BURADA REKLAMINIZ OLA
BİLƏR

Fermer və sahibkara qarşı dələduzluq edən şəxslə bağlı QƏRAR

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərəc Vəzirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmə baxışı zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin məhkəmə aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir.

 

İttihama görə, Fərəc Vəzirov təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə iki ayrı epizod üzrə dələduzluq cinayət əməli törədib.

 

İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən quşçuluq fermasının sahibi olan zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) müraciət edərək fermada saxlanılan ətlik toyuqları topdan alıb satacağını və əldə edilən vəsaiti tam şəkildə ödəyəcəyini vəd edib. Bu yolla zərərçəkmiş şəxsin etimadını qazanan Fərəc Vəzirov 2023-cü il ərzində müxtəlif tarixlərdə və müxtəlif partiyalarla ümumilikdə minlərlə ədəd, on minlərlə kiloqram çəkidə cücəni hər kiloqramı 2,85–2,9 manat qiymətlə götürüb.

 

O, ayrı-ayrı tarixlərdə götürülmüş malların ümumi dəyəri üzrə ödənilməli olan məbləğlərin əksər hissəsini ümumiyyətlə ödəməyib, bəzi hallarda isə qismən ödəniş edib. Belə ki, bir sıra partiyalar üzrə heç bir ödəniş edilməyib, bəzi hallarda isə yalnız 5 000 manat və ya 1 550 manat kimi qismən ödənişlər həyata keçirilib. Sonradan - 2023-cü il tarixdən hissə-hissə olmaqla ümumilikdə 21 300 manat ödəniş edilsə də, istintaqın hesablamalarına əsasən vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 80 708,81 manat məbləğində pul ələ keçirilib və zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurulub.

 

Bundan başqa, təqsirləndirilən şəxs digər epizod üzrə tanışı olan zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) qarşı da oxşar üsulla dələduzluq edib. İttihama əsasən, o, Bakı şəhəri, Yasamal rayonu, İzmir-9 ünvanında ət-süd məhsullarının topdan satışı ilə məşğul olan zərərçəkmiş şəxsin etimadından istifadə edərək toyuq məhsullarını Gəncə şəhərində satacağını və 15 000 manatlıq məhsuldan 3 000 manat gəlir əldə ediləcəyini vəd edib. Bu niyyətlə 2023-cü ilin dekabr ayının ortalarında 15 000 manat pulu ələ keçirib.

 

Daha sonra həmin vəsaitin qarşılığında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 sot torpaq sahəsini 43 000 manata satacağını vəd edərək, 2024-cü ilin fevral ayından iyun ayının ortalarınadək olan müddətdə Xırdalan şəhəri ərazisində hissə-hissə olmaqla ümumilikdə 28 000 manat əlavə pul alıb və nəticədə vahid niyyətlə ümumilikdə 43 000 manat məbləğində vəsaiti ələ keçirib. Lakin vədinə əməl etməyərək həmin torpaq sahəsini başqa şəxsə satdığı və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurduğu bildirilir.

 

Beləliklə, Fərəc Vəzirova qarşı irəli sürülmüş ittiham Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq) ilə tövsif edilib.

 

Məhkəmə qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən, heç kəs onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum edilə bilməz və məhkəmə aidiyyətinin dəyişdirilməsi yalnız qanunda nəzərdə tutulmuş hallarda mümkündür.

 

Cinayət işinin materiallarına əsasən, təqsirləndirilən şəxs iki epizod üzrə dələduzluqda ittiham olunur. Həmin epizodlardan biri – D.D.-yə qarşı törədilmiş əməl – ağır cinayət hesab olunduğundan, bir icraatda birləşdirilmiş cinayət işi Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə uyğun olaraq ağır cinayətlər məhkəməsinə göndərilib.

 

Eyni zamanda müəyyən edilib ki, ağır cinayət hesab edilən epizod Bakı şəhəri, Xəzər rayonu ərazisində törədilib. Bu səbəbdən ərazi aidiyyəti nəzərə alınaraq hazırkı cinayət işinin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi məqsədəuyğun hesab olunub.

 

Qərara əsasən, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham üzrə cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eyni zamanda, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2025-ci il tarixli qərarının qüvvədə olduğu da nəzərə alınıb.

 

Kamal Məmmədov

Tarix: 2 Mart 2026, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin