BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sevincə tapşır, mənə yaxınlaşmasın, yoxsa onu pis söyəcəyəm”

“Ən dəqiq xəbərləri siz verirsiniz: İdman jurnalistləri... Siz heç vaxt 2-1 hesabı ilə başa çatan oyunu 3-1 kimi təqdim edə bilməzsiniz ki...” İllər öncə ağsaqqal tamaşaçının mənə dediyi bu sitatı İTV-də “Fatehin Divanı” verilişində də səsləndirmişdim. Ali təhsilli jurnalistəm. Jurnalistikanın qayəsi - əlahəzrət faktdan(!) kənara çıxmamağa çalışmışam. Bunları niyə dedim? Çünki indi yazacaqlarım hər biri nöqtəsinə qədər həqiqətdir!

Mən Gündüz Abbaszadə olaraq, az-çox məhz ANS TV-də tanınmışam. Stajçı-müxbir kimi işə başladığım kanalda 10 il ərzində İdman departamentinin rəhbəri vəzifəsinə qədər yüksəlmişəm. Tanıyanlar bilir ki, millətimə, dövlətimə, dövlətçiliyimizə bağlı insanam. Pafoslu səslənsə də, ölkəmi canım qədər çox sevirəm.

ANS-də işlədiyim müddətdə sütunu, heç olmazsa bir parça daşı olmağa çalışdığım kanaldan heç düşünmədiyim anda 1 saat ərzində qərar verərək, ayrılmışam. Səbəbi isə Sevinc Osmanqızı idi. Daha doğrusu, onun hərəkətləri...

Sizi 9 il əvvələ aparacağam. Söz vaxtına çəkər. 2011-ci ilin yay aylarında ANS TV-nin Xəbərlər Xidmətinin baş redaktoru təyin olundu. Elə birinci gündən niyyətinin nə olduğu göstərirdi. İlk işi yeni veriliş yaratmaq oldu. “Xəbərmən” adlanan verilişin formatı sadə idi: Tamaşaçı rastlaşdığı maraqlı hadisələrlə bağlı çəkdiyi videoları ANS-ə göndərir və bu videolar efirdə göstərilirdi. İlk baxışda “Burada nə var ki?” sualı yarana bilər. Əslində isə məqsəd başqa idi. İstifadəçisi az olan, olanların da daha çox tanışlıq saytı kimi düşündüyü sosial şəbəkələr populyar deyildi. “Youtube” video portalına indiki qədər maraq yox idi. “Xəbərmən” verilişinə xüsusi həssaslıqla yanaşan, üzərində əsən Sevinc Osmanqızından eşitdiyim sitatdan sonra barmağımı dişlədim. Sitat təxminən belə idi: “Mən azərbaycanlılara video çəkib, yutuba (youtube) yükləməyi öyrədəcəyəm. Zamanı gələndə dünya Azərbaycanla bağlı informasiyasız qalmamalıdır. Liviyada baş verənlər bizə buna hazır olmağımızı işarə edir”. Adam Liviyada baş verənlərin Azərbaycanda da yaşanmasını arzulayırdı.

2011-ci ildə Liviyada Kaddafiyə qarşı üsyanlar tüğyan edirdi. Sevincə görə “Xəbərçi”nin bütün buraxılışlarında Liviya xəbərləri prioritet, ilk xəbər olmalı idi. Təsəvvür edirsiniz, ölkə başçısının vacib görüşlərindən, cəbhədən xəbərlərdən, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən informasiyalardan daha öndə! Buna inandırmağa çalışırdı hər kəsi...
O dönəm Mirşahin Ağayev demək olar ki, bütün hallarda buna mane ola bilirdi. Amma tədricən Mirşahin də işlərdən kənar tutulmağa başlandı. Kim tərəfindən? Bu, artıq başqa söhbətin mövzusudur. Osmanqızının (atasının adını xüsusi ilə vurğulayıram. Bəlkə atasının kim olduğunu xatırlaya, heç olmazsa utana) niyyəti ANS-in nəinki sütunlarını dağıtmaq, hətta daşlarını da sökmək idi. Bacardı da. Daşlar bir-bir tökülməyə başladı. Tanınmış simaların, öz sahəsində imzalar olmuş jurnalistlərin əvəzinə təşkil etdiyi kurslarda özünün təlim keçdiyi (özü də nəyə görəsə, kurslar ABŞ Səfirliyinin icarəyə götürdüyü evdə keçirilirdi!) jurnalistləri gətirdi (Şübhəsiz, onların arasında da dövlətini sevən, Sevincə sonradan düşmən kəsilmiş gənclər də var). Mirşahin müəllimin “Vahid, biz bu imzaları illərlə, əziyyət çəkərək qazanmışıq... Bir gündə bu adları itirmək olmaz” dediyini çox yaxşı xatırlayıram. Sevincin hərəkətlərinə Mirşahin müəllim qədər Mais Məmmədov da etiraz edirdi. O, hətta Sevincə görə küsüb, işdən getmişdi. Vahid Mustafayevin təkidlərindən sonra qayıtmaq üçün şərti bu olmuşdu: “Sevincə tapşır, məni harada görsə, yanıma yaxınlaşmasın, yoxsa onu pis söyəcəyəm”.

Bunlar mənim - siyasətdən uzaq, daha çox idmanla maraqlanan birinin 9 il əvvəlki müşahidələridir. Hələ bilmədiyim nələr var... Osmanqızı ilə gərginliyimin sonunu gətirən, səbr kasamı daşıran “Siz niyə idman xəbərlərində kriket, beysbol, Amerika futbolu göstərmirsiniz?” deməsi olmuşdu... Azərbaycanda yayımlanan idman xəbərlərində kriket! Onda dəqiq anladım ki, bu insanın əqli problemləri var və mübahisə yersizdir. Mənə “səbrli ol, bir az döz” deyən Mirşahin Ağayevdən ANS-də son istəyimi yaxşı xatırlayıram: “Xahiş edirəm, ərizəmə dərkənar yazın”. Yazdı da. 10 ilimi, parta arxasından qalxıb gəldiyim, 10 ildə həyatımı dəyişən iş yerimi Sevincə görə tərk etmişdim... Və mən tək deyildim. Qısa zaman kəsiyində daha 16 nəfər...

Osmanqızının niyyəti 9 il (!) əvvəldən oxunurdu. Bunu bəlkə də ilk dəfə mən yazıram.

Siyasi avantürist, Liviyada baş verənlərin Azərbaycana transferi arzusu ilə yaşayan, ölkəmizdə xaos yaratmağa xidmət edənlərin maşası olan Sevinc Osmanqızının istədikləri alınmayınca, xəyallar puç oldu... Anladı ki, sahiblərinin başqa yerdə elədikləri burada keçməyəcək. Azərbaycan xalqı ağı qaradan ayıra bilir. Osmanqızı indi saman çöpündən (erməni) yapışıb. Okeanın o tayında sadəcə, mövcuddur. Bilir ki, onun tərəfini kimsə tutmayacaq, hamı işıq gələn tərəfə gedəcək. Hətta yolundakı div və üçbaşlı əjdahalardan qorxmayaraq!..

Gündüz Abbaszadə

Jurnalist

Tarix: 30 İyul 2020, 21:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin