26 fevral 1992-ci ildə törədilən Xocalı faciəsinin ağrısını, iztirabını yaşayan çox qadın var. Lakin söhbətləşdiyimiz qadın bəlkə də ən təsirli, amansız taleyi yaşayandır. Söhbət erməni əsgərlərinin işgəncəsi ilə yeni doğulmuş qızını qucağında, yaralı oğlunu kürəyində daşıyan Mehriban Bəkirovadan gedir. Ayaqyalın, qarın üstündə sürünən iztirablı tale... Hər addımı, hər nəfəsi qorxu və ümidsizliklə dolu olan Mehriban Bəkirova həmin gecə uşaqlarını qorumaq üçün irəliləməyə davam edirdi. Bu reportajda biz onun dəhşətli gecənin şahidi kimi gördüklərini, faciənin hər detalını və illər sonra ağlında qalanları öyrəndik. Goranboyun Ağcakənd kəndində yaşayan Xocalı faciəsinin şahidi Mehriban Bəkirova Oxu.Az-a danışaraq həmin qanlı günlə bağlı kədərli xatirələrini bölüşüb..
Mehriban Bəkirova nitqinin əvvəlində faciə baş verən günə qədər ermənilərin Xocalını tez-tez atəşə tutduqlarını deyib:
"Hər beş-on evin arasında bir zirzəmi var idi. Biz gündüzlər zirzəmiyə düşür, axşam yeməyindən sonra da gecəni orada keçirirdik. Çünki işıqlar söndürülürdü, elektrik enerjisi yox idi. O vaxt 27-28 yaşında ailəli bir qadın idim. Həyat yoldaşım Abdulla Həmzəyev aeroportda polis işləyirdi. O dəhşətli faciədən əvvəl fevralın 23-də zirzəmidə mənim qız övladım dünyaya gəlmişdi. Çünki xəstəxanaya getmək mümkün deyildi. Hər yer mühasirədə idi".
O zaman dörd övlad anası olan Xocalı şahidinin sözlərinə görə, həmin günə qədər konkret olaraq hücumun hansı gün, hansı saat olacağı barədə dəqiq məlumat yox idi:
"Fevralın 25-dən 26-na keçən gecə saat 1-də şiddətli döyüşlər başladı. Artıq səslər əvvəlki atışmalara oxşamırdı. Partlayışlar çox güclü idi. Hər yer silkələnirdi. Həmin anda başa düşdük ki, bu, artıq açıq hücumdur. Həmin gecə yoldaşım aeroportu müdafiə etmək üçün döyüşürdü, evə gəlməmişdi. Zirzəmidə əsasən, qadınlar, uşaqlar və yaşlılar qalmışdı. Bir az keçəndən sonra dedilər ki, ermənilər gəlirlər. İçimizdən ağ bayraq qaldıranlar oldu. Görsünlər ki, biz dinc əhaliyik, qadın-uşağıq. Bəlkə, atəş açmazlar.
Qapıdan çıxan kimi atəş açıldı, bir kişini öldürdülər, sonra yaralanan yaralandı, öldürülən öldürüldü. Geri qayıtdıq, qumbara atdılar. Qumbaranın qəlpələri hər tərəfə yayıldı. Yaşyarımlıq oğlum başından və qolundan qəlpə xəsarətləri aldı. Mənim yanımda olan bir qadın yaralandı. Uşaqlar qışqırırdılar. Hər yer səs-küy, qan, çaxnaşma idi. Sonra gördük ki, ermənilər artıq şəhərə giriblər.
Qadınları, uşaqları bir yerə yığdılar. Kim qaçmağa çalışırdısa, yıxılırdısa, təpiklə vururdular. Alov hər yeri bürümüşdü. İnsan özünü itirirdi. Nə uşağını görə bilirdin, nə ananı, nə bacını. O an başa düşdüm ki, bunlar insan deyil, vəhşidirlər. Yaralı, qadın, uşaq, yaşlı hamısı eyni idi onlar üçün. Yeriyə bilməyənləri saçından tutub çəkirdilər. Bizi bir yerə yığandan sonra döyə-döyə Xankəndiyə əsir apardılar.
Əllərimiz bağlı idi. Kəndin içərisi ilə gedirdik. Hər tərəf yanırdı. Evlərimiz gözümüzün qabağında külə dönürdü. Arada kimsə yıxılırdı, onu qaldırmırdılar. Qışqırıq, ağlama, nalə hər yerdən gəlirdi. Bir yerdə dayandılar. Ermənilərdən biri gəlib qadınlara baxırdı, sanki heyvan seçirmiş kimi, gənc qızları seçib ayrı istiqamətə, yaşlı, uşaqlı qadınları başqa tərəfə apardılar".
Mehriban Bəkirova həmin gün qulağına güclü zərbə endirildiyini deyib:
"Bizi yanan sahələrlə aparırdılar, avtomatın qundağı ilə qulağımdan necə vurmuşdularsa, o vaxtdan qulağım eşitmir. Qan dəhşət axırdı. Məndən döyə-döyə soruşurdular ki, kimin arvadısan, ərin harada döyüşür? Yoldaşımın fotosunu göstərdilər, xilas olmaq üçün tanımadığımı dedim. Sonra başımı maşına çırpdılar, dişlərim töküldü. Sonra həyat yoldaşımla ikimizin fotosunu göstərdilər. Başa düşdüm ki, bizim ailəli olduğumuzu və yoldaşımın aeroportda döyüşdüyünü bilirlər.
Döyürdülər, təpikləyirdilər, hər cür alçaldıcı sözlərdən istifadə edirdilər. Azərbaycan dilini bilənləri var idi. Bizi maşına mindirəndə başa düşdüm ki, 3 günlük körpə qızım taxıl zəmiləri ilə gəldiyimiz yolda bükdüyüm ədyaldan düşüb. Yaş yarımlıq oğlumu belimə, onu da qucağımda ədyala bükmüşdüm. Həmin həyəcanda necə düşdüyünü hiss etməmişəm".
O qeyd edib ki, 3 günlük qızını 34 il əvvəl Rusiyanın "Novaya qazeta" nəşrinin Qarabağ müharibəsini izləmək üçün bölgəyə ezam edilən, erməni qüvvələrinin nəzarəti altında olan ərazilərdə fəaliyyət göstərən əməkdaşı, jurnalist Viktoriya İvleva tapıb:
"Həmin gecədən bir gün sonra övladımı gətirib mənə təhvil verdilər. Dedilər ki, uşaq tapmışıq, kimindir? Ağlayaraq dedim ki, mənimdir. Uşağın bələyi açılmışdı, pis vəziyyətdə idi, qarın üstündə çox qaldığından xəstələnmişdi. Viktoriya (İvleva - rusiyalı jurnalist - red.) ermənilərə tapşırdı ki, bu qadın və uşaqları ilə işiniz yoxdur, lakin buna baxmayaraq, yenə də incidirdilər bizi. Olmazın işgəncələr verirdilər, gənc qızlara təcavüz edirdilər. Neçə kişinin bu səhnəyə ürəyi dözmədi, elə zirzəmidəcə vəfat etdi. Ərimin başına pul qoymuşdular. Ərim ailəsinin əsir olduğunu öyrənəndən sonra geri qayıtmışdı. Fevralın 26-da Ağdamda onu snayperlə başından vurdular".
M.Bəkirova bildirib ki, əsirlikdə ermənilər misli görülməmiş işgəncələr verirdilər:
"Kişilərin əllərini kəsirdilər, ülgüclə doğrayırdılar. Bizi döyürdülər, təpikləyirdilər. O günlər çox ağır idi. 10 gün əsirlikdə qaldıq. Özləri ət yeyirdilər, gülərək, alçaldıcı tonda bizə suyunu verirdilər. Zəhər olar deyə yemirdik. Sonra bizi çölə çıxarıb qar yedizdirirdilər. Viktoriya xanım hər gün gəlib bizi yoxlayırdı. Bir müddət sonra mənə şirin çay hazırlamışdı, çörəyin arasında kolbasa çörək verirdi. Qorxsam da, uşaqlarıma verdim, özüm də yedim".
O, yoldaşını sonuncu dəfə 22 fevralda gördüyünü deyib:
"Uşağın dünyaya gəlməsinə bircə gün qalmış görmüşdüm onu. O vaxt ərim mənə demişdi ki, müharibədən sağ çıxsaq, adını Azad qoyarıq, yox, xilas ola bilməsək, Günay yazdırarsan. O, döyüşə getdi, sonra da ölüm xəbərini aldıq. Körpəsini görmədi. Dörd uşaqla təkbaşına qaldım. Bizim öldü-qaldımızdan xəbər tutmadı. Həmin Günayım 2011-ci ildə 21 yaşında Bakıda epilepsiya xəstəliyindən vəfat etdi. Sağalda bilmədim balamı. Həkimlər dedilər ki, xəstəliyinin səbəbi 3 günlük olanda başına gələnlərdir. Qarın üstünə düşüb, soyuq vurub, xəsarət alıb. Axırda da epilepsiya xəstəliyinə tutuldu".
Xocalı şahidinin sözlərinə görə, əsirlikdən xilas olmalarında Viktoriya İvlevanın böyük rolu olub:
"Əsgəranda əsirlərin dəyişdirilməsi prosesində mənə 50 rubl və adres verdi, dedi ki, Ağdama get, mənə zəng et, sənə kömək edəcəyəm, amma heç kim bilməsin. Onu da vurğuladı ki, Ağdamda çox qalmayın, ora da işğal olunacaq, bilirdi bunu. Yalınayaq olduğum üçün mənə ayaqqabı, paltar və corab verdi. Amma nömrəni sonradan itirdim. Həmin ərəfə birtəhər kömək gəldi, Ağdamdan çıxa bildik. O vaxtdan əlaqəmiz kəsildi".
M.Bəkirova vurğulayıb ki, Viktoriya İvleva 19 il sonra - 2011-ci ildə onu yenidən tapıb:
"Məni Goranboyda tapdı, bizi danışdırdı, foto çəkdirdik. Dedi ki, bizi çox axtarıb. Elə bilib ki, ölmüşük. Ağladı, məni qucaqladı. Qızımı gördü, epilepsiyadan ağırlaşmışdı, danışa bilmirdi. Dedi ki, yanına aparacaq, qızımı müalicə edəcək. Çox keçmədən qızım vəfat etdi. Qızımın üç mərasimi günü zəng etdilər ki, Viktoriya xanım sizi Moskvaya aparmaq istəyir, məlumat verdim ki, Günay artıq vəfat edib. Viktoriya yanımda bir az həmin günlərdən danışdı. Dedi ki, siz çıxandan sonra ermənilər evinizi yandırdılar. Sonra faciənin olduğu gün çəkdiyi fotoları verdi. Fotolarda diri insanın üzərindən tankların keçdiyi görünürdü. Həmin fotolarda dəhşətli tarix var, amma onları bizə vermədi. Müharibənin bütün dəhşətini o xanım lentə alıb".
Jurnalist Viktoriya İvleva 2011-ci il martın 9-da "Novaya qazeta" nəşrində dərc etdiyi məqaləsində həmin anları belə xatırlayır:
"Mən onu 26 fevral 1992-ci ildə - yəni 19 il öncə Qarabağda səhər saatlarında görmüşdüm. O, dörd uşağı ilə əsir götürülmüşdü. Mən isə müharibəyə gəlmiş bir jurnalist olaraq onunla birlikdə əsir götürülmüş insanların arasında idim. Əvvəlcə onu yox, qəribə bir qar buludunu gördüm, bizim tərəfə doğru irəliləyirdi. Sonra inilti, qışqırıq və uşaqların ağlama səsləri eşidildi. Bulud dağılanda isə çılpaq ayaqlı insanlar qrupunu gördüm, əsasən qadınlar və uşaqlar idi. O, bu qrupun sonuncusu idi - ayaqqabısız, yavaş-yavaş irəliləyirdi, daim dayanır, uşaqlarının geri qalmadığını yoxlayırdı. Ayağına və başına qəlpə dəymiş bir oğlan və yeni doğulmuş qızını qucağında daşıyırdı. Qızcığaz cəmi 3 günlük idi.
Biz onların yanında addımladıq. Hərəkət etmək olmurdu, qar və palçıq dolu yollar. Yanımdakı təzə doğulmuş körpəni qorumalı idim. Mən uşağı qucağıma alıb jaketimin altına saldım. Böyük, parlaq qırmızı bir jaketim vardı, elə bilirdim ki, müharibədə məni qoruyur. Əslində isə mən açıq hədəf idim, təsadüf sayəsində ölüm və ya yaralanmadan xilas oldum.
Hücum edənlərin hər birinin əllərində ağ sarğılar vardı, mənim də vardı, amma bir yerdə itdi və arxadan atlı bir əsgər mənə tüfənglə bir neçə dəfə vurdu, mənim başa düşmədiyim bir dildə qışqırdı. Tüfənglə arxadan vurulmaq hissi ömrümün sonuna qədər mənimlə qaldı; bu, hər bir əsirin hiss etdiyi əsas duyğunu mənə yaşatdı: tam və qəti hüquqsuzluq. Mən heçliyə çevrildim, hər şey yox oldu, zaman dondu, dünya daraldı. Yalnız mən və məni vuran silahlı bir varlıq qaldı. Həm də qorumaq məcburiyyətində olduğum bir körpə var idi.
Bu anlar çox qısa sürdü. Məni tanıyan biri yaxınlaşdı, dərhal məlum oldu ki, mən əsir deyiləm, hətta üzr də istədilər… Amma yaddaşımda yalnız özünü heç kimi hiss etmək qaldı. Hər halda, mən hələ də belimin hər hüceyrəsində o zərbəni hiss edirəm.
Onları bir neçə gün əsir saxladılar, mən onu ziyarət edirdim, baxmayaraq ki, bu, çox xoş qarşılanmırdı. Daha sonra əsirlikdən qaytarılan ana qədər müşahidə etdim. Bir müddət sonra mən ona bir az pul vermək qərarına gəldim, uzun müddət düşündük, pulu haraya gizlədək ki, yoxlasalar, əlindən almasınlar. Nəhayət, o pulu geyimin altında gizlətdi. Onları sarı, köhnə avtobusa mindirdilər və mənim həyatımda birdəfəlik yox oldular.
Bu hadisələrin baş verdiyi yerin adını deməyin vaxtıdır. Hər bir Azərbaycan və Ermənistan sakini bu adı bilir. Bu, Xocalı şəhəridir. Xocalıda və ətraf ərazilərdə yüzlərlə mülki şəxs həlak oldu. Öldürülənlər əsasən qadınlar və uşaqlar idi.
Xocalı Azərbaycan idi, orada yeganə işləyən hava limanı var idi və şəhər üçün ciddi döyüş olacağı aydın idi. Belə də oldu - hava limanı insan həyatından daha vacib oldu. Şəhər uğrunda döyüşdə sovet ordusunun əsgərləri və zabitləri də iştirak edirdi. Xocalı faciəsi heç vaxt obyektiv və ya beynəlxalq araşdırma mövzusu olmayıb.
Nəhayət, biz onu Şahin Hacıbəyovun köməkliyi ilə Goranboy rayonunun Ağcakənd kəndində tapdıq. O, qocalmış, üz-göz qaralmış, amma eyni möcüzəvi mavi gözlərlə qarşımıza çıxdı. Biz qucaqlaşıb uzun müddət həyətdə ağladıq. Mən saçlarını və üzünü oxşayır, yanaqlarına barmaqlarımı sürtərək qeyri-adi incəlikləri yadda saxlayıram - məsələn, dərisi uşaq dərisi kimi yumşaq və incədir.
Dialoqumuzu belə xatırlayıram:
- Rus dilində danışırsan? O zaman danışırdın da?
- Xeyr. Artıq danışmıram. Hər şey yaddan çıxıb. (Şahin tərcümə edir)
- İçəri girə bilərik? Mən qucağımda daşıdığım qızı görə bilərəm?
Mehri̇ban başını tərpədir.
Biz kiçik qaçqın evinin pilləkənlərini qalxırıq. Qızı gördüm, onu Günay adlandırıb. "Günəş" və "Ay" mənasını verir.
Qız kresloda oturub, ayaqlarını özünə çəkib. Saçları düzəlmiş və arxaya daraqlanmış, üz ifadəsiz.
- Salam, Günay!
O sakitdir, amma qucaqlamağa imkan verir.
- O xəstədir, əvvəl danışırdı, amma artıq beş ildir ki, danışmır. Nə başa düşdüyünü bilmirik. Mehriban izah edir.
Sonra pıçıltı ilə deyirəm:
- Vacib deyil, başa düşür, ya yox. Bəlkə, indi anlamır, sonra anlayacaq. Ona de ki, ikigünlük olanda mən qucağımda daşıdım.
Şahin tərcümə edir. Günay sakitcə dinləyir və eyni sakitliklə məndən uzağa baxır. Üz ifadəsi dəyişmir.
Mehri̇ban danışır:
- Mən onu zirzəmidə doğdum, biz bir neçə qonşu ailə ilə orada gizlənmişdik, güllə səsləri çox güclü idi. 23 fevralda doğdum. İki gün orada qaldıq. Güllə səsləri dayanmırdı, yanımızdakı iki kişi "gəlin çıxaq, ağ bayraq qaldıraq" dedi. Bayrağı qaldıran kimi atəş açdılar və hamımız əsir düşdük. Ərim həmin gün öldü, amma mən bunu bilmirdim. O, güclü və idmançı idi. Hava limanını qorumağa getmişdi və orada öldü. Cəsədini dəyişəndə aldıq və dəfn etdim. Məni əsir aparanda özümü itirdim, sonra qızımı itirdiyimi gördüm, qarın içində yatmışdı. Sağ qaldı.
Hamımızı qarın üstünə otuzdurub, od yandırmağa icazə verdilər. Uşaqlar ac idilər, onlara dedilər ki, qartopu düzəldin, yeyin. Günayı görəndə ürəyim qorxu, dəhşət və acizliklə doldu.
Günay sizə nə etmişdi, atəş açmağı sevənlər?!
O nə etdi?
…Bütün axşam qədim bir ilahi pozasında oturdu, ayaqlarını çarpaz qatladı, hərəkətsiz baxdı. Günay səssizliyi ilə dünyadan ayrıldı, həyatını dağıdan dünya onun varlığını belə görmədi.
Günay Azərbaycanın dağ kəndi olan Ağcakənddə yaşayır. Bu, Günayın doğulduğu yerdən təxminən altmış kilometr uzaqlıqda yerləşir. Məkanda və zamanda yanlışlıq vardı…
Xatırladaq ki, Mehriban Bəkirovanın faciəvi taleyi Litva kinematoqrafçılarının "Sonsuz dəhliz" sənədli filmində ətraflı təsvir edilib. Bu film çoxsaylı beynəlxalq mükafatlar alıb, eyni zamanda Azərbaycan telekanallarında da yayımlanıb.
10 Aprel 16:56
10 Aprel 16:54
10 Aprel 16:50
10 Aprel 16:50
10 Aprel 16:43
10 Aprel 16:36
10 Aprel 16:28
10 Aprel 15:46
10 Aprel 15:38
10 Aprel 15:32
10 Aprel 15:29
10 Aprel 15:17
10 Aprel 15:11
10 Aprel 14:52
10 Aprel 14:20
10 Aprel 14:18
10 Aprel 14:11
10 Aprel 14:00
10 Aprel 13:51
10 Aprel 13:46
10 Aprel 13:44
10 Aprel 13:27
10 Aprel 13:24
10 Aprel 13:23
10 Aprel 13:17
10 Aprel 13:16
10 Aprel 13:15
10 Aprel 13:12
10 Aprel 13:10
10 Aprel 13:08
10 Aprel 12:56
10 Aprel 12:53
10 Aprel 12:52
10 Aprel 12:51
10 Aprel 12:49
10 Aprel 12:46
10 Aprel 12:36
10 Aprel 12:34
10 Aprel 12:32
10 Aprel 12:29
10 Aprel 12:24
10 Aprel 12:13
10 Aprel 12:08
10 Aprel 12:06
10 Aprel 12:06
10 Aprel 12:03
10 Aprel 11:33
10 Aprel 11:27
10 Aprel 11:23
10 Aprel 11:21
10 Aprel 11:20
10 Aprel 11:00
10 Aprel 10:58
10 Aprel 10:46
10 Aprel 10:44
10 Aprel 10:22
10 Aprel 10:20
10 Aprel 10:19
10 Aprel 09:35
10 Aprel 09:35
10 Aprel 09:33
10 Aprel 09:31
10 Aprel 09:29
10 Aprel 09:26
10 Aprel 09:24
10 Aprel 09:22
10 Aprel 09:15
10 Aprel 07:41
10 Aprel 07:28
10 Aprel 06:54
10 Aprel 01:54
10 Aprel 01:48
10 Aprel 00:14
10 Aprel 00:09
9 Aprel 23:18
9 Aprel 23:16
9 Aprel 22:59
9 Aprel 22:54
9 Aprel 22:49
9 Aprel 22:44
9 Aprel 22:35
9 Aprel 22:24
9 Aprel 21:55
9 Aprel 20:59
9 Aprel 19:44
9 Aprel 19:08
9 Aprel 19:05
9 Aprel 18:33
9 Aprel 17:24
9 Aprel 17:13
9 Aprel 17:12
9 Aprel 17:11
9 Aprel 16:33
9 Aprel 16:31
9 Aprel 16:28
9 Aprel 16:24
9 Aprel 16:22
9 Aprel 16:17
9 Aprel 16:11
9 Aprel 16:08
9 Aprel 16:03
9 Aprel 15:28
9 Aprel 15:20
9 Aprel 15:17
9 Aprel 15:09
9 Aprel 15:04
9 Aprel 15:01
9 Aprel 14:52
9 Aprel 14:50
9 Aprel 14:46
9 Aprel 14:45
9 Aprel 14:40
9 Aprel 14:36
9 Aprel 14:31
9 Aprel 14:26
9 Aprel 14:16
9 Aprel 13:57
9 Aprel 13:35
9 Aprel 13:28
9 Aprel 13:25
9 Aprel 13:22
9 Aprel 13:05
9 Aprel 13:03
9 Aprel 12:54
9 Aprel 12:49
9 Aprel 12:32
9 Aprel 12:11
9 Aprel 12:09
9 Aprel 12:05
9 Aprel 11:26
9 Aprel 10:55
9 Aprel 10:33
9 Aprel 10:28
9 Aprel 09:48
9 Aprel 09:34
9 Aprel 09:31
9 Aprel 09:30
9 Aprel 09:00
9 Aprel 08:55
9 Aprel 08:53
9 Aprel 08:51
9 Aprel 08:45
9 Aprel 08:44
9 Aprel 08:39
9 Aprel 08:29
9 Aprel 08:24
9 Aprel 08:20
9 Aprel 08:14
9 Aprel 07:38
9 Aprel 00:59
Ən son xəbərləri səhifəmizdən də izləyin