BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını bıçaqlayan müharibə iştirakçısı: “Hadisə təsadüfən baş verdi, ona xəsarət yetirmək fikrim yox idi”

Ali Məhkəmədə dostunu bıçaqlamaqda təqsirləndirilən Firudin İsrafilovun barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.


İttihama görə, hadisə 28 noyabr 2023-cü il tarixdə paytaxtın Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən “Az-Granata" firma mağazasında qeydə alımnıb.


Belə ki, təqsirləndirilən şəxs həmin gün saat 15:00 radələrində sözügedən mağazada siqaret alarkən tanışı, mağazanın satıcısı Fərid Süleymanlı tərəfindən işləməməsi və özünə iş tapmaması ilə bağlı iradla qarşılaşıb. Firudin İsrafilov bir neçə saat sonra - saat 19:45 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə yenidən həmin mağazaya gəlib. O, satıcının ona irad bildirməsinə etiraz edib və bu səbəbdən aralarında mübahisə yaranıb.
 

Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zamanı yaşadığı evin mətbəxindən götürdüyü bıçaqla satıcı Fərid Süleymanlını vurmaq istəyib. Bu zaman mağazanın digər satıcısı, zərərçəkmiş Cümşüd Hacıyev hadisənin qarşısını almaq məqsədilə müdaxilə edib. Lakin Fərid ictimai qaydalara və etik davranış normalarına laqeyd münasibət göstərərək, cüzi səbəbi bəhanə edib xuliqanlıq niyyəti ilə bıçaqla zərərçəkmiş şəxsin sinə nahiyəsindən bir dəfə zərbə endirib. Nəticədə o, Cümşüdə döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yara, sol tərəfli hemotoraksla müşayiət olunan, həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarəti yetirib.


Hadisədən sonra Firudin İsrafilov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firudin İsrafilov 6 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.


Məhkumun müdafiəçisi kassasiya şikayətində qeyd edib ki, təqsirləndirilən şəxsin əməlində CM-in 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkibi yoxdur. Müdafiə tərəfinin mövqeyinə görə, zərərçəkmiş şəxsə xəsarət onun xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olmayıb, hadisə ehtiyatsızlıq nəticəsində baş verib və xuliqanlıq niyyəti daşımayıb.
 

Şikayətdə həmçinin bildirilib ki, Firudin İsrafilov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub, uzun müddət psixoloji gərginlik və stress vəziyyətində yaşayıb, mütəmadi olaraq tibbi müayinələrdən keçib və müalicə alıb. Müdafiə tərəfi hadisənin baş verdiyi vaxt onun psixi gərginlik vəziyyətində olduğunu, zərərçəkmiş şəxsə xəsarəti qəsdən deyil, ehtiyatsızlıq üzündən yetirdiyini, daha sonra isə könüllü şəkildə polisə müraciət edərək təslim olduğunu vurğulayıb.


Firudin İsrafilov verdiyi ifadəsində hadisənin təsadüfən baş verdiyini bildirib. Onun sözlərinə görə, Cümşüdə xəsarət yetirmək niyyəti olmayıb, yalnız Fəridlə aralarında mübahisə yaranacağını zənn edərək onu qolundan tutmaq istəyib və bu zaman ehtiyatsızlıq nəticəsində xəsarət yetirilib.


Zərərçəkmiş şəxs də izahatında hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini təsdiqləyib, məhkumla aralarında dostluq münasibətlərinin olduğunu qeyd edərək ona qarşı hər hansı şikayət və ya tələbinin olmadığını bildirib.
Bununla belə, müdafiə tərəfi qeyd edib ki, Ağır Cinayətlər və Apellyasiya Məhkəmələri tərəfindən cəza təyin edilərkən hadisənin məhkumdan asılı olmayan səbəblərdən baş verməsi halları lazımi şəkildə nəzərə alınmayıb.


Zərərçəkmiş Cümşüd Hacıyev də ifadəsində hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini, məhkumla aralarında dostluq münasibətlərinin olduğunu və ona qarşı şikayət və tələbinin olmadığını bildirib.


Məhkəmə kassasiya şikayətini araşdıraraq iş üzrə qəbul edilmiş qərara hüquqi qiymət verib. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov 

Tarix: 9 Fevral 2026, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin