BURADA REKLAMINIZ OLA
BİLƏR

“Erməni qohumu olanlar bu dövlətdə yaşasalar da, başqa dildə təhsilə üstünlük verirlər” – Sabir Rüstəmxanlı

Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Lakin hələ o dövrdən insanlarımızın ikinci ana dili kimi sevdiyi, mənimsədiyi rus dili də bizimlə birgə addımlayır. Ölkəmizdə elə bir abu-hava var ki, sanki beynəlxalq dil İngilis dili yox, rus dilidir. Belə ki, əksər qurumlar vakansiya elan edəndə rus dilini xüsusi tələb kimi vurğulayırlar. Ailələr isə övladlarını məktəbə qoyarkən rus dilində tədrisə daha çox meyl edirlər. Hətta elə bir həddə çatmışıq ki, yaşlı və ya gənc olmasından asılı olmayaraq, əksəriyyət küçədə rus dilində danışır. Çünki çoxları bunu əsarətin yox, aristokratiyanın göstəricisi kimi qəbul edirlər. Maraqlıdır, 30 illik bir periodda Azərbaycan insanının rus dilinə olan sevgisinin azalmama səbəbi nədir? Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Xalq şairi, deputat Sabir Rüstəmxanlı bildirib ki, uşaqlara dil öyrədilərkən valideyn öz milli vicdanı qarşısında cavab verməlidir: “3-4 yaşında hansı dildə təhsil almalı olduğunu bilə bilməz. Bunların hamısına valideyn məsuliyyət daşıyır. Niyə öz övladlarını ana dilindən məhrum edirlər? Ana dilindən məhrum olmaq ömrü boyu insanın özünü komfortsuz şəraitdə hiss etməsinə səbəb olur. Çünki düşüncəsi travma alır və yarımçıq qalır. Dünyada çoxdan sübut olunub ki, insan beynində ana dilinin yeri bir ayrıdır. Ona görə də beyin doğma dillə çalışmalıdır. Rus dilinə meyl bir xəstəlikdir. Azərbaycana düşmənçilik iddiasında olanlar, ölkəmizdə yaşayan azsaylı xalqlar dilimizə hörmətsizlik edərək daha çox rus dilinə meyl edilər. Həmçinin rus, erməni qohumu olanlar da bu dövlətdə yaşasalar da, başqa dildə təhsilə üstünlük verirlər”.

 

İş yerlərində rus dilinin xüsusi tələb olunmasına gəldikdə isə millət vəkili vurğulayıb ki, elə bir tələb yoxdur və ola da bilməz: “Hər hansı bir şəxs iş üçün müraciət edərkən ondan rus dili tələb olunarsa, o, rus dili tələb edən şəxsi məhkəməyə verə bilər. Çünki dövlət dili Azərbaycan dilidir. Bildirim ki, burada Azərbaycan şirkətlərini nəzərdə tuturam. Beynəlxalq qurumlarda dil tələbi normaldır. Amma Azərbaycan şirkətinin ixtiyarı yoxdur ki, vətəndaşdan belə bir şey tələb eləsin. Şəxs öz dilini mükəmməl, əlavə bir dili isə orta səviyyədə bilirsə, bu, kifayətdir. Niyə məhz rus dili tələb kimi qoyulmalıdır?”.

Tarix: 1 Avqust 2020, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin