BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafedən çıxan gənclər taksiyə minməmək üstündə mübahisə etdi, biri digərini bıçaqladı – HÖKM

 

 

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətli ilə qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Əsəd İmanlının (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum edilib.

 

İttihama görə, 2006-cı il təvəllüdlü Əsəd İmanlı 29 iyul 2025-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində – 160 saylı xətt avtobusunun sonuncu dayanacağının yaxınlığında, “Ülvi İnşaat” mağazası tərəfdə yerləşən kafedə tanışı, zərərçəkmiş Bağır Bəşirovla (adı, soyadı şərtidir) görüşüb. Tərəflər kafedə xeyli müddət söhbət ediblər.

 

İş materiallarına əsasən, saat 23:00 radələrində onlar kafenin qarşısında küçəyə çıxaraq söhbəti davam etdiriblər. Bu zaman evə getmək istəyən zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi də evə yola salmaq məqsədilə iki dəfə taksi sifariş edib. Lakin Əsəd taksiyə minməkdən imtina edib. Həmin vəziyyətdə Bağırın onunla kobud danışmasını cüzi səbəb kimi bəhanə edən Əsəd aralarındakı şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı öz üstünlüyünü nümayiş etdirmək və qisas almaq məqsədilə aqressiv davranış sərgiləyib.

 

Belə ki, o, şalvarın arxa sağ cibində gəzdirdiyi turist bıçağını çıxarıb, xuliqanlıq niyyəti ilə və eqoizm nümayiş etdirərək qəflətən zərərçəkmiş şəxsə qarın nahiyəsindən bir dəfə qəsdən zərbə endirib. Nəticədə Bağıra daxili qanaxma ilə müşayiət olunan, sağ boş venanın, arxa parietal peritonun, nazik və yoğun bağırsağın, eləcə də on iki barmaq bağırsağın zədələnməsi ilə nəticələnmiş, qarnın ön divarının sağ yarısında qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara yetirilib.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli hesab edilən ağır dərəcəli zərər kimi qiymətləndirilib.

 

Kamal Məmmədov

Tarix: 4 Mart 2026, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin