BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-dan “Range Rover” və Dağıstandan “Dirol” saqqızı gətirmək adı ilə dələduzluq etdi – QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Maqsud Əşrəfovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilib. Mülki iddiaçı zərərçəkmiş A.A.-nın (adı, soyadı şərtidir) maddi zərərin əvəzinin və dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası qismən təmin olunub. Maqsud Əşrəfov vurulmuş maddi ziyana görə 61 750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 275,25 manat, ümumilikdə isə 62 025,25 manat məbləğində pulu tutularaq zərərçəkmiş şəxs – mülki iddiaçıya ödənilməsi qərara alınıb.

 

Qeyd: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən, Maqsud Əşrəfov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş – təkrarən, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli və külli miqdarda ziyan vurma – dələduzluq cinayətini törətməkdə təqsirləndirilir.

 

Birinci instansiya məhkəməsinin hökmündə qeyd olunub ki, o, müxtəlif vaxtlarda bir neçə zərərçəkmişə qarşı oxşar üsulla – yalan vədlər verməklə və yaranmış etibardan sui-istifadə etməklə onların pul və əmlakını ələ keçirib.

 

Məhkəmə araşdırması ilə müəyyən edilib ki, Maqsud Əşrəfov 2019-cu ilin iyul və avqust aylarında tanışı zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) Dağıstan Respublikasından sərfəli qiymətə “Dirol” saqqızı gətirərək birlikdə satış edib qazanc əldə edəcəkləri barədə yalan vədlər verib. Bu məqsədlə Bakı şəhəri, Xətai rayonu ərazisində iki ayrı vaxtda ümumilikdə 23 000 manat pul alaraq ələ keçirib və vədinə əməl etməyib. Nəticədə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurulub.

 

Bundan başqa, Maqsud Əşrəfov zərərçəkmiş Y.Y.-ə (adı, soyadı şərtidir) taksi fəaliyyəti adı altında avtomobil alıb 20 aylıq icarəyə verəcəyinə, müddət başa çatdıqdan sonra nəqliyyat vasitələrinin ona qalacağına inandırıb. 2022-ci il ərzində müxtəlif tarixlərdə Naxçıvan Muxtar Respublikasında yerləşən ödəmə terminalları vasitəsilə, eləcə də Bakı şəhərində nağd qaydada olmaqla ümumilikdə 40 000 manat məbləğində vəsait ələ keçirib. Lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək zərərçəkmişə xeyli miqdarda ziyan vurub.

 

Eyni zamanda müəyyən olunub ki, təqsirləndirilən şəxs zərərçəkmiş A.A.-ya (adı, soyadı şərtidir) qarşı da bir neçə epizod üzrə dələduzluq edib. Belə ki, “Rent a car” fəaliyyəti adı altında hər ay 2 000 manat qazanc vəd etməklə 2022-ci ilin sentyabr ayında dörd dəfə olmaqla ümumilikdə 20 000 manat pul alıb. Bundan əlavə, kredit ödənişlərini özü edəcəyini bildirərək zərərçəkmişin adına rəsmiləşdirilmiş 2 000 manat dəyərində mobil telefon və 1 250 manat dəyərində noutbuku ələ keçirib, nəticədə 3 250 manat ziyan vurub.

 

Həmçinin Maqsud Əşrəfov A.A.-ya ABŞ-dan 80 000 manata “Range Rover” markalı avtomobil gətizdirəcəyi adı ilə sənədləşmə xərcləri üçün 1 500 manat alıb. Bundan başqa, zərərçəkmişə məxsus 30 900 manat dəyərində “Hyundai Tucson” markalı avtomobili notariat qaydasında etibarnamə əsasında əldə edərək vədinə əməl etməyib. Eyni zamanda “Ağ Şəhər” ərazisində mənzil kirayələmək adı ilə 1 000 manat pul alaraq ələ keçirib.

 

Beləliklə, məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxs təkrarən və vahid niyyətlə etibardan sui-istifadə və aldatma yolu ilə ümumilikdə on minlərlə manat məbləğində vəsaiti ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maqsud Əşrəfov Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin əvvəlki hökmü ilə təyin edilmiş 5 il 9 ay azadlıqdan məhrumetmə və 3 000 manat cərimə cəzası qismən toplanılaraq ona qəti olaraq 3 000 manat cərimə, 2 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, onun həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 3 ay 9 gün müddət bir günə bir gün hesablanmaqla cəzadan çıxılıb və üzərində qəti olaraq 3 000 manat cərimə və 2 il sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 6 il 8 ay 21 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

 

Hökmlə, həmçinin mülki iddia qismən təmin olunub. Təqsirləndirilən şəxsdən zərərçəkmiş A.A.-nın xeyrinə vurulmuş maddi ziyana görə 56 650 manat və 259,95 manat dövlət rüsumu olmaqla ümumilikdə 56 909,95 manat məbləğində vəsaitin tutulması qərara alınıb. Dövlət rüsumunun 70,05 manat hissəsi isə mülki iddiaçıya aid edilib.

 

Digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında ayrıca iddia vermək hüququ izah olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 3 Mart 2026, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin