BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoyan “həkim”lə bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluq və digər cinayətlərdə təqsirləndirilən Telman Allahverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Telman Allahverdiyev vətəndaşa özünü Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkim-cərrahı və tibb elmləri doktoru kimi təqdim edərək zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) QİÇS-ə yoluxma təhlükəsi qarşısında qoyub.

 

Belə ki, həmin şəxsin xanım tanışında HİV aşkarlanıb. Telman Allahverdiyev isə həmin vətəndaşa sözügedən xanımı müalicə edəcəyini bildirib. O, özünü Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkim-cərrahı və tibb elmləri doktoru kimi təqdim etməklə vətəndaşı buna inandıra bilib.

 

Telman Allahverdiyev müalicə üçün vətəndaşdan hissə-hissə 5700 dollar alıb. Daha sonra vətəndaşa xəstəni sağaltdığı barədə yalan məlumat verib və beləliklə, zərərçəkmişi HİV-ə yoluxma təhlükəsi qarşısında qoyub. Vətəndaş sonradan aldadıldığını anlayıb və hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Telman Allahverdiyev şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 140.1 (Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikd) maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işinin məhkəmə istintaqı Nizami Rayon Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Telman Allahverdiyevə 178.2.4-cü maddə ilə 2 il, 140.1-ci maddə ilə 6 ay, 310-cu maddə ilə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təyin olunmuş cəzalar qismən toplanıb və Telman Allahverdiyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 18 Fevral 2026, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin