BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hədəf üçün əsas nəzərdə tutula bilinəcək istiqamət Hava Limanı ola bilərdi, çünki..." - AÇIQLAMA

"Hədəf üçün əsas nəzərdə tutula bilinəcək istiqamət Hava Limanı ola bilərdi, çünki Naxçıvanda xüsusi strateji hərbi obyektlər yoxdur. Bu cür dronlar atılanda birinci növbədə strateji obyektlər nəzərdə tutulur. Dron zərbəsi məqsədyönlü şəkildə Hava Limanı istiqamətinə göndərilib. Məsələ aydınlaşdırılmalıdır. İranda başıpozuq bir vəziyyət var və demək olar ki, mərkəzləşdirilmiş idarəetmə sıradan çıxıb. Tehranın Amerika və İsrail qüvvələri tərəfindən vurulması, mühüm dövlət obyektlərinin məhv edilməsi artıq ölkənin haradan idarə olunduğunu söyləməyə bizə imkan vermir. Bütün hallarda, yəqin ki, Naxçıvana hücum, məqsədyönlü şəkildə həyata keçirilib. Çünki İran qonşu dövlətləri də sanki alova bürümək xətti yeridir".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

"Dron zərbəsinin İrandan atılması ehtimalı ona görə böyükdür ki, İranın son hadisələrlə bağlı yeritdiyi strategiya budur. Hətta son anda vəziyyəti dəyişmək imkanı olsa belə, öz ölümləri ilə fanatik dindarlıq nümunəsi göstərərək bölgəni də öldürmək, intihara sürükləmək niyyətində olduqlarını ortaya qoydular. Bu zehniyyətlə, molla qafası ilə idarə olunan dövlətlərin aqibəti həmişə belə olur. Onlarda insan həyatı ilə bağlı məsuliyyət olmaz. İnsanı ideologiyaya qurban vermək istəyən zehniyyət bütün bölgəni yandırmağa həvəsli görünür. Bir ölkə təsadüf ola bilər, amma bütün ərəb ölkələrinə qarşı bu addımı atmaq, eyni zamanda Türkiyəyə raketləri yönləndirmək, ardınca Naxçıvana dronları istiqamətləndirmək heç bir halda təsadüfi prosesə oxşamır. Biz də bu istiqamətdə məsləhətləşərək addımlarımızı atmalıyıq. Əvvəl İrandan gələn cavabları gözləməliyik. Çünki bunun cavabı olmalı, nə məqsədlə edildiyi aydınlaşdırılmalıdır. Bundan sonra ata biləcəyimiz addımlar daha dəqiqləşəcək", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 5 Mart 2026, 14:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin