BURADA REKLAMINIZ OLA
BİLƏR

Sevgilisi ilə birgə vətəndaşları rüsvayedici məlumatlarla şantaj edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən M.Məcidli və onun sevgilisi S.Nəsibovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, M.Məcidli zərərçəkmiş şəxslər barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını hədə-qorxu yolu ilə ələ keçirmək məqsədilə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı S.Nəsibova ilə qabaqcadan razılaşaraq əlbir olub cinayət əlaqəsinə girib və bir qrup şəxs təşkil edib. Cinayətkar niyyətin həyata keçirilməsi məqsədilə tərəflər arasında rollar əvvəlcədən bölüşdürülüb. Razılaşmaya uyğun olaraq, M.Məcidli sevgilisinə məxsus “Blackview” markalı mobil telefonda “Instagram” sosial şəbəkəsində “gunel_agayefha” adlı səhifə yaradıb və həmin səhifədə “WhatsApp” mobil tətbiqində telefon nömrələrinin gizli izlənməsi ilə bağlı elan yerləşdirib.


Bununla yanaşı, M.Məcidli həmin səhifənin bir nüsxəsini özünə məxsus “Xiaomi” markalı mobil telefonunda açıb, “Kapital Bank”dan S.Nəsibovanın adına bank kartı əldə edib. M.Məcidli sonra kartı özündə saxlayıb. O, eyni zamanda S.Nəsibovanın mobil telefonundakı “Birbank” tətbiqində həmin bank kartını qeydiyyatdan keçirib və qadının mobil telefonunda nömrəsinə bağlı “WhatsApp” tətbiqini aktivləşdirib.


Araşdırmalarla müəyyən edilib ki, 2023-cü ildə “gunel_agayefha” adlı səhifəyə sevgi münasibətində olduğu qadının “WhatsApp” yazışmalarını izləmək istəməsi ilə bağlı müraciət edən zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) izləmək istədiyi şəxsin mobil nömrəsini və 50 manat məbləğində pulu göstərilən bank kartına göndərməsi bildirilib. Zərərçəkmiş şəxs həmin gün bank kartı hesabından M.Məcidlinin göndərdiyi karta 50 manat pul köçürüb və izləmək istədiyi şəxsin mobil nömrəsini təqdim edib. Lakin M.Məcidli S.S.-i aldadaraq ona vəd edilən izləmə proqramına dair heç bir link göndərməyib. Əksinə, tərəflər arasında aparılan yazışmaları izlənilməsi nəzərdə tutulan şəxsə göndərərək, həmin yazışmalar əsasında zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacağı ilə onu hədə-qorxuya məruz qoyub.


Daha sonra M.Məcidli həmin məlumatları yaymamaq müqabilində S.S.-dən 150 manat məbləğində əlavə pul tələb edib. Nəticədə, zərərçəkmiş şəxs həmin gün axşam saatlarında yaşadığı Sumqayıt şəhəri ərazisində yerləşən fərdi evdə olarkən mobil telefonundakı “Unibank” tətbiqi vasitəsilə S.Nəsibovanın adına olan eyni bank kartına 150 manat məbləğində pul köçürüb.


Onlar S.S.-dən başqa daha 3 şəxsə də hədə-qorxu tələb edərək onların pullarını ələ keçirib.


Beləliklə, M.Məcidli və S.Nəsibova qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə qarşı hədə-qorxu tətbiq etməklə ümumilikdə 1000 manat məbləğində özgə əmlakını ələ keçiriblər.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Məcidliyə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub. Həmin hökmlə iş üzrə digər təqsirləndirilən S.Nəsibova da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə CM-in 79.1-ci maddəsini tətbiq edərək, qadının himayəsində olan iki azyaşlı uşağın on dörd yaşına çatanadək təyin edilmiş cəzanın çəkilməsini təxirə salıb. Qeyd olunan hökmdən M.Məcidlinin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələri əsaslı hesab edərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli hökmünü dəyişdirilmədən saxlayıb.


Bundan sonra M.Məcidli Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verərək, məhkəmə aktlarının ləğv edilməsini və iş üzrə daha yüngül cəza təyin olunmasını xahiş edib.

 

Kamal Məmmədov 

Tarix: 11 Fevral 2026, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin