmağa tələsmədim, düşündüm - vaxt keçər, bu haqsızlıq, narahatlıq öz “aktuallığını” itirər. Amma itirmədi, yalnız ona görə yox – belə qərəzli düşmən olunmağı nə görmüşdüm, nə də kitablarda oxumuşdum. Lap başlıcası ona görə ki, o illərdə ona yarınmaq üçün dəridən-qabıqdan çıxanların, el dilində istehzayla söyləndiyi kimi “bir Ramiz Ənvəroviç” deyib beşi ağzından tökülənlərin, sözünün mübtədası da, xəbəri də “Ramiz müəllim” olanların çoxu hələ də əvvəlki qoltuqlu stullarında əyləşmiş mənsəb sahibləridir. Digər məqam da çox narahatedicidir. Bizim günlərdə və sonra vəzifələrə təyin olunanlardan elə düşünənlər tapılar: Mehdiyev 60 il məsul, yüksək vəzifələrdə belə işlədi, ona nə etdilər ki? Və belə düşünənlər indinin özündə də “tapılır”, özü də təəssüf ki, az deyillər.

 

Ancaq mənim bu yazımın ünvanı yalnız bu günə deyil, həm də (başlıca ünvanı!) sabahadır, gələcəyədir! “Boz kardinalların”, “kardinallıq” azarı…

 

Şair demişkən: “İnsanlar, ayıq olun!”. (Yulius Fuçik).

 

7 may, 2025.

 

Dediyinə görə, hər şey ondan başladı – artıq bizə yaxın olmayan 1990-cı ildən (bəri başdan deyim: yalnız ondan yox! – sonra açıqlayacağam). “Gənclik” nəşriyyatının baş redaktoruydum, Mərkəzi Komitənin, Dövlət Nəşriyyat Komitəsinin xəbəri olmadan “Didərginlər - 1918-20, 1948-52, 1988-89” kitabını tematik plandankənar nəşrə hazırlayırdım. O illərdə kitab nəşr edənlər yaxşı xatırlayırlar: tematik plandan kənar nəşr yalnız Mərkəzi Komitənin tövsiyəsi və Dövlət Nəşriyyat Komitəsinin kollegiyasının qərarı ilə baş tuta bilərdi – o da o illərdə irihəcmli “Didərginlər”… toplusu ola! Nəşriyyatların tematik mövzu planları adətən 2 il öncə hazırlanır, baxılmaq və təsdiq üçün cavab Sov. İKP MK-yacan gedib çıxırdı. “Didərginlər”…i isə o vaxtlar bu uzun yollarda kimsə dəstəkləməzdi. Ona görə kitabın çapının yeganə yolunun – “partizanlığın” alternativi yox idi. Kitabın nəşri başa çatan kimi “həbs” olundu, mətbəədən çıxmasına qadağa qoyuldu. Mərkəzi Komitənin katibi Fazil Muradəliyevlə görüşdən sonra (Allah ona rəhmət eləsin) məsələni yoluna qoya bildim. 500 səhifəlik kitab görünməmiş tirajla (80 min!) nəşr olunduğu kimi, görünməmiş də maraq doğurdu, bir həftə içində kitab əllərdə gəzirdi, Azərbaycan ondan danışırdı. Mən də, “Gənclik” nəşriyyatının fədakar kollektivi də məmnunluq əhval-ruhiyyəsində ikən Mehdiyevin keçmiş köməkçisi İsmayıl Vəliyev (Prezident İlham Əliyevin Ensiklopediyanın nəşri problemlərinə həsr olunmuş toplantıdan və işdən haqlı olaraq qovduğu həmin İsmayıl Vəliyevdir!) telefonla aradı:

 

- Ramiz müəllim deyir ki, mənim həmişə Hidayətə yaxşı münasibətim olub. “Didərginlər…”də oxuduqlarımdan çox narahat olmuşam.

 

- Orda nə var ki? – Təəccüblə soruşdum.

 

-Aslan Kəmərlinin yazısında, 332-333-cü səhifələr... Ramiz müəllim deyir – o, Kəmərlidə olmayıb.

 

Kitabı açıb baxdım, həqiqətən belə idi. Aslan Kəmərlinin “Qılınckənd həsrəti”ndən:

 

“...Elə həmin hadisələrdən bir neçə gün sonra Azərbaycan KP MK-nın katibləri (o katiblərdən biri dünyasını çoxdan dəyişdiyi üçün adını çəkmirəm – H.) və Ramiz Mehdiyev kəndə gəlirlər. Gözləmək olardı ki, respublikanın kənd təsərrüfatına və ideologiyasına rəhbərlik edən katiblər camaatı yığacaq, məsələnin mahiyyətini başa salacaq, sərhəd bölgüsündən 70 ilə yaxın bir vaxt keçəndən sonra yenidən bu sərhəd bölgüsünün səbəbini aydınlaşdıracaq, dedi-qodulara, müxtəlif şayiələrə son qoyacaqlar. Bir sözlə, xalqla, taleyini torpağa bağlayan, onu göz bəbəyi kimi sevən kəndin əhalisi ilə açıq söhbət, qarşılıqlı ünsiyyət lazım idi. Belə olmadı, hər iki katib əllərini stola döyüb qışqırdı, ağsaqqalları, ağbirçəkləri təhqir etdilər. Hədələdilər...

 

Kitabın ideya müəllifi və tərtib edəni də mən idim. Materialların çox cüzi bir hissəsi Aslanın yazısı da o sırada mətbuatda dərc olunmuşdu. Əlyazması çapa hazırlananda nəşriyyat redaktoruna tapşırmışdım: “Vaxtım çatmır – mətbuatda dərc edilmiş yazıları oxumayacağam, diqqətli ol”. İsmayılla telefon söhbəti bitən kimi nəşriyyat redaktorunu çağırıb sərt danladım.

 

Elə həmin gün həmişə yaradıcılığına və şəxsiyyətinə hörmət etdiyim Aslanı da dəvət edib onunla çox sərt danışdım. Ancaq Aslan qətiyyətlə bildirirdi ki, Mehdiyev həqiqətən o biri katiblə Kəmərlidə olub və camaata hədə-qorxu gəliblər. Sonralar nəşriyyat redaktoru Vəli Həbibəyli də əminliklə belə deyirdi, bəlkə də o kəmərlilərlə əlaqə saxlayıb məsələni yerli-yataqlı öyrənmişdi. Mən isə onlar deyənə inanmırdım. Düşünürdüm: Mərkəzi Komitənin katibi vəzifəsinəcən gedib çıxmış adam necə ola bilər desin ki, olduğu yerdə olmamışam?

 

R.Mehdiyevlə mən heç vaxt görüşməmişdim, telefonla da danışmamışdıq. Amma ona normal münasibətim vardı – sanırdım: Heydər Əliyevə sədaqətlidir, Ə.Vəzirov zamanında MK-dan uzaqlaşdırılmasının əsas səbəbi onun kadrı olması və doğulduğu məkanla bağlıdır. Axı, hamıya gün kimi aydındır ki, Vəzirov Qərbi Azərbaycandan (içi Naxçıvan qarışıq) olanlara qarşı müharibə elan etmişdi. Onu da deməliyəm ki, Mehdiyev MK katibi kimi ideologiyaya kuratorluq edəndə yaradıcı ziyalıların çoxu ondan narazı idilər. Görkəmli yazıçılarla, mədəniyyət xadimləri ilə onun üstündə fikir ayrılığımızı, hətta mübahisələrimi də xatırlayıram.

 

Elə ertəsi gün onunla görüşməyi özümə borc bildim. Zəng çaldım, vaxtlaşdıq, səhər-səhər getdim, deyəsən işə təzə gəlirdi, akademiyanın qabağında iki-üç nəfərlə söhbət edirdi. Narazılıq ifadələri də yadımdadır: “Mərkəzi Komitənin katibini gör gətirib hara salıblar” - təəccübləndim – Mərkəzi Komitənin katibi olmaqla öyünməyin, nostalji hisslərə qapılmağın vaxtı çoxdan keçmişdi. Ancaq düşündüm: “Partokratiya düşüncəsindəndir, keçib gedər...”.

 

Akademiyaya daxil olduq, 12-15 kvadratmetrlik iş otağına qalxdıq, deyəsən xadimə otağı yığışdırmamışdı. 4-5 stulun hərəsi bir tərəfə atılmışdı…Öncə “Didərginlər…”də onun haqqında olan sətirlərə münasibət bildirdim:  “Müəllifi də, nəşriyyat redaktorunu da ciddi qınadım, kəskin tənqid etdim. İndi kitabın rus dilinə tərcüməsi nəşrə hazırlanır, o sətirlər orda olmayacaq! “Heç nə demədi, elə bil heç belə şey olmamışdı.

 

Heç nə demədi, məsələ bununla bitdi! Sonra o vaxtların siyasi gedişlərindən danışdım, üç dəfə sözümü Ulu Öndərimizin təqib olunmasından, mətbuatda haqqında qərəzli yalanlar, böhtanlar dərc olunmasının üstünə gətirdim. Heç bir reaksiya vermədi, sanki heç eşitmədi. Söhbətin yönünü açıq-aşkar dəyişdi. Nə üçün? Etibar etmirdi? Yox! O vaxt mən mətbuatda bu iyrənc kampaniyaya qarşı nifrətimi açıq-aşkar bildirirdim – Vəzirov komandası tərəfindən “xüsusi nəzarətə” götürülmüşdüm. Bunu hamı bilirdi.

 

O vaxtlar, sonralar A.Mütəllibovun hakimiyyəti aylarında doğmalarım, məni qəlbən istəyən dostlarım ciddi narahatlıq keçirdilər, “həyatın açıq-aşkar təhlükədədir!” deyənlər də vardı. Xüsusilə Əjdər Xanbabayev qətlə yetiriləndən sonra…

 

“Didərginlər…”dəki sətirlər üzərində çox dayandım? Səbəbi var. Bir az qabağa gedib deyim. Orda -burda da çox deyirdi o sətirlər barədə. Sonralar dörd-beş dəfə də mənə xatırlatdı. Hər dəfə ona deyəndə ki, kitabın ruscasında o sətirləri çıxardım, ilk dəfə eşidirmiş kimi – “hə?” məmnunluqla soruşurdu. Yaddaşı zəifləmişdi... Lap gözlənilməzi – məni heyrətləndirən, hədsiz əsəbiləşdirən deyimi isə doxsanıncı illərin sonlarında oldu. Yenə sözü “Didərginlər…”dəki o sətirlərin üstünə gətirdi:

 

- Mən orda elə söz deməmişdim – dedi.

 

- Siz o vaxt orda olubsunuz? – təəccüblə soruşdum.

 

- Olmuşam, amma o sözləri deməmişəm.

 

- Çıxış edibsiniz! Nə deyibsiniz? Deyibsiniz Qızılkəndi ermənilərə verməyin? On ildir deyirsiniz - orda olmayıbsınız. Mən də... Aslanı da ciddi tənqid etdim. İndi o həyatda yoxdur.

 

- Ölməli adam idi – çox soyuqqanlılıqla bildirdi.

 

- O “Kommunist” qəzetinin əməkdaşı, tanınmış jurnalist Valeh Musayevlə Kəmərlini, Qızılkəndi, ətraf kəndləri qorumağa getmişdi!!! Öz avtomobillərinin qəzasında ikisi də həlak oldu. İndi mən onların hər ikisinin ruhlarından dönə-dönə üzr istəyirəm – deyib, daha kəskin ifadələr işlətməmək üçün dərhal otaqdan ayağa qalxıb çıxdım.

 

Bu “Didərginlər…”dəki sətirlərlə bağlı son söhbətimiz oldu. Amma o vaxtacan çox şeylər baş vermişdi...

 

Əvvəla, 1992-ci ilin avqustunda Prezident Aparatına yüksək vəzifəyə təyin olunandan azca sonra köməkçisi İsmayıl yenə mənə müraciət etdi, yenə həmin sözlər:

 

- Ramiz müəllim deyir ki, mən həmişə Hidayətə yaxşı olmuşam, özüm də milli məsələlər üzrə mütəxəssisəm, niyə məni unudur...

 

Mənim fikrim hələ onun haqqında tam dəyişməmişdi – hesab edirdim ki, onu nahaq yerə yüksək vəzifədən uzaqlaşdırıblar. Onun barəsində Əbülfəz Elçibəylə də danışdım, Pənah Hüseynovla da. (Pənah bəy o vaxtlar Dövlət Katibiydi və geniş səlahiyyətləri vardı). İkisinin də cavabı eyni oldu: “Siz o illərin çoxunu İrəvanda yaşayıbsınız, onları tanımırsınız”.

 

Sonra Mehdiyevə özüm zəng çaldım, bu sözləri yox, sadəcə dedim ki, səbrli olsun. O ki qaldı onun mənə guya yaxşı münasibətdə olmasına – yazının əvvəlində dediyim kimi “Didərginlər…”dəki sətirlərəcən biz nə görüşmüşdük, nə də telefonla danışmışdıq.

 

1984-cü ilin əvvəlində mən İrəvandan Bakıya köçməyə hazırlaşanda iş məsələmin həlli Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinin müdiri Əfrand Daşdəmirovdan yuxarı keçməmişdi. Hətta Əfrand Daşdəmirov öz müavini Rafiq Zeynalova demişdi: “Hidayəti bizə götürə bilərdik. Amma yaşı keçir”. (Onda mən... 39 yaşındaydım). Ancaq iş məsələmin həllində Daşdəmirovun müavini Rafiq Zeynalovun (Allah rəhmət eləsin), sektor müdiri Vahid Əzizin xidmətləri, əzmi, qətiyyəti unudulmazdır!

 

Mən “Gənclik” nəşriyyatında işə başlayandan xeyli sonra sevimli köməkçi iki dəfə məndən anket aldı – birinci dəfə Müəllif Hüquqları Agentliyinə rəis, ikinci dəfə Kinostudiyaya direktor təyin olunmağım üçün. Tanınmış jurnalist Yusif İsmayılov mənə dedi: “Sən burda təzəsən, bunların “gedişlərini” hələ bilmirsən. Tanınmış, vəzifəyə uyğun adamdan anket alırlar, sonra özləri istədiklərini sakitcə həmin vəzifəyə təyin edirlər”. Müəllif Hüquqları Agentliyinə, ya Müəllif Hüquqlarına rəhbər təyin olunmağın kimi təəccübləndirə bilər ki? Yazıçı uzun illər dövlət teatrının direktoru, naşir, baş redaktor... Beləcə, diqqəti yayındırıb sonra özləri istədiklərini sakitcə gətirib həmin vəzifəyə təyin edirlər. Mehdiyevin “xidmətləri” bütov olsun deyə bu məqamı da deməliydim.

 

Rəhmətlik Yusifin dedikləri düz çıxdı!

 

Xalq Cəbhəsi hakimiyyətdə iflasa uğradı, getdi... Ulu Öndərimiz Ali Sovetin Rəyasət Heyətinin sədri seçildi, Prezident səlahiyyətlərini icra etməyə başladı.

 

Bir neçə gün sonra Mehdiyev özü zəng çaldı, görüşmək istədiyini bildirdi, dəvət elədim, gəldi. O söhbətimizdə də sevimli, “əbədi” köməkçisini xatırladı. Mənim köməkçim otağa daxil olub bir vacib sənədi təqdim edərək otaqdan çıxan kimi başladı onu tərifləməyə... Bu həmin köməkçidir ki, Heydər Əlirza oğlu hakimiyyətə qayıdan kimi rəhbərlik etdiyi binada – Milli Ensiklopediyada qardaş Türkiyənin bir-iki əməkdaşına Ulu Öndərə qarşı aksiyalar təşkil etməyi planlaşdırmaq üçün toplaşmağa şərait yaratmışdı. Mən çox təəccübləndim, dözməyib ona zəng çaldım “İsmayıl, axı, sən siyasətlə məşğul olmursan, necə oldu ki, birdən-birə elə anti-Azərbaycan aksiyasının hazırlığına icazə verdin? Özü də Milli Ensiklopediyanın binasında?”. Onun bu hərəkəti ictimaiyyət arasında çox mənfi əks-səda verdi. Mehdiyev isə… ondan bir formal izahat alıb məsələni bağladı. Sevimli, “əbədi” köməkçisi isə öz xislətində, öz ampluasındaydı. Amma Prezident İlham Əliyev onu saxtakarlığına, Ulu Öndərin miqyasasığmaz xidmətlərinə kölgə salmaq cəhdlərinə, məqsədli təhriflərinə görə yüksək səviyyəli toplantıdan qovanda daha heç nə kömək edə bilməzdi!

 

Bu hadisələr İsmayılın təxribatlarından öncə olmuşdu. Ancaq bir sual o vaxtlar da məni çox düşündürürdü: “Doğurdanmı Mehdiyev İsmayılı tanımayıb? əlbəttə, elə birinci hadisədən sonra mən İsmayılla bütün əlaqələri kəsdim.

 

Mehdiyev Ulu Öndərimizin dönüşündən il yarım sonra Prezident Aparatının Ümumi Şöbəsinin müdiri təyin olundu. Onda münasibətimiz isti deyildi, ancaq vəzifəsi böyüyəndən – İcra Aparatının rəhbəri olandan sonra mənə qarşı hədsiz qərəzi yuxuma da gəlməzdi. İlk öncə ondan başladı – Xalq Cəbhəsi hakimiyyətinin süqutundan sonra xidmətdə qalan vakansiya yerlərinə yeni əməkdaşlar təyin olunmasının ciddi cəhdlə qarşısını almaq. Bununla belə xidmət gecə yarısınadək işləyirdi (ertəsi günü səhər saat 9-da işdə olmaqla!) və fəaliyyətində boşluğa yer qalmazdı. Elə gecələr olurdu – saat 2-yə, 3-əcən işləyirdik (kabinetdə gecələdiyim günlər də çox olurdu...). Yorulmaq bilmirdik, çünki vəziyyət belə tələb edirdi! Moskvanın, İrəvanın “xeyir-duası”, təşkilatçılığı, maliyyəsi hesabına milli münasibətlərdə gərginlik yaradaraq ölkəmizi 7 yerə parçalamaq planlarını birdəfəlik zibil qabına ata bilmək məcburiyyətindəyik. Dini aləmdə də radikallıq, təriqət qarşıdurmaları baş alıb gedirdi, xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsi, təşkilatlanması azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşmələri problemləri düz gözlərimizin içinə baxırdı. Hələ qaçqınlar, onların hər gün çıxan onlarla yeni problemləri, müxtəlif qrupların xarici ölkələrə xidmət kampaniyaları... Bəs nə etməli və nə edirdik? Bu saydığım və saymadığım problemlərin hər biri ayrılıqda geniş mövzudur, onları açmıram.

 

Ancaq xalqımız və dövlətimiz üçün son dərəcə təhlükəli olan bu problemlərin həlli ilə məqsədyönlü, ardıcıl, inadla məşğul olmağın qabağını kəsməyə cəhd eləməyin adı nədir? Ulu Öndərimizin ruhu şad olsun, Tanrı möhtərəm Prezidentimizə uzun ömür, yeni möhtəşəm uğurlar bəxş etsin – məhz onların müdrik, əvəzsiz siyasəti və milli siyasət məsələləri üzrə Dövlət Müşaviri xidmətinin peşəkar icraçılıq səyləri nəticəsində o qaragüruhlardan sağ-salamat çıxdıq və yalnız qonşulara deyil, Müstəqil Dövlətlər Birliyinə daxil olan bütün ölkələrə yaxşı nümunə, örnək olduq. Sonra bu əvəzsiz Azərbaycan həqiqətləri dünyaya yayılmağa başladı. Onun qərəzi o həddə çatmışdı ki, xidmətin adını da qısqanırdı. Yeni struktura Azərbaycan Respublikasının Azsaylı Xalqlar və Dini Qurumlar üzrə Dövlət Müşaviri xidməti yazdırmışdı. Soruşdum: “Nə üçün?”. Cavabı: “Prezident deyir ki, milli siyasətlə o məşğul olur”. Dedim: “Bu Prezidentin sözü ola bilməz, çünki ölkədə bütün ciddi işlərlə o məşğul olur. İcra Aparatıyla da! Sizin sözünüzdür! Bəs, “azsaylı xalq” nə deməkdir? Azərbaycanda yaşayan ruslar, beloruslar, yəhudilər, ukraynalılar, gürcülər, kürdlər, avarlar, ləzgilər, talışlar… azsaylı xalqlardır? Azsaylı xalq buduğlardır, xınalıqlardır, lahıclardır… Ona görə də “milli azlıq” ifadəsi onların hamısını ehtiva edir. Özünü milli məsələlər üzrə mütəxəssis adlandıran, akademik olmağa hazırlaşan elmlər doktoru “milli azlıqla” “azsaylı xalq”ın fərqini bilmirdi. Prezidentə məruzə etməli oldum, əlbəttə, “milli siyasət” ifadəsi barədə demirdim, çünki o ifadənin xidmətin adında olub-olmaması önəmli deyildi, onsuz da mənim məşğul olduğum sahənin miqyası dəyişmirdi, ancaq “azsaylı xalq” ifadəsi ölkəmizdə də, kənarda da istehza ilə qarşılanacaqdı.

 

Prezident çox təəccübləndi, dərhal göstəriş verdi, imzalanmış Fərmanda dəyişiklik edildi.

 

Uzun illər Dövlət müşaviri xidmətinin kurasiyasında acınacaqlı din sahəsində çox iş görülməsinə, əvvəllər çox proseslərin, vəziyyətin sabitləşməsinə baxmayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranan gündən bu sahə Mehdiyevin “əmri” ilə bizdən çıxarılıb humanitar siyasət məsələləri şöbəsinə verildi. O, anlamaq istəmirdi ki, milli siyasətlə din məsələləri ayrılmazdır, bir qurum tərəfindən “kurasiya” olunmalıdır. Dövlət Müşaviri xidməti ondan sonra da dini mərkəzlərlə, konfessiyalarla, icmalarla ardıcıl işlədi (başqa cür mümkün deyildi), Dövlət Komitəsi ilə heç bir əlaqə saxlamadı. Dövlət Komitəsinin rəhbərliyi isə bütün gücünü öz şəxsi maraqlarının reallaşmasına sərf etdi, vəziyyət getdikcə ağırlaşdı, son həddə çatdı, Ulu Öndərimizin ciddi tənqidindən, cənab Prezidentin iradlarından sonra Aparatın rəhbəri naəlac qalıb dövlət qurumunu bizim xidmətin baxımına verməyə məcbur oldu.

 

Hələ çoxunu saymadığım, fəaliyyətimə belə qərəzli, süni məhdudiyyətlər törətməkdə əsas məqsədi mənim işdən getməyim idi. Hələ 2001-ci ildə məni dəvət edib “şirin” sözlərini işə salandan sonra “məsləhət budur ki, Siz Ensiklopediyaya baş redaktor gedəsiniz...” – dedi. Mənim cavabım onun yadında qalmalı idi. “Mənim baş redaktorluq vaxtım “Gənclik” nəşriyyatında qaldı” – dedim – mən bura çağırılanda 92-ci il avqust ayının 1-i idi,  şənbə günüydü.

 

Əbülfəz Elçibəy soruşdu: “Elə bu gündən başlaya bilərsiniz işləməyə?”. Başladım, gecə evə qayıdanda başımdan bir fikir keçdi: “Hansı gün burdan çıxsam, evəcən piyada gedəcəyəm və sonra bir həftə şəhəri payi-piyada gəzib dolaşacağam və hamının üzünə, gözlərinə düz baxacağam! İndi də o fikirdəyəm: nə vaxt bura lazım olmasam, gedəcəyəm, şəhəri payi-piyada gəzəcəyəm və hamının üzünə, gözünə düz baxacağam!”.

 

Rəngi qızardı. Mən durub otağı tərk etdim. Ancaq bu da onun qərəzinin son cəhdi olmadı...

 

Mən bir dəfə də ad çəkmədən mətbuatda demişəm: bir qrup şəxs on il Ulu Öndərə mənim haqqımda aramsız olaraq uydurmalar, yalanlar, böhtanlar deyirdilər, şər atırdılar… Ulu Öndərimizin böyüklüyü həm də ondaydı ki, bir dəfə də olsun məndən soruşmadı: “Bu, nə məsələdir?” Ya “bunlar Sizdən nə istəyirlər?”. Yalnız bircə dəfə - o da Mehdiyevin və onun ən yaxın həndəvərindən iki nəfərin təkidi ilə! Mənim başım çoxsahəli gündəlik işlərin icrası ilə birlikdə Dünya Azərbaycanlıların Birinci Qurultayının çağırılması ilə bağlı hazırlıq məsələlərinə qarışmışdı. Bu qurultayla bağlı bir az əvvəldən başlamaq istəyirəm: mən Prezident Aparatında işə başlayandan bu barədə düşünürdüm. Siyahımda olan 10 möhtəşəm tədbirdən biri bu idi. Prezident Əbülfəz Elçibəylə danışdım, müzakirə etdik, razılıq verdi. Hazırlıq üçün təşkilat komitəsinin yaradılması ilə bağlı Prezident Fərmanının layihəsini hazırlayıb təqdim etdim və təxirəsalınmaz digər məsələlərin həlli ilə bağlı getdim Şimal-Qərb rayonlarına.

 

Balakəndə, Zaqatalada, Qaxda, Şəkidə, Oğuzda işlərimi görüb Qəbələyə gələndə elə rayonun sərhəddindəcə məni qarşılayan icra hakimiyyətinin başçısı salamlaşan kimi dedi: “Sizi təbrik edirəm. Əbülfəz Elçibəyin müavini oldunuz!”. Təəccübləndim: “Başa düşmədim” – dedim. İcra hakimiyyətinin başçısı açıqladı: “Televiziya indicə məlumat verdi – Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçiriləcək. Təşkilat Komitəsinin sədri Elçibəydir, siz isə tək müavin. “Yenə təəccübləndim – axı, Prezident sədri olan təşkilat komitəsinin sədr müavini adətən Baş Nazir olur...” Bakıya qayıdandan sonra təəccübümü Elçibəydən də gizlətmədim. O dedi: “O işi Sizdən yaxşı heç kəs görə bilməz”.

 

İşə başladım. Xaricdəki diaspor təşkilatlarımız yenidən, dəqiqliklə öyrənilməsinə başlanıldı, hamısına mənim imzamla müraciət göndərildi, bir sözlə, gərəkli hazırlıq işlərinə sürətlə start verildi. Bir dəfə Elçibəyin sədrliyi ilə Təşkilat Komitəsinin geniş iclası da oldu... Hazırlığa azı 8-10 ay vaxt lazım idi. Lakin Prezidentin Mədəniyyət məsələləri üzrə müşaviri Nihad Çətinqaya (Humanitar siyasət məsələləri üzrə Dövlət müşaviri və şöbəsi ola-ola, bu ştata nə ehtiyac var idi?) iki ayağını bir başmağa geyib, cəmi bircə nəfər olan işçisiylə təkid eləyirdi ki, qurultay bir, uzaq başı iki ay sonra keçirilsin. Dövlət quruculuğundan, qarşıdakı qurultayın miqyasından və mahiyyətindən xəbərsiz olan bu adam Prezident Aparatına gələnəcən İstanbulda kiçik ticarətlə məşğul olmuşdu.

 

Qurultayın tez keçirilməsini elə hay-küyə salmışdı ki, Əbülfəz Elçibəy də, Pənah Hüseynov da məndən soruşdular: “Bu nə üçün belə tələsir?”. Dedim: “Qurultayın miqyasını və mahiyyətini dərk etmir. Elə bilir İstanbulda, ya Bakıda bir qeyri-hökumət təşkilatının keçirdiyi, 15 gündən sonra unudulan tədbirlərdəndir”.

 

Mənlə razılaşdılar. Hərtərəfli hazırlığımıza davam etdik. Xalq Cəbhəsi hakimiyyətdən gedəndən sonra da!

 

Ulu Öndər Prezident seçiləndən 3-4 ay sonra bu məsələni Ona məruzə etdim. Dedi: “Hələ tələsməyin”. Sonrakı illərdə - müxtəlif vaxtlarda iki dəfə də məruzə etdim. Dedi: “Gözləyin”. Sonra düşündüm: “Bəlkə də baş tutacaq tədbir deyil?”. Siz deməyin, bu məsələdə də Ulu Öndərin müdrikliyinin, böyüklüyünün şahidi olacaqdım.

 

Prezidentin 2001-ci ilin yayında Sərəncamıyla Dünya Azərbaycanlılarının Birinci Qurltayının çağırılması, həmin ilin oktyabrına təyin olundu. Təşkilat Komitəsi yaratmadı, hazırlıq işlərinin aparılması Aparata tapşırıldı. Mehdiyevin əmri ilə yaradılan işçi qrupuna özünü rəhbər təyin etdi, üzvləri isə Aparatın və Nazirlər Kabinetinin yüksək vəzifəli şəxslərindən bir qrupu.

 

İşçi qrupunun iki, ya üç dəfə toplantısı oldu, ümumi texniki məsələlərdən danışıldı, nümayəndələr hansı prinsiplərə görə seçilməlidir? Qurultayın gündəliyi, bölmə sessiyalarının mövzuları, maliyyə və sair kimi əsas mətləblər unuduldu. Əvəzinə əcaib təklif verildi: “Qurultaya xaricdə fəaliyyət göstərən müxalifətyönlü təşkilatlara və ayrıca şəxslərə mandat verilməsin”. Qəribədir, içi qrupunun bəzi üzvləri də bu təklifi dəstəklədilər. Dedim: “Bu qurultay yalnız iqtidaryönlülərin qurultayı deyil, bütün xalqın qurultayıdır! Və bu qurultay müxalifətyönlüləri də milli dövlətçiliyimiz, xalqımızın vahid maraqları ətrafında birləşdirilməlidir!”. Bu mövzu çox müzakirə olundu, işçi qrupunun toplantılarından da kənara çıxdı, kənarda da ya məni müdafiə etmirdilər, ya da...susurdular. Yalnız o vaxtlar ABŞ-dakı səfirimiz Hafiz Paşayev qətiyyətlə bildirdi: “Ya hamısına mandat verilməli, dəvət olunmalıdırlar, ya da heç biri!”. Bu sözlər də mənə mənəvi dayaq oldu. Sonra bu məsələni Prezidentə məruzə etmək məcburiyyətində qaldım. Məni diqqətlə dinlədi:

 

-Siz əminsiniz ki, optimal variant budur? – soruşdu.

 

-Bəli, cənab Prezident, tamamilə əminəm,-cavab verdim.

 

-Onda tam sərbəstlik verin, qoyun özləri kimləri istəyirlər – seçsinlər – dedi.

 

Ancaq hazırlıq işləri günə, sutkaya sığmırdı. Amerikadan tutmuş, Avstraliyayadək qitələrdə - ölkələrdəki milli diaspor təşkilatları ilə, səfirlərimizlə əlaqələr saxlayır, qurultayın qayəsi, əsas mahiyyəti, təşkilatlarda nümayəndə seçiminin obyektiv aparılması və sair çoxsaylı vacib məsələlər barədə məsləhət verir, həm də müxtəlif yerlərdə vəziyyəti, əhval-ruhiyyəni öyrənirdim. Bakıdakı çoxsaylı təşkilat işləri də bir yandan...

 

Necə deyərlər, bu yerdə el sözü yada düşər – başımı qaşımağa vaxtım olmayanda da Mehdiyev və yaxın həndəvəri məni “unutmurdu”. Əvvəla, bir daha vurğulayıram: Mehdiyev və yaxın həndəvəri on il Ulu Öndərə mənim haqqımda uydurduğu yalanlar, böhtanlar, həqiqətlə heç bir əlaqəsi olmayan şayiələr deyirdilər, hətta hakimiyyətin bəzi üzvlərini də bu “kampaniyaya” qoşmaq istəyirdilər, dörd nazir özləri bu barədə mənə məlumat verdilər və onlar əlbəttə, Mehdiyevin tapşırığına məhəl qoymamışdılar. Ancaq bir az öncə qeyd etdiyim kimi, Ulu Öndərin dahiliyi həm də ondaydı ki, bircə dəfə də olsun məndən soruşmadı – bunlar nə məsələdir, ya bunlar Sizdən nə istəyirlər? Bu dəfə isə Mehdiyevin və yaxın həndəvərinin təkidi ilə məni dəvət etmişdi. Otağa daxil oldum. Gördüm Ramiz Mehdiyev, Aparatın iki şöbə müdiri əyləşiblər.

 

Prezident dedi:

 

-        Bunlar deyirlər ki, Siz burda muxtariyyat yaradıbsınız, heç kəsi saymırsınız. Öz yaradıcılıq işlərinizlə məşğulsunuz...

 

“Heç kimi saymırsınız” sözlərində yəqin “Ramiz Mehdiyevi saymırsınız” nəzərdə tutulurdu, “yaradıcılıq işləri”ndə isə Akademik Milli Dram Teatrında çox uğurla gedən “Bu dünyanın adamları” qəmli komediyamı.

 

Prezident çox açıq və çox aydın dedi.

 

Mən də çox konkret və çox aydın cavab verməli idim.

 

-        Cənab Prezident, - söylədim – mən həmişə subardinasiyanı dəqiqliklə gözləməyə çalışıram. O məslələlərlə ki, Aparatın rəhbərinə müraciət olunmalıdır – edirəm.

 

Ancaq Aparatın rəhbəri adətən çox gec münasibət bildirir (mən iki-üç dəfə eyni məsələni xatırladandan sonra), ya da heç bildirmir. Milli siyasətlə, xüsusilə, millətlərarası münasibətlərlə və dinlə məşğul olmaq isə belə etinasızlığı qəbul etmir. Bu sahənin biliciləri əbəs yerə demirlər ki, milli siyasətlə, dini qurumlarla məşğul olanların işi mina təmizləyənlərin işi kimidir, bir az ehtiyatsızlıq və ya operativsizlik fəlakətlər törədə bilər. Ona görə də münasibət bildirilməyən məsələlərimi özüm həll edirəm. Təvazökarlıqdan uzaq olmasın – hələ indiyəcən qərarlarımda yanılmamışam. Nəyi səhv etmişəmsə, qoyun desinlər. O ki qaldı yaradıcılıq məsələlərinə - təəssüf edirəm ki, siyasi vəzifədə çalışmağa başlayandan sonra bir sətir də bədii, ya publisistik yazı yazmamışam. Yenə deyirəm təəssüf edirəm. Buna sadəcə vaxtım olmayıb. Nəşriyyatlar öz maddi maraqları üçün kitablarımı nəşr ediblər, ancaq o kitablarda nə varsa hamısı bu vəzifəyə gələndə qədər yazdıqlarım, əvvəlki kitablarımda nəşr olunmuş əsərlərimdir. Milli Akademik Dram Teatrında tamaşa qoyulan “Bu dünyanın adamları” qəmli komediyası da səksəninci illərin əvvəllərində yazılıb, Ermənistan Dövlət Təhlükəsizlik Komitəsi əsəri anti-sovet pyesi sayaraq səhnəyə qoyulmasını qadağan etdi, hətta mənim rəhbəri olduğum İrəvan Dövlət Azərbaycan Teatrında da! Milli Akademik Dram Teatrımız öz təşəbbüsü ilə əsəri səhnəyə çıxardı, xeyi vaxtdır səhnədədir, tamaşaların hamısı da – anşlaq.

 

Prezident məni diqqətlə dinləyirdi, sözümü yekunlaşdırmaq istəyəndə təbəssümlə, özü ilə danışırmış kimi soruşdu:

 

- O vaxt yazılan əsəri nə əcəb indi tamaşaya qoyublar?

 

Yenə üzündə xoş təbəssüm!

 

Sözümü bitirməyə çalışırdım:

 

-Cənab Prezident, mən bütün günü – səhər tezdən gecə yarıyadək (okeanın o tayı ilə telefon söhbətlərim gecələr olur) Qurultayın hazırlığı işləri ilə məşğulam. Hələ buradakı çoxsaylı, çox yönlü işləri demirəm. Görülən və görüləcək işlər günə sığmır. Bunlar isə...nələrlə məşğuldurlar…

 

Prezidentin xoş təbəssümü, mənim sözlərim, məsələnin belə müzakirəsinin yekunlaşması əlbəttə, Mehdiyevin ürəyincə deyildi, ümidi deyəcəyi cümləyə qalmışdı:

 

-        Milli məsələlər üzrə Dövlət Müşaviri xidmətini Xalq Cəbhəsi yaratmışdı...

 

Onun sözünü kəsməyə məcbur oldum:

 

-        Xeyr, Xalq Cəbhəsindən xeyli öncə, uzun illər sizin funksioneri olduğunuz Kommunist partiyası yaratmışdı. Bunu da bilmirsiniz?

 

Prezident əli ilə işarə etdi ki – bu məsələ bitdi. Sonra mənlə əlaqəsi olmayan tamam başqa məsələdən danışdı. Şöbə müdirlərindən biri bu mövzuda fikir söyləyəndə qətiyyən yerinə düşməyən bir ifadə işlətdi, Prezident çox əsəbiləşdi. Əvvəlcə ona ciddi irad tutdu, sonra – “Durun, çıxın gedin!” – deyərək hamını otaqdan qovdu. Mehdiyev xahiş etdi ki, qalsın, guya vacib bir məsələni təkidlə məruzə etmək istəyir. Əlbəttə, bu xahiş bizim yanımızda kabinetdən qovulmağını gizlətmək üçün idi.

 

Biz çıxdıq, o qaldı. Adətən bu şöbə müdirləri bir yerə gedəndə, hansısa kabinetə daxil olanda və yaxud kabinetdən çıxanda, öncə mənə yol verirdilər. Bu dəfə özlərini elə itirmişdilər ki, öncə kabinetdən qovulmağın səbəbkarı çıxdı qapıdan, sonra o biri. Lap “maraqlısı” o idi ki, qapıdan çıxıb köməkçinin otağına daxil olan kimi əvvəlcə soldakı qapıya tərəf addımlamaq istədi. Bu qapı isə yalnız Prezidentin istifadə etdiyi qapıydı və onun liftinə açılırdı. O biri müdir isə duruxdu, sonra sağ tərəfə - Prezidentin böyük qəbul otağına açılan qapıya tərəf addımladılar.

 

İş otağıma qayıtdım. Xeyli var-gəl edə-edə, şkaflarda yan-yana düzülmüş çoxsaylı kitablarıma baxa-baxa düşündüm: “Bəlkə bunların əlindən çıxım-gedim? Bu kitabları qablaşdırmaq və aparmaq üçün nə qədər vaxt lazımdır? Bəs, qurultay? Axı, on bir ildir onun keçirilməsi arzusu ilə yaşayıram. Bəs, milli siyasətin, dinin, qaçqınların, xaricdə yaşayan soydaşların… çoxsaylı problemlərin həllinin başa çatdırılması?

 

Prezidentin xoş təbəssümü gözümün önündən getmirdi. Çalışdım heç nə olmamış kimi əyləşim və işləri davam edim.

 

Belə də oldu: O gün də gecə yarıyadək işlədim.

 

Prezident o üçlüyün təxribat cəhdlərindən dörd gün sonra Qurultaya hazırlıq məsələləri ilə bağlı ayrıca müşavirə keçirdi, iştirakçılar - ogünkü üçlük, bir də Prezidentin İşlər İdarəsinin müdiri və mən məruzə etdim. Mənim sözüm deyəsən bir az çox çəkdi – çoxsaylı vacib məsələlərlə yanaşı, M.F.Axundzadə nəslindən kim qalıbsa, qurultaya dəvət olunmasından danışdım. Dedim: “Mirzə Fətəlinin anadan olmasının 150 illiyində Sizin təşəbbüsünüzlə o vaxtlar Yaponiyada yaşayan kötücəsinin yubileyə gəlməsi həmişə xoş xatırlanır. İndi isə o nəsildən kimsə tapılmır.

 

-Nə üçün Yaponiyada? - Prezident soruşdu.

 

Mən yerli-yataqlı cavab verməyə çalışdım: Mirzə Fətəli Güney Azərbaycanda, Xamneidə anadan olub. Anası onun üstünə günü gətirilməsinə dözməyib Fətəlinin atasından ayrılır. “Bölgüyə” görə uşaq atası ilə qalmalı imiş... Anası gecəyarı Şəkiyə yola çıxanda ögey bacıları haray salırlar: “Fətəli, anan gedir!”. Fətəli yuxudan oyanıb çox çılğınlıq edir, evdəkilər qorxurlar - uşağın başına iş gələ bilər. Deyirlər: “Anası ilə getsin, sonra qaytararıq”. Fətəli anası ilə Şəkiyə gəlir və daha ora qayıtmır. Görkəmli yazıçı, böyük mütəfəkkir olandan sonra yazırdı: “Mən Mirzə Fətəli Axundov olduğum üçün o ögey bacılarıma minnətdaram. Əgər onlar həmin gecə məni yuxudan oyatmasaydılar, Xamneidə qalıb ən çoxu qəzəlxan olacaqdım”.

 

Bu, həqiqətdir. Mirzə Fətəli ərəb əlifbasından qurtulmaq, Azərbaycan qrafikalı latın əlifbası yaratmaq və ona keçmək məsələlərini müzakirə etmək üçün Güney Azərbaycana gedəndə bacılarına baş çəkir. Əziz Əliyev 1942-ci ildə Güneydə çalışanda da xidməti işləri başından aşsa da, Xamneyə getməyə, onlarla görüşməyə, ehtiyacları ilə maraqlanmağa, kömək etməyə vaxt tapır. Sonra... Axundzadələr nəslindən qalanlar Yaponiyaya gedirlər, kötücə də ordan gəlmişdi. Amma indi heç bir məlumat ala bilmədik...

 

Başqa məsələlərdən də geniş danışdım. Prezident dinləyir və suallar da verirdi. Hazırlığın gedişində razı qaldığı hiss olunurdu. O müşavirədə yalnız mən danışdım və Prezidentin arabir verdiyi suallar da mənə ünvanlanırdı... Müşavirədən sonra iş otağıma çatan kimi İşlər İdarəsinin müdiri mənə telefon açdı: “Prezident Sizin xətrinizi çox istəyir” - dedi.

 

Zarafatla soruşdum: “Nədən bildiniz?”. Dedi: “Kim o qədər danışsaydı, sözünü kəsərdi”. İşlər İdarəsinin müdiri 4 gün öncə o “üçlüyün” təxribat törətmək cəhdlərindən və Prezidentin dərhal əsl həqiqəti görməsindən, onlara sərt münasibət bildirməsindən xəbərsiz idi...

 

İndicə dediyim kimi, iş otağıma çatan andan heç nə baş verməmiş kimi hazırlıq işlərini davam etdirdim, səfirlərimizə, diasporlarımızın rəhbərlərinə zəng zəng dalınca çalındı, müvafiq yazışmalar... Onu da deməliyəm: bütün doxsanıncı illər boyu (qurultayın keçirilməsinə ümidimin azaldığı vaxtlarda!) xaricdəki soydaşlarımızın təşkilatlanması, bir araya gəlmələri, milli qayə ətrafında sıx birləşmələri problemləri ilə ardıcıl məşğul olurdum. Ulu Öndərin müvafiq sərəncamından sonra isə hər günümün əsas mövzularından idi. Bu sahədə görülən işlərin hamısı bir yazıya sığmaz. Ona görə iki-üç fakt deməklə kifayətlənirəm: Qurultay Respublika Sarayında işinə başladı, möhtəşəmliyin son dərəcəsində keçdi. Təsəvvür edək - həmin dövrdə dünya ölkələrində 300-dən çox azərbaycanlı icması - təşkilatı fəaliyyət göstərirdi və qurultaya onların hamısından 403 nümayəndə gəlmişdi, nümayəndələrin ümumi sayı isə - 1105 nəfər idi.

 

Qurultayın birinci günündə Prezidentin tarixi çıxışı xaricdəki soydaşlarımızın ömürlük milli şüur məramnaməsi oldu. Qurultay ikinci gün 5-6 seksiyada işini davam etdirirdi. Seksiyaların hamısına baş çəkdim - mövzuya vurğunluq, məmnunluq, sevinc coşğunluğu plenar iclasdan seçilmirdi. Növbəti plenar iclasda dinlədiklərimiz isə milli şüurumuzun bəyannaməsi idi!

 

Sonra “Gülüstan”da möhtəşəm ziyafət - üzlərdə təbəssüm, ürəklərdə Vətən məhəbbəti!

 

Ziyafətin sonunda bir çox xarici nümayəndələr Prezidentə yanaşdılar, söhbət etdilər. Mən yaxınlıqda dayanmışdım. Düşünürdüm - Prezidentin tapşırığı ola bilər. Amma tapşırıq ertəsi günə qalmalı imiş.

 

Prezident Aparatdan 4-5 yüksək vəzifəli şəxsi qəbul etdi. Qurultayın yüksək səviyyədə təşkil olunması üçün təşəkkürünü bildirdi. O vaxtacan çox ölkə regional və beynəlxalq miqyaslı böyük tədbirlər keçirilmişdi, ancaq ilk dəfə idi ki, belə təşəkkür edilirdi. Sonra üzünü mənə tərəf tutdu: “Gülüstan”da bir çox nümayəndələr qəbul üçün mənə müraciət etdilər. Siz onları bir-bir qəbul edin. Baxın, kimlər Sizin qəbulunuzla kifayətlənməyib mənlə görüşməyə maraqlı olsalar, deyin, qəbul edim. Yox, Sizin qəbul etməyinizlə qane olarlarsa, onda ehtiyac yoxdur”.

 

Dedim: “Aydındır, cənab Prezident!”.

 

Prezident yeni tarixi qərar verəcəyini də onda açıqladı: “Qurultay göstərdi ki, xaricdə yaşayan soydaşlarla bağlı dövlət qurumu yaratmağa ciddi ehtiyac var” və az sonra müvafiq Dövlət Komitəsi yaratdı.

 

Qonaqlar o illərdə Bakının ən yaxşı otellərindən olan “Avropa”da qalırdılar, onlara da bir rəhbər nümayəndə seçilmişdi. Siyahını tərtib edib təqdim etdilər – baxdım - çox uzun siyahı idi. Onların oteldə qalma vaxtı bizim hesaba bir həftə də uzadıldı. Səhər saat 10-dan axşam 7-yə qədər onları bir-bir qəbul etdim. Hamısı heyranlıq içində idi - elə razılıq edirdilər, minnətdarlıqlarını bildirirdilər, deyirdilər biz Vətəndən arxası, dayağı olan azərbaycanlı kimi gedirik. Bir nümayəndə də narazı getmədi, bir nəfər də demədi ki, onu Prezident qəbul etsin. Hamısında o da aydın hiss olunurdu ki, qurultay onlara bundan sonra Azərbaycançılıq məfkurəsi naminə daha səylə, daha ehtirasla işləməyə yeni impuls, güc, qüdrət verib.

 

Sonra bizim xarici ölkələrdəki səfirlərimizdən təşəkkür, təbrik zəngləri bir-birinin ardınca gəlirdi, fantastik təriflər, yüksək fikirlər... Onların dediklərini açmıram, bircəsindən başqa: Fransadakı səfirimiz Elenora xanım (soyadını unutmuşam) Prezident Aparatının şöbə müdiri Salman Cəfərovla birlikdə yanıma gəldilər (onlar yaxın qohum idilər). İçəri daxil olan kimi Elenora xanım salamdan öncə “naçionalnıy geroy” dedi. Mən də cavabımda “Milli Qəhrəman möhtərəm Prezidentimizdir!” - söylədim. Sonra Elenora xanım Fransadan qurultaya gələnlərin heyranlıq təəssüratlarından xeyli danışdı. Belə rəylər dünyanın hər yerindən gəlirdi.

 

Bu epizod üzərində niyə çox dayandım? Qurultaya hazırlıq mənim şəxsi işim deyildi, öz marağım barədə söhbət gedə bilməzdi, dövlətimin, millətimin  möhtəşəm tədbiri idi. Mehdiyev başda olmaqla bəzilərinin köməyi bir yana qalsın, bu vəzifəni layiqincə yerinə yetirənə mane olmaq? Məni Prezidentin gözündən salmaq üçün yalanlara, dezinformasiyalara əl atmaq? Nə üçün?.

 

Belə antidövlət “ssenarilərini” mənə qarşı tez-tez hazırlayırdılar. “Tamaşaya” qoymağa cəhd edirdilər, heç biri alınmırdı, amma yenə sakitləşmirdilər, əl çəkmirdilər.

 

Allah Ulu Öndərimizə rəhmət eləsin, cənab Prezidentə cansağlığı versin!

 

İnsanda (özü də rəhbər işçidə!) bir insana qarşı nə qədər qərəz, kin-küdurət, məkr ola bilərmiş?! Özü də bir də vurğulayıram - gördüklərim mənim şəxsi işim deyildi - özümün nə marağım ola bilərdi? Dövlətin işiydi, millətin işiydi!.

Mən 39 yaşımacan Qərbi Azərbaycanda yaşamışam, 23 yaşımda ikən çox yüksək, məsul vəzifə tutmuşam, dövlət vəzifəmdən əlavə, milli ədəbi mühitimizə başçılıq etmişəm. Ermənilər (respublikanın rəhbəri Karen Demirçiyan da!) mənim milli şüurumdan (onların dili ilə desək, millətçiliyimdən, türkçülüyümdən) çox narahat olublar.

 

Ancaq başımın üstündə Allahım ola-ola deyə bilmərəm ki, erməni şovinistləri məni işləməyə qoymurdular. Rəhbərlik etdiyim, indi 150 yaşı yaxınlaşan İrəvan Dövlət Azərbaycan Dram Teatrı mütəxəssislərin fikrincə, mənim rəhbərliyim dövründə zəngin tarixinin ən şərəfli, intibah illərini yaşadı. Qərbdə milli mədəniyyətimiz, ədəbiyyatımız heç vaxt görünməmiş dərəcədə inkişaf etdi, mən özüm şair-dramaturq, nasir, publisist kimi geniş tanındım. Sovetlər Birliyinin, Azərbaycanın, Ermənistanın yüksək dövlət mükafatlarına, fəxri adına layiq görüldüm. Ermənilər məni “millətçi” olduğum üçün təqib etməyə can atsalar da.

 

Bəs bizdə? Özümüzünkülər? Əgər Mehdiyevin təqibləri, qərəzləri, açıq düşmənçiliyi yalnız o möhtəşəm qurultayın hazırlığı ilə bağlı olsaydı, bəlkə də bu epizod üstündə bu qədər dayanmazdım. Yox, hər addımda təqib, mane olmaq, işləməyə qoymamaq cəhdləri. Özü də bu işlərin demək olar hamısı xalqımızın və dövlətimizin taleyüklü məsələləri idi. Belə taleyüklü məsələlərdən heç olmasa biri üzərində də dayanmamaq olmur. Öncə onu birmənalı şəkildə ürəyimin hökmü ilə bir daha bəyan edirəm – mən gənclik illərimdən gürcü xalqını və bütöv Gürcüstanı çox sevirəm. Hələ gənclik çağlarımdan – İrəvanda çalışdığım zamanlardan.

 

Uşaqlıq illərində gürcü filmlərinin, “Bəbir dərili cəngavərin”in qəhrəmanları yol yoldaşlarım olurdular. İrəvanda ötən gənclik illərimdə rəhbərlik etdiyim Dövlət Teatrımızın azı iki ildən bir baş tutan Tbilisi, qonşu ölkənin müxtəlif bölgələrinə yüksək səviyyəli qastrol səfərləri bu dəyərli qonşularımızı mənə yenidən sevdirdi. Məhz o illərdə yazdığım, yarım milyonadək tirajı olan “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyim (sonra gürcü dilində dərc edilən) “Tbilisiyə məktub” essem hədsiz maraq doğurdu. Siyasi vəzifəyə keçəndən sonra qonşu ölkəylə daha ciddi, daha sıx əlaqələrimiz, birgə əməkdaşlığımız oldu. Mənim gürcü xalqına münasibətim ayrıca, bu yazıdan da irihəcmli mövzudur. Ona görə böyük dövlət xadimi Eduard Şevardnadzenin sözlərini xatırlayaraq bu yazının mətləbinə keçmək istəyirəm:

 

“...Xalqlarımızın layiqli və görkəmli oğullarının şəxsi dostluğu da hamıya məlumdur. Mirzə Fətəli Axundov və Akaki Seretelinin dostluq münasibətlərini qeyd etmək yerinə düşərdi. Bu ənənə xalqlarımızın ən ağır dövrlərində də davam etdirilmişdir. Səməd Vurğunla Georgi Leonizde, Hidayət Orucovla Quram Pançikadze bu gözəl ənənələrin parlaq davamçılarıdır”.

 

Eduard Şevardnadze çıxışında mənim fəaliyyətimi çox yüksək dəyərləndirəndən öncə - 17 dekabr 2002-ci ildə imzaladığı sərəncamla Gürcüstan və Azərbaycan arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mühüm xidmətimə, Gürcüstan mövzusunda yaratdığım bədii əsərlərimə, gürcü ədəbi irsini yüksək professional səviyyədə tərcümə və nəşr etdirdiyimə görə məni ölkəsinin yüksək mükafatı “Ləyaqət” ordeni ilə təltif etmişdi.

 

Əlavəyə ehtiyac yoxdur. Bircə onu deyim ki, mən siyasi vəzifələrdə ola-ola Tbilisidə gürcü dilində 2 şeir kitabımı nəşr etdilər. Zarafatla deyirdim ki, “gürcü dostlarım yadıma salırlar ki… mən yazıçıyam!”. Gürcü ziyalıları, yazıçıları haqqımda çox yüksək fikirlər söyləyirlər.  Son vaxtlar Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvilidən aldığım məktub sətirləri: “Hər bir gününüz Vətənlə, Sülhün hakim olduğu dünya ilə müşaiyət olunur. Biz həmkarlarınız üçün Siz müdriklik, istedad və səxavət rəmzisiniz. Siz Gürcüstanın əsl dostu və gürcü yazıçılarının ən əziz həmkarısınız!”.

 

Mənim gürcü xalqına tükənməz məhəbbətim haqqında danışmağıma burda nöqtə qoymaq istəyirəm. Çünki nə qədər danışsam da, ürəyim yenə dolu qalacaq. Lakin... Gürcüstanda gürcü familyası altında milli mənsubiyyətini danan və özlərini gürcü elan edən çoxsaylı erməni əsilli, radikal erməni millətçisi vətəndaşlar var. Onların bəziləri Prezident Aparatında, Parlamentdə, Hökumətdə, o illərdə mənim əziz dostum Sandro Kafsadzenin sədri olduğu Millətlərarası Münasibətlər üzrə Dövlət Komitəsində, digər dövlət qurumlarında özlərinə “rahat yer”  tutmuşdular və hər sahədə xalqımız, dövlətimiz üçün problemlər yaratmağa cəhd edirdilər. Əsas təcavüzkar, təxribatçı istiqamətlər bunlar idi: soydaşlarımızın Gürcüstandan deportasiyasına nail olmağa, ölkəmizdə yaşayan gürcülərin guya hüquqlarının pozulması barədə ardıcıl dezinformasiyalar yaymaq, hətta Şimal-Qərb bölgəmizə arınmaz-arınmaz ərazi iddiası, bununla birlikdə bölgədə yaşayan inqiloyların gürcü kimi tanınması və IV əsrə aid Gürmük məbədinin (qədim adı – Ay Məbədi) gürcü məbədi kimi təqdim olunması… Erməni əsilli “gürcülər” bu təxribatçı yozumlarını hətta ictimailəşdirməyə, E.Şevardnadzeyə müxalifətdə olan qrupları da bu təxribatlara qoşmağa cəhd edirdilər. Digər çoxsaylı problemlərlə bağlı işim başımdan aşsa da, ildə üç-dörd dəfə Şimal-Qərb bölgəmizdə, iki-üç dəfə Gürcüstanda olurdum, çox gərəkli  işlər görülürdü, layihələr həyata keçirilirdi. Bir acı faktı heç vaxt unutmuram: mən tutduğum vəzifədə siyasi-rəsmi 1993-cü ilin payızında ilk dəfə Gürcüstana gedəndə oranı artıq 82 min soydaşımız tərk etmişdi, qalanlarının isə necə deyərlər - çamadanları əllərində idi. Biz Sandro Kafsadze ilə bir həftəyədək yalnız Tbilisidə və ətrafdakı bölgələrdə deyil, soydaşlarımız yaşayan bütün rayonlarda olduq, həm soydaşlarımızla, həm də rəsmi dairələrlə görüşlər keçirdik, məhsuldar müzakirələr aparıldı. Qısaca deyim qərəzli işin müsbət nəticəsi dərhal hiss olundu birdəfəlik – köç dayandı və tezliklə geriyə - ata-baba yurdlarına qayıdış başladı. Mehdiyev o dövr üçün çox gərəkli olan bu fəaliyyəti də “həzm edə” bilmirdi. Onun əsassız narazılığını hiss edirdim, ancaq fikir vermirdim. Bir dəfə isə... Tbilisiyə növbəti ezamiyyətimlə bağlı sənədin üstünə kiçik bir kağız əlavə edib üzərində yazmışdı: “Qatarla getməsinə etiraz etmirəm”. Təyyarə ilə də olmazdı? Hansı Dövlət müşaviri, Prezident Aparatının şöbə müdiri, hökumət üzvləri… Tbilisiyə qatarla gedir? Qatarla getsə, bəs orda necə işləyəcəkdi? (Onu da deyim ki, o vaxtlar Gürcüstanda səfirliyimiz təzəcə açılmışdı, hələ formalaşmamışdı).

Mən onun ağlabatmaz qeydinə fikir vermədən növbəti dəfə və sonralar həmişə ona heç nə demədən Gürcüstana xidməti maşınımla getdim. O mənə heç nə demədi, desəydi, bilirdi ki, burada yazdığım sözləri eşidəcəkdi.

 

Yenə Gürmük (Ay Məbədi) ziyarətgahına qayıdıram. Erməni əsilli, millətçi erməni xislətli, gürcü libaslı məmurlar və “ictimaiyyətçilər” artıq dediyim kimi – bu təxribatçı iddialarını ictimai mühitdə, dini aləmdə, rəsmi dairələrdə yaymışdılar.  Mənim hədsiz hörmət etdiyim Gürcüstan Patriarxı Zati-Müqəddəsləri II İlya da bu məsələ ilə bağlı mənlə danışdı, mən ona yalnız həqiqəti söylədim: “Gürmük (Ay Məbədi) Qafqaz Albaniyasının – Azərbaycanın məbədi - incisidir. Fikir verirsinizmi, oranı ziyarətə xristianlardan çox azərbaycanlılar – müsəlmanlar gəlirlər.

 

Məbəd XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində baxımsız hala düşüb, xarabalığa çevrilib. Rusiya Azərbaycanı işğal edəndən sonra o xarabalıqdan bir az aralı rus pravoslav məbədi tikib və o da həm müsəlmanların, həm də xristianların ziyarət yeri olub” (Məni diqqətlə dinlədi, dediklərimə etiraz etmədi).

 

Zati-Müqəddəsləri Patriarx çox müdrik və yüksək intellektli din xadimidir. Bir daha vurğulayıram: Ona hədsiz hörmətim var! Ancaq görünür, erməni əsilli gürcü libaslılar onu rahat qoymurdular. Onun imzasıyla möhtərəm Prezidentimizə mənə söylədikləri məzmumda müraciət daxil oldu. Prezident müraciəti baxılmaq üçün mənə ünvanlamışdı. Mən məktuba bu sətirlərdə söylədiyim əsaslarda münasibət bildirmişdim.

 

Ancaq bundan xeyli öncə bir epizodu da xatırlatmalıyam. Ulu Öndərimiz Eduard Şevardnadzenin ölkəmizə rəsmi səfəri ərəfəsində məni dəvət edib tapşırıq verdi: “Bilirsiniz, Şevardnadze Bakıya gəlir. Orda müxalifət onu rahat buraxmır, sıxışdırır. Guya Azərbaycanda yaşayan gürcülərin hüquqları pozulur, “Gürmük” məbədi və ilaxır. Səfər proqramına Zaqatalanı, Balakəni, Qaxı salmağı israr edirlər. Ona görə də Şevardnadze özünün ora getməməsi üçün səfər öncəsi xarici işlər nazirini ora göndərmək istəyir. İki gün sonra Həsən Həsənovla ora gedəcəklər. Siz onlardan öncə gedin. Özünüz də bilirsiniz -  bu gün hansı vacib işlər görəcəksiniz”.

 

Əlbəttə, bilirdim!

 

Bu mövzuda müfəssəl söhbət etdik. Konkret tapşırıqlarını verdi, bir daha milli siyasət məsələlərini çox dərindən bilməsinə heyrətləndim.

 

Xarici işlər nazirləri 2 gün sonra gedirlər ora? Onda elə bu gün çıxmaq lazımdır. Amma necə? Qış idi, Bakıya görünməmiş qar yağmışdı. Bəs yollar necə? Respublika Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalova zəng çaldım. Dedi: “Avtomobillə getmək qəti mümkün deyil”.

 

Ümid qaldı qatara. Dəmiryol rəisi Ziya Məmmədov elə öz VİP vaqonunu qatara qoşdu, həmin axşam yola çıxdım, səhər tezdən Qaxda idim. Məni qarşılayan rayon icra hakimiyyətinin başçısı Xəyyam Məmmədovla icra hakimiyyətinə, ya qonaq evinə getmədən işə başladıq. İki gün səhər saat 9-dan axşam 9-a, 10-dək işləyirdik... Nəhayət, iki gün keçdi, nazirlər gəldilər. Bölgədə gürcülər yaşayan bütün kəndlərdə olduq, görüşlər keçirdik. Azərbaycan dövlətinə düzgün milli siyasət yeritdiyi üçün minnətdarlıqdan başqa heç nə eşitmədik. Söhbət yalnız dostluqdan, xalqımızın tolerantlıq xüsusiyyətlərindən, dövlətimizin milli, dini azlıqlara diqqətindən, tolerant münasibətindən gedirdi. Vəziyyəti belə görən nazir İrakli Menaqaraşvili “Gürmük” məbədini heç xatırlamadı da!

 

İnqiloy kəndlərində görüşlərdə isə çıxışçılar birmənalı, qətiyyətlə bildirdilər: “Qonşu respublikalarıq, xoş gəlirsiniz, dostuq, ancaq missionerlərinizə deyin ki, qardaş, biz gürcü deyilik, inqiloyuq, Qafqaz Albaniyasının yadigarlarındanıq!. Gəlib burda ağlabatmayan, yaramaz təbliğat aparmasınlar. Bizi maddi baxımdan həvəsləndirib xristian etmək istəyirlər. Biz müsəlmanıq və müsəlman da qalacağıq. Biz gürcü deyilik!”.

 

İrakli Menaqaraşvili ilə iki gün işlədik, sonra onu Balakən körpüsündən Tbilisiyə yola saldıq. Nazirlər gələndə də, biz Bakıya qayıdanda da artıq yollar açıq idi, Həsən Həsənovun xidməti maşınındaydıq. Dövlət işində, rəsmi vəzifələrdə çox şey görmüş Həsən müəllim mənə deyirdi: “Sən mənim gənclik illərimdəki kimi işləyirsən...”.

 

Nazir Menaqaraşvili o səfərdə yalnız Azərbaycan həqiqətlərini gördü, eşitdi, maraqla dinlədi, məmnun oldu. Çünki əsl gürcü oğlu gürcü idi!

 

Nazirlərin Şimal-Qərb bölgəsinə səfərindən iki il öncə qonşu ölkənin Millətlərarası Münasibətlər üzrə Dövlət Komitəsinin sədri Sandro Kafsadze də bu bölgəmizdə olmuşdu. Onu müşayiət edən əməkdaşların içində erməni əsilli, millətçi erməni xislətli, gürcü familyalı, gürcü libaslı birisi də vardı. Hətta o da bölgənin reallıqları ilə tanışlıqdan sonra etiraf etməli oldu: “Bu səfər bizə çox şey verdi, açığı, belə bilmirdik...”.

Proseslər beləcə öz axarıyla gedir, həqiqətlər bədxahlarımızı da susdurur, milli siyasətimiz yalnız qonşular arasında deyil, uzaq ölkələrdə də yaxşı nümunə kimi göstərilir, yayılmasına cəhd edilirdi.

Lakin... Bir gün Qax Rayon İcra Hakimiyyətinin başçısı Abbas Göyüşov həyəcanla mənə telefon açdı: “Gürmükdə əsaslı təmir adıyla “yenidənqurma” aparıb, çox şeyi dəyişiblər və memarlığın gürcü üslubuna çeviriblər”.

Sanki telefonun dəstəyi əlimdə dondu:

 

- Bəs, Siz hara baxırdınız? – soruşdum.

 

- Bizi yaxın qoymurdular. Biz də üz vurmurduq. Çünki təmiri nazirliklərimizdən birinin inşaat təşkilatı həyata keçirirdi. Kimin ağlına gələrdi ki, özümüzünkülər belə xəyanət edə bilərlər?

Eləmişdilər... Şəkillərdən də aydın görünür: rus provaslav kilsəsini necə gürcü kilsəsinə çevirmişdilər. Məndən necə qəsdlə gizlətmişdilər – özləri bilir.

 

Nazirlik bu xəyanəti Mehdiyev olmadan eləmişdi? Mehdiyevin belə işlərdə “zəngin” təcrübəsi var: məhz o Mərkəzi Komitədə elm və təhsil şöbəsinin müdiri, sonra ideologiya üzrə katibi olanda Yuxarı Qarabağda erməni məktəblərində və mədəniyyət ocaqlarında əsasən daşnakçılıq, anti-Azərbaycançılıq dərsləri keçirilmiş, Xankəndi İnstitutu və Dövlət Dram Teatrı bu təcavüz dərslərin ideoloji mərkəzinə çevrilmişdi. Mən bu dəhşətli həqiqətləri 1988-ci ilin fevral ayında – Qarabağın ən qorxulu günlərində Mərkəzi Komitənin tapşırığı ilə Vahid Əzizlə, bir neçə nəfər digər məmurla Xankəndidə olanda açıqca hiss etdim. Onu da deyim ki, birinci katib Kamran Bağırov başda olmaqla respublikanın bir sıra rəhbərləri də ordaydılar. Hətta Mərkəzi Komitənin kənd təsərüffatı üzrə katibi, Nazirlər Sovetinin Nəqliyyat şöbəsinin müdiri, Respublika Həmkarlar İttifaqının Sədri (onu heç unutmuram-Vilayət Partiya Komitəsinin Plenumunda sədr Lidiya Rəsulova əsl həqiqətləri aşkarlayan kəskin çıxış etdi-Allah ona rəhmət eləsin) və ideologiya məsələləri ilə məşğul olmayan başqaları. Bəs MK-nın ideologiya üzrə katibi? Digər “ideoloqlar?”

 

R.Mehdiyev Şimal-Qərb bölgələrimizdəki “fəaliyyətinə” burda son qoymaq olardı, lakin… Bu bölgədə aparılan milli siyasətimizin üstünlükləri, həyata keçirilən ardıcıl böyük tədbirlər xüsusilə milli azlıqların hədsiz məmnunluğu barədə ölkə mətbuatında da informasiyalar, yazılar çap olunurdu. Bu işdə o vaxtlar “Azərbaycan” qəzetinin bölgə müxbiri, istedadlı jurnalist (indi Elmlər Akademiyasının Arxeologiya və Antropologiya şöbəsinin müdiri, elmlər doktoru, professor) Qafar Cəbiyevin xidmətləri xüsusilə vurğulanmalıdır. Qafar “inqiloylar gürcü deyil” – həqiqətinin də əməkdaşı olduğu qəzetdə vurğulamışdı və bundan sonra Mehdiyevin qəzetin baş redaktoru Əmir Mustafayevə qəzəbli telefon zəngi gəlmişdi: “İnqiloylar gürcü deyil, bəs kimdirlər?”. İnqiloylar Gürcüstan nazirinin üzünə dedilər: “Biz gürcü deyilik, inqiloyuq!”. Mehdiyev soruşur: “Gürcü deyillər, bəs kimdirlər?”.

 

Artıq bu yazıda dediyim kimi – o vaxtlar mütəlif ölkələrdən olan həmkarlarım mənim bir sözümü tez-tez sitat gətirirdilər: “Mill siyasətlə məşğul olanların “işi” minatəmizləyənlərin işinə oxşayır: bir azca diqqətsizlik hər şeyi məhv edər”. Ona görə belə faciələrdən qorunmaq üçün iki qat-üç qat işləmək lazım gəlirdi və min şükürlər olsun Tanrıya – on dörd ildə bir dəfə də olsun mənfi insidentə yol verilmədi!

 

Mən Mehdiyevlə bir yerdə işləməyə başlayandan hiss edirdim - o, Kamran Bağırovu sevmir, hətta iki-üç dəfə onun haqqında mənfi “epizodlar”söylədi! Ancaq həqiqəti neçə ildən, yaşlaşandan, yaddaşı korlanandan sonra açdı. Demə, Kamran Bağırov həmin fevral günlərində Xankəndidən qayıdandan sonra onu kəskin və çox haqlı tənqid edib: “Siz hara baxırsınız?”

 

Bütün tarixi ədəbiyyatda, hətta Strabonda da Qafqaz Albaniyasının 26 xalqı içində gürcülərin də olması barədə bir söz yoxdur. Bəlkə Mehdiyev (Strabon eramızın ilk əsrində yaşayıb, tarixi həqiqətləri qələmə alıb) Strabondan əvvəl yaşayıb, Zaqatalada, Balakəndə… gürcü görüb?

 

Dövlət müşaviri xidmətinin azsaylı əməkdaşları ilə işimiz başdan aşsa da, tez-tez bu xidmətlə əlaqəsi olmayan məsələlərlə də məşğul olurduq. Çünki Aparatda o işləri bizim xidmət kimi heç bir qurum o səviyyədə edə bilməzdi. Dövlət çevrilişi cəhdlərinin və onun yüksək peşəkar səviyyədə qarşısının alınmasını əks etdirən “Qəsd” kitabının hazırlanmasını mənə Prezident özü tapşırmışdı. Milli Elmlər Akademiyasında möhtəşəm təqdimatı keçirildi (ancaq açıq hiss olunurdu ki, bu möhtəşəmlik də onun xoşuna gəlmirdi). Kitabı hazırladıq, nəşr olundu, ciddi müsbət əks-səda verdi. Toplunun hazırlanmasında bir an da iştirak etməyən Mehdiyevin də adını mənim adımla bir yerdə “buraxılışa məsul” kimi kitabın titul vərəqəsinə yazdıq. Bir məsələ məni çox narahat edirdi: o illərdə ölkə Prezidenti səviyyəsində tez-tez müşavirələr, müxtəlif ölkə miqyaslı, beynəlxalq tədbirlər keçirilirdi və demək olar - hamısında Ulu Öndər tarixi çıxış edirdi, düşünürdüm: bu dəyərli çıxışları sonra kim toplayacaq? Kim nəşr edəcək? Gələcək nəsillərə çatdıracaq? Hamısını əhatə edə biləcəklərmi? İndicə dediyim kimi - öz sahəmlə bağlı işim başımdan aşsa da, çoxcildliyin plan layihəsini hazırlayıb Mehdiyevə təqdim etdim. Adını da müəyyənləşdirdim: “Müstəqilliyimiz əbədidir”. Mehdiyev layihəni kabinetinin pəncərəsinin qabağındakı jurnal stolunun üstünə qoydu. Üç-dörd həftə orda qaldı, heç əl vurmadı da. Mən soruşanda isə sözü bu oldu:

 

- Götürün, özünüz necə bilirsiniz edin.

 

Götürdüm, hazırlamağa başladım, çox gərgin iş getdi. Titul vərəqəsində buraxılışa məsul kimi onun adını da yazdıq: dörd cildi çap olundu. Növbəti beşinci cildə çatanda, gördüm mənim adım yoxdu. “Azərnəşr”in direktoru Azər Mustafazadədən soruşdum. Dedi – “Ramiz Mehdiyev göstəriş verdi ki, onun adını çıxar!”

 

- Bəs o vaxt mənə niyə demədiniz?- soruşdum.

 

Susdu. (Bu barədə biraz sonra).

 

Mehdiyevdən soruşdum. Nə desə yaxşıdır:

 

- Elçibəyin kitabını çap edən Heydər Əliyevin kitabını çap edə bilməz.

 

- Mən qürur duyuram ki, Elçibəy hakimiyyətə gələndən öncə, açıq-aşkar müxalifətdə olanda onun 2 kitabını nəşr etmişəm. Qorbaçovun, ya Vəzirovun bir cümləsini də nəşr etməmişəm. Buna görə də qürur duyuram!- dedim.

 

Çoxcildliyin sonrakı azı iki-üç kitabı da mənim tərtibim idi, lakin adım yazılmadı, sonrakı-mənim tərtibim olmayan cildlərdə isə qüsurlar açıq-aşkar gözə dəyirdi. İndi “Azərnəşr”in baş redaktoru, peşəkar naşir Əlövsət Ağalarovun rəhbərliyi ilə çoxcildiyin təkrar nəşrinə başlanılıb. Əminəm ki, ilk nəşrin sonrakı cildlərindəki qüsurlar təkrar olunmayacaq.

 

Çoxcildlikdən öncə öz təşəbbüsümlə “Azərbaycan milli dövlətçilik quruculuğu yolunda” toplusunu nəşr etdim. Mehdiyev kitabın hazırlanmasında öz adını görməyəndə özündən çıxdı. Mən güman eləmirdim ki, o biri nəşrlər kimi əlamətdar olmayan bu kitabda da öz adını görməyə belə həvəslidir. Kitabın siqnal nüsxələri nəşr edilmişdi, sökdürüldü, titul vərəqinə adı yazıldı... Elmlər Akademiyasına üzv seçiləndə isə...bu kitablar haqqında ona məlumat verməyimi xahiş etdi.

 

Kitabın içindən, nəşrindən xəbərin olmağa, təkid edəsən ki, titul vərəqində adın yazılsın? Yaxud kitabı hazırlayan adamın adını titul vərəqindən çıxarasan?

 

Bu yazının başlanğıcında demişəm: “Prezident Aparatında da bir “Ramiz Ənvəroviç” deyib ağzından beşi tökülənlər, cümləsinin mübtədası da, xəbəri də “Ramiz müəllim” olanlar vardı”. Lakin həqiqəti heç nəyə dəyişməyən, sözünü qətiyyətlə bildirən vəzifəli şəxslər də yox deyilmiş!

 

Mehdiyev bir gün səhər səhər mənə zəng çaldı:

 

-  Siz təcrübəli, həmişə dövlətçilik mövqeyində dayanan... - digər yüksək təşbehlər dedi.

 

Düşündüm: Nə olub? Nə əcəb birdən-birə?

 

Demə, iclas eləyəcək, istəyir mən çıxış edib onun deyəcəklərini dəstəkləyim.

 

Dövlət müşavirlərinin və şöbə müdirlərinin iştirak etdiyi iclas günortadan sonra başladı, gündəlikdə 2 “məsələ” vardı. Birincisi-Prezidentin işlər müdirinin müavini, öz işinin yüksək səviyyəli peşəkarı, Prezidentin İşlər müdirinin birinci müavini Oqtay Şahbazova aid idi: Zaqulbada dövlət pansionatının içinə - kottejlərin, binaların həyətinə avtomobil ilə daxil olmaq qadağası! Mehdiyev Oqtay Şahbazovdan yuxarı tonda soruşur: “Niyə Teymuru qoymursan yaşadığı binaya, dəniz sahilinə avtomobil ilə getsin?”

 

Oqtay Şahbazov deyir: “Qayda belədir, qayda hamı üçündür”.

 

Mehdiyev: - “Bəs onda İlhamı niyə qoyursan avtomobil ilə gedir?”

 

O. Şahbazov: “Sizin oğlunuz İlham Əliyevdir?” (İlham Əliyev onda Neft Şirkətinin birinci vitse-prezidenti idi).

 

…Mehdiyev dediklərini danırdı. O. Şahbazov əsaslı faktlarla, dəqiqliklə sübut etdi ki, o məhz belə deyib.

 

İkinci “məsələ” Aparatın Vətəndaşlarla və sənədlərlə iş şöbəsinin müdiri, vəzifəsini ardıcıl dəqiqliklə yerinə yetirən Süleyman İsmayılova aid idi. S.İsmayılov Mehdiyev tərəfindən onun ixtisas dərəcəsinin Prezidentə qərəzlə, qəsdən aşağı kateqoriyada təqdim olunması üçün müraciət etmişdi və qərəzli yanaşmanı əsaslı faktlarla onun üzünə dedi.

 

...Mən çıxışımda bu məsələlərin heç birinin adını çəkmədən ciddi problemlərdən danışdım. Hamı başa düşdü - çıxışımdakı eyhamların hamısı Mehdiyevə aiddir. Bundan sonra əlbəttə, o mənə qarşı yeni gedişlər axtarmalıydı və axtarırdı.

 

İclasdan dərhal sonra O.Şahbazova da, S.İsmayılova da telefon açıb dedim: “Sən qalibsən! Amma bu “İclas”ın gündəliyi ordan bayıra çıxmasın, ayıbdır, bizə gülərlər, siz onun səviyyəsinə enməyin”.

 

Azər Mustafazadənin susqunluğuna qayıdıram: Dövlət Mətbuat Komitəsində sədr müavini idi. Ulu Öndər istefaya göndəriləndən sonra ona qarşı təşkil edilən təqib kampaniyasına qarşı mətbuatda açıq-aşkar sərt çıxışlarım xoşuna gəlmirdi.

 

Bir neçə dəfə sərt söhbətlərimiz oldu. Sakitləşmədi. Dövlət Komitəsinin sədri, yaxın ətraflarındakı iki-üç təsadüfi adamın iştirakı ilə tələ qurub kollegiyada heç kəsin gözləmədiyi halda məni “Gənclik” nəşriyyatının baş redaktoru vəzifəsindən azad olunmağım məsələsini qoydular (Azər kollegiya üzvü olsa da özü əvvəlcədən düşünülmüş şəkildə kollegiyada iştirak etmirdi), kollegiya üzvləri şoka düşdülər, hətta Dövlət Komitəsinin yeni rəhbərinin təqdimatı ilə təyin olunmuş yeni üzvlər də bir fikri vurğuladılar: “Hidayət Orucov kimi naşiri, ziyalını yetişdirməyə uzun illər lazım olur...”. Sədrin də, Azərin də niyyətləri keçmədi. Sonra Azər Moskvanın təşəbbüsü ilə Mərkəzi Komitənin Mədəniyyət Şöbəsinin müdiri oldu, bir-iki dəfə telefonla istədi mənimlə “yuxarıdan” danışsın, sakitcə ona layiq münasibət bildirdim. Susdu. Sonra Şəki Rayon Partiya Komitəsinin birinci katibi idi. İşi bacarmadı, tezcə azad olundu. Bir müddət işsiz qaldı. Sonra özünün mənə dediyi kimi, Viktor Polyaniçkonun dəstəyi ilə “Azərnəşr”ə direktor təyin olundu. Bizim heç olmasa bir binada işləməyimizi, onun kabinetinin üstündə mənim kabinetimin olmağını, işə gələndə, gedəndə, tənəffüsdən qayıdanda üz-üzə gəlməyimizi nəzərə almadan yenə əvvəlki qərəzindən əl çəkmirdi, məni “unutmurdu”. Hər şeydən əli üzüləndə yuxarı dairələrdə “Azərnəşr”və “Gənclik” nəşriyyatının birləşdirilməsi məsələsini qaldırdı və ona elə gəldi ki, heç bir əsası olmayan bu layihənin (o illərdə “Gənclik” Respublikanın ən yüksək səviyyəli nəşriyyatı idi!) məqsədinə çatmağa çox yaxındır. Əsas məqsədi özünün fəaliyyət dairəsini genişləndirmək və məni tutduğum baş redaktor vəzifəsindən uzaqlaşdırmaq idi. “Gəncliy”in bütün peşəkar kollektivi ayağa qalxdı, Dövlət Komitəsinin sədri gəlib kollektivin iclasında iştirak etdi, Azərin “layihəsini” əvvəlcədən birmənalı dəstəkləsə də, gördü ki, tamamilə əsassızdır.

 

Bir məqamı da deməliyəm: “Gənclik” “Azərnəşr”in binasının üçüncü mərtəbəsində yerləşirdi və bu mərtəbədə “Azərnəşr”in ikicə otağı vardı. Bir gün eşitdim - dəhlizdə kimsə qışqırır. Kimin səsidir belə, kabinetimə açılan iki qapını yarıb keçir? Ayağa qalxdım, üz-üzə qapıları açdım: Gördüm Azər mənim kabinetimlə üzbəüz otaqda olan işçilərini dəhlizdə başına toplayıb uca səslə Ulu Öndərimiz haqqında nalayiq ifadələr işlədir. Yerimdəcə dondum. Onun bu üzdəniraq “monoloqu” Ulu Öndərimizin Ali Sovetin sessiyasındakı tarixi çıxışının - ona qarşı hazırlanmış həyasız kampaniyanı ifşa etdiyinin ertəsi günü idi.

 

-  Azər Mustafazadə, Polyaniçkoya yarınmaq istəyirsənsə, get Mərkəzi Komitənin ikinci mərtəbəsinin dəhlizində qışqır ki, eşitsin. Bura yeri deyil, səsin ona çatmayacaq, qoy işimizi görək - dedim.

 

(Eşitmişdim ki, Polyaniçko Mərkəzi Komitənin ikinci mərtəbəsində oturur).

 

Azər o sözləri mənə eşitdirmək üçün öz mərtəbəsində deyil, mənim qapımda qışqırırdı…

 

Əlbəttə, öz kollektivi üzvlərinin yanında dediyim bu sözləri heç vaxt unutmyacaqdı! Bunu əvvəlcədən bilirdim. Amma mən siyasi vəzifəyə keçəndən sonra onun xislətini xatırlamadım, düşündüm - yaşda məndən çox böyükdür, özü səhvlərini başa düşər.

 

Onu da deyim ki, “Müstəqilliyimiz əbədidir” çoxcildiliyinin “Azərnəşr”də nəşr olunmasında heç maraqlı deyildi. Əvvəlcə çox təəccübləndim. Ona dedim: “Hara, hansı nəşriyyata təklif etsək, məmnuniyyətlə, dönə-dönə təşəkkürlə nəşr edəcəklər. Ancaq söhbət Prezidentin çoxcildliyindən gedirsə, mütləq dövlətin baş nəşriyyatında nəşr olunmalıdır!”

 

Ona elə gəlirdi ki, Heydər Əliyev hakimiyyəti uzunömürlü deyil.

 

Bəli, mənim adımı çoxcildlikdən çıxarandan sonra R.Mehdiyevlə A.Mustafazadə canbir “qardaş”oldular. A.Mustafazadə “qardaşı” tərəfindən mükafatlandırılmalı idi. Amma necə? “Variant” tapıldı... Sonra Mehdiyevin məruzəsi ilə A.Mustafazadəyə Prezident təqaüdü verildi. Səhv etmirəmsə - bu, yüksək olmayan dövlət idarələrində işləyən qulluqçulara verilən ilk (bəlkə həm də son, yeganə) Prezident təqaüdü idi.

 

Belə-belə işlər, Mehdiyev... Təqiblər, təqiblər... Ardı-arası kəsilmədən, həttta mənim qəbuluma kimlər gəlir-hansı nazirlər, icra hakimiyyəti başçıları? Bizim xidmətlə humanitar siyasət şöbəsi eyni mərtəbədə idik. O şöbənin yüksək məsul işçilərindən birinə xüsusi tapşırıq verilmişdi: mənim qəbuluma gələnləri qeydə alıb dərhal məlumat versin. Bir dəfə... bir nazir mənə zəng çalıb xahiş etdi ki, görüşmək istəyir. Gəldi, beş-on dəqiqə keçməmiş Mehdiyevin də telefonu səsləndi:

 

-  O ora nəyə gəlib?

 

Demədim o müraciət edib.

 

-  Mən dəvət etmişəm! – dedim, baxılası məsələ var. Mən naziri və ya digər hökumət üzvünü qəbul edəndə kimdənsə icazə almalı deyiləm - deyib dəstəyi yerinə qoydum.

 

Nazir mərtəbədə onu adını çəkdiyim şöbədə kimin gördüyünü və ona təftişçi nəzərlə baxdığını söylədi. Belə hallar tez-tez olurmuş. Sonralar bir sıra nazirlər özləri bu barədə mənə deyirdilər. Nazirlər onun “iradlarına”qəti münasibət bildirirmişlər: “Biz yalnız iş üçün görüşürük, dəyərli müzakirələr aparırıq”.

 

Prezident Aparatından şəhər və rayon icra hakimiyyətləri başçılarına “göstəriş gedirdi: Hidayət Orucovu eşitməyin”. Bu barədə icra hakimiyyəti başçıları təəccüblə mənə bildirirdilər. Onu da birmənalı deməliyəm: mənim sözümə, tövsiyəmə, tapşırığıma hörmət etməyən bircə nəfər də olsun nazirə, icra hakimiyyəti başçısına rast gəlmədim. Onlar görürdülər ki, mənim iradlarım da, tapşırıqlarım da, tövsiyələrim də yalnız işin xeyrinədi. Ancaq... hansı rayonun icra hakimiyyətinin başçısının “yola salınması” və yenisini təqdim etmək problemli idisə, o təqdimata yalnız məni “seçirdilər”, bu, Ulu Öndərimizin hakimiyyətə qayıdışından sonra onun tapşırığı ilə həyata keçirilirdi. Bu ənənəni dəyişməyə çəkinirdilər, qorxurdular-təqdimata başqasını göndərsələr, insident baş verə bilər...

 

Öz yalanlarının, dezinformasiyalarının keçmədiyini görəndə də qərəzindən, məkrindən yenə əl çəkmirdi. Nüfuzlu nazirlərə deyirdi ki, məndən Prezidentə şikayət etsinlər. İki böyük sahələrin nüfuzlu nazirləri bu barədə mənə özləri təəccüblə söylədilər. Onların ikisinin də cavabı eyni olmuşdu: “Nə deyək? Onun dövlətçiliyimizin möhkəmlənməsində səmərəli xidmətlərindən, təmizliyindən başqa heç nəyini görməmişik!”.

 

Mənə qarşı hədsiz, bitməz qərəzini həmişə özünün üzünə açıq demişəm, heç nədən çəkinməmişəm. Hətta bir dəfə - 1998-ci ilin may ayında aparatın bir şöbə müdirinin yanında mənə qarşı təxribatlarını kəskinliyi ilə “yadına saldım”. Və...4 ay nə ona müraciət etdim, nə zəng çaldım, nə də görüşdük. Belə rahat idi, çox rahat idi, həm də işin səmərəsi - daha yüksək! Dörd ay mənim müraciətimi gözlədi, sonra naəlac qalıb özü zəng çalıb dəvət etdi, özünü elə aparırdı ki... sanki heç nə olmayıb.

 

…Bu sətrlərin əsas başlığı – “Boz kardinalın “kardidallıq” “azarı” -  görüntü üçün seçilməyib. Mehdiyevin görünən və görünməyən fəaliyyətinin əsas mahiyyəti məhz “kardinallıq” “azarı”nın göstəriciləri idi. 1998-ci ilə qayıdıram, Ulu Öndərimizin səhhətində problemlər yaranan vaxta. Mən onun kabinetində olanda kənardan kimisə qəbul edəndə, ya telefonla danışanda mütləq xatırladırdı: “Prezident xəstədir – başım qarışıqdır…”. Və ya: “Prezident xəstə idi, - başım qarışıq idi…”. Sanki ölkənin bütün problemlərinin həlli onun üstündəydi. Ulu Öndər ölkənin idarəetmə mexanimzlərini elə qurmuşdu – hərə öz işiylə məğul idi: Aparat da, Hökumət də, Parlament də…

 

Hələ bunlar üzdə görünənlər idi. Arxada isə…

 

Politoloq Eldar Namazovun bu yaxınlarda müsahibəsini oxudum: Mehdiyev Prezident xəstələnən kimi Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr Vladimir Rusayloya zəng çalır. Əsas sual: Prezident xəstələnib: bundan sonra nə etməliyik?

 

O illərdə Rusiyanın bu qurumunun rəhbəri ilə məsləhətləşmək Ermənistanın eyni adlı qurumu ilə məsləhətləşmənin fərqi yox idi.

 

Eldar o vaxtlar prosezslərin içindəydi – Prezidentin köməkçisiydi.

 

Mənə qarşı təqibləri, haqsızlıqları həmişə ürək ağrısı ilə izləyən bir müdrik el ağsaqqalı akademikin sualı da yadımdan çıxmır: “Bəlkə öz yerindən qorxur ki, sən ora keçərsən?”.

 

Dedim: “Ağsaqqal, mənim həyatım boyu kimsənin yerində gözüm olmayıb. Kimisə yıxıb yerinə keçməyi alçaqlıq saymışam. Həmişə vəzifədə olmuşam: İşləmişəm, yalnız işləmişəm. Başqa heç nə barədə düşünməmişəm, Günlərin birində çağırıb deyiblər: “Məsləhətdir-indi keçib orda işləyəsən” keçmişəm, orda da işləmişəm... Sonra yeni təyinat...”.

 

Dövlət müşaviri vəzifəsində də - işləmək, yalnız işləmək! Ulu Öndərimizin və möhtərəm Prezidentimizin etimadlarını doğrultmaq! İndi əlimi ürəyimin üstünə qoyub səmimiyyətlə, məmnunluqla deyə bilərəm: o illərdə bizim xidmətdə çox möhtəşəm işlər görülürdü. Əvvəla, Ulu Öndərimizin alternativsiz milli siyasət konsepsiyası dəqiqliklə həyata keçirilirdi. Ölkədə ideal milli birlik bərqərar oldu, doxsanıncı illərin əvvəllərində addımbaşı peyda olan milli-dini separatçılara yer qalmadı, qaçqınlarımızın çoxsaylı ağır problemləri həll olundu, xaricdə yaşayan soydaşlarımız azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdilər, ölkəmizi, başımızı uca edən, bölgəmizdən uzaqlardakı dövlətlərə yaxşı nümunə olan böyük həqiqətlər dünyaya yayıldı. Dövlət müşaviri ölkə daxilində ardıcıl fəaliyyətlə yanaşı, möhtəşəm həqiqətlərimizin uzaq Qərbdən başlamış (Vaşinqton, Nyu York, Rio de Janeiro...) Yaxın Şərqədək (Qüds, Eylat, Vifliem) səsləndirirdi. Ümumiyyətlə, o illərdə iyirmidən çox xarici ölkədə keçirilən, qırxdan çox yüksək səviyyəli beynəlxalq, regional sessiyalarda, konfranslarda ölkəmizin həqiqətlərini səsləndirmişəm. Ən mötəbər yüksək tədbirlərin hər birinin mövzusuna aid yanaşmalarla yanaşı, həmişə erməni təcavüzünün fəsadları ön plana çəkilirdi. BMT-nin Baş Assambleyasının sessiyasındakı çıxışımda haqlı ittihamlarıma axıradək tab gətirə bilməyən Ermənistanın xarici işlər naziri Vartan Voskanyan sessiya salonunu tərk etdi. Bu, həm müxtəlif ölkələrin xarici işlər nazirlərinin, həm də daimi nümayəndələrinin diqqətindən yayınmadı. Toplantı başa çatan kimi iki xarici işlər naziri mənə yaxınlaşıb eyni sözləri dedilər: “Voskanyan bizim təəccübümüzdən, baxışlarımızdakı suallardan yayınıb aradan çıxdı”.

 

Söhbət Baş Assambleyanın sessiyasından gedir, Mehdiyev! Ulu Öndərimizdən, möhtərəm Prezidentimizdən, bir-iki xarici işlər nazirimizdən başqa kim o kürsüyə çıxa bilmişdi?

 

BMT-nin Cenevrə bölməsində, ATƏT-in Avropa Şurasının, Sivilizasiyalar Alyansının ən yüksək səviyyəli tədbirində ölkəmizi dəfələrlə təqdim etmək xarici işlər nazirdən başqa kimə nəsib olub?

 

Aparatın rəhbərinin daim təqibləri, sonsuz qərəzi, məkri, dövlət işinə mane olmaq üçün nəyə desən əl atması şəraitində bu miqyasda səmərəli fəaliyyət göstərə bilmək indi mənim özümə əfsanə kimi gəlir. Məni qoruyan-fəaliyyətimə imkanlar yaradan göydə Allahım idi, yerdə Ulu Öndərim Heydər Əliyevlə möhtərəm Prezidentim İlham Əliyev!

 

2006-cı ildə Dövlət Müşaviri işlədiyim 14 il ərzində ilk dəfə olaraq məzuniyyətə çıxıb ailəmlə birlikdə Quzey Qafqaza istirahətə getdim. Köməkçim əlbəttə, hər gün mənə ardıcıl məlumatlar verirdi. Bir gün bildirdi ki, cənab Prezidentin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işdən azad olundu. Öncə dediyim kimi - Dövlət Komitəsi yaranana qədər din mənim xidmətimin sahəsinə aid idi, yeni dövlət qurumu yaranan gündən Mehdiyevin növbəti “kəşfi” ilə mənim sahəmdən götürüb humanitar siyasət şöbəsinə veriblərmiş, özü də mənə bildirmədən. Bu barədə iki həftə sonra məlumatım oldu. Mənim Dövlət Komitəsi ilə heç bir əlaqəm olmadan dini mərkəzlərlə ardıcıl işlədim, çünki bunsuz mümkün deyildi: Milli siyasət harda-din də orda olmalıdır! Dövlət Komitəsində isə profilə uyğun məqsədyönlü işdən başqa nə desən vardı. Sonra, 2005-ci ildə Aparatın yeni strukturu yaradılanda naəlac qalıb bu sahəni yenə mənim xidmətimə qaytardılar.

 

Yenə o günə qayıdıram: köməkçiyə dedim ki, Dövlət Komitəsi sədrinin müavini mənə zəng çalsın. Zəng çaldı, lazımi göstərişləri verdim.

 

Məzuniyyətim başa çatan kimi işə çıxdım. Başım çox qarışıq idi, hər halda bir ay işdə olmamağım öz sözünü deyirdi! İki gün sonra Mehdiyevə zəng çaldım. Nə vaxt gəldiyimi soruşanda cavabımdan təəccübləndi:

 

-  Bəs iki gündür gəlibsiniz, bir dəfə telefonu qaldırıb demirsiniz ki, burdayam.

 

Düşündüm: “Görəsən, nə var yenə belə “mehribanlaşıb?”

 

Görüşdük. Varmış! Mənə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri getməyimi təklif etdi. Neçə il qabaq Milli Ensiklopediyaya baş redaktor getmək təklifini xatırladım. Onun 10 ildən çox aparatın rəhbəri stolunda dəyişməmiş, həll edilməmiş “problemlərindən” biri (bəlkə birincisi) mənim ordan ayrılmağım olduğu bir anlığa keçdi gözlərimin önündən. Etiraz etmədim, amma onun təkidinə görə yox! Artıq milli siyasət sahəsində tamamilə möhkəm sabitliyin bərqərar olunduğu üçün! Prezident məni elə həmin gün qəbul etdi, səmimi, mənalı söhbətimiz oldu, dəyərli tövsiyələr verdi. Ertəsi günü isə Dövlət Komitəsinin kollektivinə təqdim olundum.

 

Hökumət üzvlərini kollektivə təqdimatını adətən Baş Nazir edir. Mənim təqdimatıma isə Mehdiyev gəldi. Beləcə, işə başladım. Xəbər İrəvana bəlkə də ölkəmizin bəzi bölgələrindən tez çatmışdı. Erməni mətbuatı bayram içində idi: “Hidayət Orucov getdi!” başlığı mətbuat səhifələrinin manşetlərindən neçə gün düşmədi. Dövlət Müşaviri xidməti ləğv olundu, fəaliyyəti sektor şəklində ictimai-siyasi şöbəyə aid edildi. Xeyli qabağa gedib deyim ki, xidmət bərpa olunanda erməni mətbuatı yenə təşviş içində idi... “Hidayət Orucovdan 7 il sonra yenə dövlət müşaviri xidməti bərpa olundu”.

 

Bu başlıqları oxuyandan sonra yadıma düşdü. Həqiqətən 7 il idi. Ancaq bu suala qəti cavabın şübhəsi, alternativi yoxdur: “Görəsən mənim öncə dövlət müşaviri postundan, sonra Dövlət Komitəsinin sədri vəzifəsindən getməyimə erməni millətçiləri daha çox sevinir, şadyanalıq edirdilər, yoxsa Mehdiyev?”. (Cavab birmənalıdır: “Əlbəttə, Mehdiyev!”).

 

Dövlət Komitəsinin yarıtmaz fəaliyyəti barədə elə bu ilin əvvəllərində açıqlama verməyə məcbur oldum. Mənim xarakterim belədir ki, hansı vəzifəyə təyin olmuşamsa, o vəzifədə məndən öncə işləyən haqqında bir kəlmə də olsun tənqidi söz deməmişəm, ancaq Dövlət Komitəsinin məndən qabaqkı sədrinin mətbuatda ağlabatmaz yalanlarına cavab verməmək mümkün deyildi. İndi isə o barədə bircə cümlə deyirəm: mən Dövlət Komitəsinə gedənəcən inanmazdım ki, ölkəmizdə elə antidövlət komitəsi ola bilərmiş. Dövlət Komitəsi məndən qabaq diqqətini yalnız  Qafqaz Müsəlmanları İdarəsi ilə mübarizəyə yönəltmişdi. Digər dini mərkəzlər, icmalar isə tamamilə unudulmuşdu. Mehdiyevin ağlına gəlməzdi ki, mən gördüyüm işləri görə bilərəm - özü də onun ardıcıl davam edən qərəzi, təqibi şəraitində. Dövlət Komitəsinin özündə də danışırdılar ki, məni ora bir illiyə, uzaq başı iki illiyə - Prezident seçkilərinədək göndəriblər. Mənsə heç nəyə fikir vermədən gərgin işə başladım: yeni vəzifənin üçüncü həftəsi dini mərkəzlərin rəhbərlərinin, din xadimlərinin, ilahiyyatçı alimlərin iştirakı ilə geniş toplantı keçirdik. Bu tədbir bütün iştirakçılara çox maraqlıydı, hamı təşəkkürünü bildirirdi. Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, görkəmli ilahiyyatçı-alim, akademik Vasim Məmmədəliyevin çıxışında ilk cümləsi yadımdadır: “Şükür, axır ki, biz də bir yerə yığışdıq, çox vacib problemləri müzakirə edirik”. Doğurdan da o toplantı gələcək işlərimiz üçün etibarlı, start idi. Tədbir otellərin birinin möhtəşəm salonunda keçirilirdi.

 

Kabinetə qayıdan kimi Mehdiyevin telefon zəngi gəldi:

 

- O nə iclasdır keçiribsiniz?

 

- Çox vacib tədbir idi – dedim  - bu, başlanğıcdır.

 

Bizim danışığımızı, ona yalnız həqiqəti əks etdirən sərt sözlərimi yazmaq istəmirəm. O telefon zəngindən sonra əmin oldum: təqiblər davam edir və edəcək!. Ona görə daha çox işləmək lazımdır. Belə şəraitdə, belə münasibətlər zəminində başladım işləməyə. Bir daha vurğulayıram:  Dövlət Komitəsinin və ümumiyyətlə, din sahəsində saysız-hesabsız problemlərin necə üsulluca həlli barədə danışmaq istəmirəm. Ancaq bu problemlərin həllinə mane olmaq nə deməkdir?

 

Təqib-təqib dalınca, qərəz-qərəz ardınca. Dövlət müşaviri postunda da, Dövlət Komitəsində də... Mənsə heç nəyə fikir vermədən təqiblərin, qərəzlərin üstüylə addımlayırdım. Dövlət Komitəsində də işlər tamamilə yenidən quruldu. İxtisaslı gənc kadrlar cəlb olundu. Yeni təyin olunanlar yalnız BDU-nin İlahiyyat fakültəsinin məzunları idi. Onlardan öncə işləyənlərin əksəriyyəti xarici ölkələrdə təriqətçi yönlü təhsil almışlardı və o ölkələrin gerçəklərini ölkəmizdə də yaymaqda maraqlıydılar.. Mən orda işə başlayanda  Dövlət Komitəsində cəmi 42 ştat vahidi vardı. Qısa vaxtda səksən neçəyə çatdırıldı. Yalnız mərkəzi aparat deyil, bölgə şöbələri möhkəmləndirildi. Baş nazir Artur Rasizadə mənə dedi ki, onun uzun illər yüksək dövlət qulluğu təcrübəsində ilk dəfə görür ki, nazirliyin, ya dövlət komitəsinin ştat vahidləri qısa vaxtda yüz faizdən çox artırılır. Artur müəllim dövlət işində digər müsbət keyfiyyətləri ilə birlikdə, qənaətcil Baş nazir idi, Dövlət Komitəsinin ştatlarının artırılmasının vacibliyini dəqiq anlayırdı. Ecazkar Bakı memarlığının incilərindən olan Dövlət Komitəsinin binası  qədim tarixində ilk dəfə olaraq əsaslı təmir olundu, bura gələn yalnız xaricilər deyil, öz vətəndaşlarımız da xoş heyrətlərini gizlətmirdilər. Hərtərəfli iş gedirdi, qlobal problemlərdən başlamış, kiçik detallaracan heç nə diqqətdən kənarda qalmırdı. Ölkəmizdəki dini durum artıq millətlərarası unikal xoş münasibətlər sistemi kimi dünyaya yayılırdı... Mən qeyd etdiyim bu faktlar həm Dövlət Müşaviri xidmətində, həm də Dövlət Komitəsində o vaxtlar görülən işlərin heç yüzdə biri deyil.

 

Ancaq sonsuz təqiblər də, qərəzlər bu yazdıqlarımın heç yüzdə biri deyil. Bu məqamda bir epizodu xatırlatmamaq mümkün deyil: 2009-cu ilin avqustunda Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin anadan olmasının 60 illiyi yubileyi idi. Sadalamaq istəmirəm, yalnız onu deyim ki, Dövlət Komitəsi bütün təşkilati işləri yüksək səviyyədə həyata keçirdi. Yubiley öncəsi bildirildi ki, yubiley tədbirini mən aparmalıyam. “Gülüstan” Sarayında tədbirin başlamasına bir saat qalmış mənə bildirildi ki, tədbiri gözəgörünməyən, yalnız səsi eşidilən diktor aparacaq, daha doğrusu, çıxış edənlərin adlarını bəyan edəcək. Sağ-salamat insanın (Allah uzun ömür versin!) yubileyini səhnə arxasından radio ilə aparmaq? Kim belə aparıcılıq görüb? Əminəm ki, heç kəs! Əminəm ki, bundan sonra da görməyəcəyik!. Mehdiyevsayağı yanaşmadır. Əsas məqsəd Hidayət Orucovun səhnədə görünməməsidir! Qərəzini, təqibini bununla da soyutmadı.

 

Bazar günüydü, yubileydən yüksək qonaqları yola salandan sonra bir az dincəlmək, özümə gəlmək istəyirdim. Müvafiq yerə vacib bir məsələ üçün hökumət telefonu ilə zəng çalmalıydım, gördüm telefon işləmir. Prezidentin İşlər İdarəsinin müdiri Oqtay Şahbazova zəng çalıb telefonun işləməməsinin səbəbini soruşdum. Dedi: “Dünən Ramiz Mehdiyev zəng çalıb əmr etdi ki, Hidayət Orucovun evindəki hökumət telefonunu kəsin”. Dünən? Şeyxülislamın yubileyinin ertəsi günü. Bu da yubileyin hazırlanmasına sərf edilən azı üç ayda zəhmətimin “mükafatıydı”.

 

Məsələ tam aydın olsun deyə bir az önə dönməliyəm. On dörd il Dövlət müşaviri işlədiyim müddətdə evimdə həmişə hökumət telefonu olub. Prezident məni Dövlət Komitəsinə sədr təyin edəndə soruşdu:

 

-   Dövlət müşavirinin Dövlət Komitəsinin sədrindən nə üstünlükləri var? Maaşda və sairə...

 

Dövlət müşavirinin maaşı sədrə nisbətən yuxarı idi. Onu demədim.

 

- Evimdə hökumət telefonu var – dedim.

 

- O elə Dövlət Komitəsidir ki, indiki halda sədrin evində də hökumət telefonu lazımdır. Oqtay Şahbazova deyin ki, nə var – hamısı qalır.

 

Mən də Oqtay Şahbazova dedim. Sədr postumda evimdə üç ildən çox hökumət telefonu oldu. Hətta yay aylarında bağda yaşayanda hökumət telefonunu ora köçürdülər. Və evdə hökumət telefonu həm dövlət müşavirinə, həm də dövlət komitəsinin sədrinə çox gərəkli idi – o telefonla gecələr Ulu Öndərə də, cənab Prezidentə də məruzələr etmişəm. Onlar da mənə zəng çalıblar… Lakin Mehdiyevin qərəzi heç nəyə baxmırdı, hətta Prezidentin tapşırığı ilə evimə qoyulan hökumət telefonunun götürülməsinə də.

 

Mehdiyev Aparatın özündə mənə qarşı qrup formalaşdırmışdı. Bu yazıda iki yerdə onlar haqqında adlarını çəkmədən qeydim oldu, bu yazını oxuyanda özlərini ap-aydın görəcəklər.

Ancaq İsmayıl Vəliyevdən sonra ən sevimli köməkçisi Elnur Aslanovun “xidmətləri” xüsusilə qeyd edilməlidir.

 

Dövlət Komitəsinin ölkədə dinin siyasiləşməsinin qeyri-ənənəvi, zərərli təriqətlərin yayılmasının, radikal qrupların fəaliyyətinin qarşısının alınmasında, digər təxirəsalınmaz problemlərin həllində, gördüyü səmərəli işlər, həyata keçirdiyi məqsədyönlü fəaliyyət “sevimli köməkçini” qətiyyən qane etmirdi. Mehdiyev Prezident Aparatının iki-üç şöbə müdirlərinin, uyğun nazirlərin iştirak etdikləri müşavirələrdə dini durumla bağlı məsələ müzakirə olunanda fəaliyyətimi qaralamaq üçün mütləq ona söz verirdi. O “vəzifəsini” canla-başla icra eləmək üçün dəridən-qabıqdan çıxırdı. Əlbəttə, mən çıxış edib onun uydurmalarını yerli-dibli təkzib edirdim.  Mehdiyevin dini duruma həsr etdiyi müşavirələrdən söz düşmüşkən – o 6 ildə üç dəfə belə müşavirə keçirdi, üçündə də istəyinə nail ola bilmədi. Yaxın ətrafında olan üç-dörd nəfərdən başqa haqsız, əsassız ittihamlara qarşı etiraz edənlər də vardı. Ona ən yaxın şöbə müdirlərindən biri mənə dedi ki, hər dəfə Milli Təhlükəsizlik naziri çıxış edəndən sonra müşavirənin “məqsədi”, istiqaməti Sizdən uzaqlaşır. Milli Təhlükəsizlik naziri dini durumun problemlərini bilirdi və əmin idi ki Dövlət Komitəsinin məqsədyönlü fəaliyyətinin  alternativi yoxdur. Daxili İşlər nazirinin də belə haqsız ittihamlara mənfi münasibəti üzündən oxunurdu. Baş prokuror isə... Mehdiyevi, sevimli köməkçisini dəstəkləmək üçün faktsız-filansız ədalarla danışırdı.

 

Belə yüksək vəzifəlilərin iştirakı ilə keçirilən müşavirədə sevimli köməkçiyə söz vermək hansı dövlət protokoluna uyğundur? Bu barədə bir az sonra. Ancaq sevimli köməkçinin qərəzi, məkri bununla bitmirdi, müxtəlif dövlət qurumlarında yerləşmiş nurçularla birlikdə dinin siyasiləşməsi üçün əllərindən gələni edirdilər, Dövlət Komitəsinin ciddi nəzarəti sayəsində heç nəyə nail olmadıqlarından mənə qarşı aşıq-aşkar şantaja keçirdilər. Prezidentimizin başçılığı ilə apardığımız düzgün milli siyasətə qarşı olan və mənə açıq-aşkar qarşı çıxan adamlar da aktivləşirdi. Elə o “aktivlərin” təşəbbüsü ilə Mehdiyevin yanında iki şöbə müdirinin və mənim iştirakımla görüş keçirildi. Üç saata yaxın çəkən fasiləsiz görüşdə mən əsassız ittihamları rədd etməklə yanaşı, onların üçünü də kəskin tənqid etdim, sevimli köməkçinin antimilli və antidövlət fəaliyyətini də əsaslı faktlarla açıqladım. Mehdiyev köməkçisini çağırdı, o, ayaq üstə iki-üç yalan uydurandan sonra Mehdiyev nə desə yaxşıdır?

 

- Get, mən sənə inanıram!

 

- Onda böyüdün vəzifəsini – istehza ilə söylədim.

 

Çox keçmədən həqiqətən böyütdü: şöbə müdiri elədi. Və şöbə müdiri vəzifəsində öz anti-Azərbaycan fəaliyyətini daha geniş miqyasda, təsirli həyata keçirmək imkanı qazandı.

Mətbuatda da məktubları, telefon danışıqları çap olunub: “Feto “başkanına” şad xəbər kimi, fərəhlə yazırdı: “Mənim “görəvim” indi böyüyüb”. Onu da xüsusilə qeyd edirdi: “İndi bəzi məsələləri telefonla açmıram, eşidərlər, köməkçiniz vasitəsilə sizə çatdıracağam”.

 

Telefon danışığının dinlənilməsindən çəkinirdi. Nəyi çatdıracaqdı?

 

Bu məlumatlar ölkə Prezidentinin sərəncamıyla tutduğu vəzifədən kənarlaşdırılandan sonra mətbuata çıxdı. Ancaq Mehdiyev sevimli köməkçisini – şöbə müdirini unutmadı, ciddi səyləri ilə Rabitə Nazirliyində məsul işə yerləşdirdi. Unutdu ki, haqq-ədalət, həqiqət nazilə bilər, lakin heç vaxt qırılmaz, gec, ya tez qalib gələr. Az sonra təbii ki, ordan da qovuldu. Mehdiyev belələri ilə də daim mənə qarşı mübarizə aparırdı.

 

Mehdiyev isə… Elə mətbuatda çap olunan varidatı, satış çıxardığı mülkləri haqqında məlumatlar, göstərilən rəqəmlə, qiymətlər qəzet səhifələrinə sığmır, azı yüz milyonlarla manata çatır. Hələ ailə üzvlərinin var-dövləti üstündə keçirilən məhkəmə çəkişmələrində səslənən rəqəmlər iddialar, faktlar… Mənim isə… Azərbaycanın şəhərlərini küçəbəküçə, kəndlərini məhəllə-məhəllə gəzsin, dünyanın hər yerini soraqlasın, heç olmasa bircə kiçik qəzet köşkümü axtarsın…Tapa bilməzlər axı! Çünki yoxdur! Yoxdur!! Yoxdur!!!

 

Bütün təqiblərə, qərəzlərə, məkrli münasibətlərə baxmayaraq, Dövlət Komitəsi öz işindəydi. Ölkədə dini durum – sabitlik, etiqad azadlığı ideal vəziyyətdəydi. Altı il gərgin zəhmətdən sonra axır ki, bir az dincəlmək vaxtıydı. 2012-ci il may ayının 30-da PA-nın şöbə müdiri ilə görüşdüm. Söhbətimizin əvvəlində heç gözləmədiyim halda dedi: “Rəhbərlik Sizin işinizdən çox razıdır”.

 

“Mehdiyev də?” – istehza ilə soruşdum. Susdu. Söhbətin yönünü dəyişdi. Bir az başqa mövzularda danışandan sonra dedim:

 

- Mən gələn ayın axırlarında məzuniyyətə çıxmaq istəyirəm. Bilirsən ki, Dövlət Komitəsinə gedəndən sonra məzuniyyətdə olmamışam. Şükür, vaxtı gəldi – çatdı.

 

- Əlbəttə, - dedi – ancaq Prezidentə bir ərizə yazın. Qayda belədir – dedi – hökumət üzvləri – hamısı yazırlar.

 

Ayrıldıq.

 

Ərizə yazmağa hələ vaxt vardı...

 

Ertəsi günü – mayın 31-də günortadan sonra mənə telefon açdı:

 

-  Dövlət Komitəsinə yeni sədr təyin olunub. Saat 5-də gəlirik təqdimata.

 

Hidayət Orucov,

 

Sabiq dövlət müşaviri

 

Mənbə: Yeniazerbaycan.com

Tarix: 5 Fevral 2026, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin