BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını öldürmək istəyən şəxsin cəzası yüngülləşdirildi

Şirvan Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Ehtibar Nəhmətovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələrindən Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə tövsif olunub və ona təqsirli bilindiyi həmin maddə ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Ehtibar Nəhmətov hökmlə Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təyin olunmuş 1 il müddətə azadlıqdan məhrumetmə cəzası ona hazırkı qərar ilə Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təyin olunmuş 10 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, onun üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


İttihama görə, Ehtibar Nəhmətov 2004-cü ildə rəsmi nikaha girdiyi və ər-arvad münasibətində birgə yaşadığı arvadı Təranə Nəhmətova ilə 2023-cü ilin iyun ayından etibarən faktiki olaraq ayrı yaşamağa başlayıb. 2024-cü ildə Lənkəran rayonunun Şiləvar kəndində ailəsinin yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı arvadının ondan rəsmi qaydada boşanmaq istəməsi təqsirləndirilən şəxsin əsəbiləşməsinə səbəb olub.


Belə ki, o, evin mətbəxində olan bıçağı götürərək zərərçəkmiş şəxsi qorxutmaq məqsədilə yerə yıxıb, üzərinə çıxaraq əlində tutduğu bıçağı ona tərəf hərəkət və nümayiş etdirməklə, ayrılacağı təqdirdə onu öldürəcəyini deyərək arvadını ölümlə hədələyib.


İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs sonradan Təranənin onunla barışmamasını və yaşadıqları evə buraxmamasını özü üçün qəbuledilməz hesab edib. Bu səbəblə, heç bir əsas olmadan, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gəlib. Bu niyyətini həyata keçirmək məqsədilə Ehtibar 6 fevral 2025-ci il tarixdə saat 23:30 radələrində istintaqa məlum olmayan bıçaqla silahlanaraq zərərçəkmiş şəxsin Lənkəran rayonu Şiləvar kəndində yaşadığı evin qarşısına gəlib və onun işə getmək üçün evdən çıxmasını gözləyib. Saat 00:30 radələrində Təranə evdən çıxaraq işə gedən zaman təqsirləndirilən şəxs ona yaxınlaşaraq qəsdən öldürmək məqsədilə üzərində olan bıçaqla hücuma keçib.


Zərərçəkmiş şəxsin ağrı və iztirab çəkməklə öldürülməməsi üçün yalvarışlarına məhəl qoymayan Ehtibar müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, yəni xüsusi amansızlıqla ümumilikdə 6 bıçaq zərbəsi endirib. Nəticədə zərərçəkmiş şəxsə sol əl nahiyəsində 2 ədəd, sol kürəkdə 1 ədəd, qarın nahiyəsində 1 ədəd kəsilmiş yara, habelə həyat üçün təhlükəli olan döş və qarın boşluqlarına nüfuz edən, soltərəfli hemotoraks, qalxançəmbər bağırsağın zədələnməsi, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsi və qarın nahiyəsində kəsilmiş-deşilmiş yaralar yetirilib.


Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hərəkətsiz vəziyyətdə yerdə qaldığını görərək onun öldüyünü zənn edib hadisə yerindən uzaqlaşıb. Lakin Təranə qonşuluqda yaşayan şəxslər tərəfindən vaxtında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyindən həyatı xilas edilib.
 

Beləliklə, Ehtibar öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət niyyətini başa çatdıra bilməyərək, xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməkdə təqsirli bilinib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehtibar Nəhmətov 15 il azadlıqdan məhrum edilmişdi.



Kamal Məmmədov 

Tarix: 6 Fevral 2026, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin