BURADA REKLAMINIZ OLA
BİLƏR

2026-cı ildə təkrar mənzil bazarını nələr gözləyir? - Ekspert şərhi

“2026-cı il təkrar mənzil bazarı üçün əvvəlki illərlə müqayisədə daha həssas, lakin proqnozlaşdırıla bilən bir il olacaq”.

 

“MBA Consulting Group”un rəhbəri, əmlak ekspert Faiq İbrahimov Pravda.az-a bildirib ki, 2025-ci ildə iqtisadi göstəricilər nisbətən sabit qalsa da, növbəti ilin bazarı daha çox risk və imkan balansında formalaşacaq: “2025-ci ildə iqtisadi artım 1,4 faiz, neft-qaz sektoru 1,6 faiz geriləmə və inflyasiya 5-5,5 faiz intervalında olub. Bu da öz növbəsində qiymətlərin yüksək səviyyədə sabit qalmasına səbəb olub”.

 

Ekspert qeyd edir ki, 2026-cı ildə isə bazarın trayektoriyasını əsasən dövlət xərclərinin strukturu, makroiqtisadi və valyuta sabitliyi, tikinti sektorunun aktivliyi və inflyasiya göstəriciləri müəyyən edəcək: “Əgər inflyasiya 4-6 faiz diapazonunda qalarsa, qiymətlər sabit templə arta bilər, əks halda kreditləşmə və alıcılıq gücü zəifləyərək bazarda durğunluq riski yaranacaq. Sosial ödənişlərin və əməkhaqlarının artması bazarın əsas oyunçularından biri olacaq. Real gəlirlər yüksələrsə, orta seqmentdə tələb artımı müşahidə edilə bilər. Əks halda hazırkı qiymət səviyyəsində genişlənmə baş verməyəcək”.

 

Müsahibimiz pul siyasətində Mərkəzi Bankın uçot dərəcəsini 6,5 faizdən aşağı endirməsinin ipoteka və istehlak kreditləri üzrə yükü yüngülləşdirərəcəyini və nəticədə satışları gücləndirəcəyini söyləyir: “Xüsusilə 1-3 otaqlı mənzillərin bazarında canlanma yaradacaq. Valyuta bazarı isə 2026-cı il üçün həlledici sabitləşdirici amil olaraq qalır. Manatın 1,70 səviyyəsinin qorunması spekulyativ qiymət artımı və ya kəskin ucuzlaşma üçün zəmin yaratmır. Əks halda valyuta riskləri bazarın bütün seqmentlərinə zəncirvari təsir göstərə bilər. İnşaat sektorunun aktivləşməsi yeni layihələrin bazara daxil olmasına və qiymətlərin sabit qalmasına, bəzi seqmentlərdə isə korrektə edilməsinə şərait yaradacaq, əgər aktivlik azalarsa, hazırkı qiymətlər daha uzun müddət sabit qalacaq”.

 

Əlavə edir ki, 2026-cı ilin əsas ssenarisi qiymətlərin kəskin artmadığı, lakin yüksək baza səviyyəsində möhkəmləndiyi sabit il modelidir: “Optimist ssenari sosial ödənişlərin artması və kredit yumşalması ilə bazarın canlanmasını, pessimist ssenari isə inflyasiyanın yüksəlməsi və tikinti aktivliyinin zəifləməsi fonunda bazarın durğunlaşmasını proqnozlaşdırır. 2026-cı il təkrar mənzil bazası üçün həlledici dönüş ili olacaq və bazarın istiqamətini müəyyən edən amillər artıq ilin əvvəlindən özünü göstərməyə başlayacaq”  - deyə, İbrahimov fikrini tamamlayır.

Tarix: 10 Fevral 2026, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin