BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyə sədri ona rüşvət verdiyini deyən kənd sakini ilə bağlı QƏRAR

Ali Məhkəmədə Tovuz rayonunun Əyyublu kənd sakini Təvəkkül Bayramovun bələdiyyə sədrinin ondan rüşvət aldığını dediyinə görə cəzalandırılması ilə bağlı qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.

 

Qeyd: Məlumata görə, 67 yaşlı Təvəkkül Bayramov bildirir ki, bələdiyyə sədri Yaşar Məmmədov torpaq sahəsinə görə ondan 3200 manat pul istəyib. Onun sözlərinə görə, bu pulu verməyə razılaşıb və onu həmin vaxt Əyyublu bələdiyyəsinin torpaqşünası işləyən Fərruxa verərək, onun vasitəsilə göndərib.

 

Həmin torpaq sahəsinə materiallar gətirdərək, orada tikinti aparmaq istəyəndə icra hakimiyyətinin nümayəndələri gəlib və icazə verməyib. Bundan sonra Təvəkkül Bayramov “Qərb Region TV” internet televiziyasına müsahibəsində bələdiyyə sədri Yaşar Məmmədovun ondan rüşvət aldığını deyib.

 

Buna görə Yaşar Məmmədov kənd sakinini xüsusi ittiham qaydasında məhkəməyə verib. Onun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması üçün məhkəmədə iddia qaldırıb.

 

Təvəkkül Bayramov məhkəmədə özünü təqsirli bilməyib. O deyib ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək, ona torpaq sahəsi ayrılmasını xahiş etmişdi. Müraciətinə müsbət cavab verilib və ona torpaq sahəsi ayrılıb. Lakin sahəsi kiçik olduğuna görə həmin dövrdə bələdiyyənin sədri olan Yaşar Məmmədova müraciət edərək, əlavə torpaq sahəsi istəyib. Onun sözlərinə görə, Yaşar Məmmədov bunun üçün 3200 manat istəyib.

 

II qrup əlil olan 67 yaşlı Təvəkkül Bayramov həm təhqir, həm də böhtana görə təqsirli bilinib. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzası verilib. O, il yarım ərzində gecə saat 23.00-dan səhər saat 07.00-a qədər Tovuz rayonunun ərazisini tərk edə bilməz.

 

Kamal Məmmədov

Tarix: 20 Fevral 2026, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin