BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisinin əmlakını yandıran sərxoş kişinin cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Ziya Səfərzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bərdə Rayon Məhkəməsinin hökmü amnistiya aktına əsasən cəzaya aid hissədə dəyişdirilib. “Konstutisiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndlərinə görə, təqsirləndirilən şəxsə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi 6 ay azaldılıb. Nəticədə Ziya Səfərzadənin üzərində 3 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

 

İttihama görə, Ziya Səfərzadənin barəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (özgənin xeyli miqdarda əmlakını qəsdən ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

İş materiallarına əsasən, hadisə 2025-ci ildə Bərdə rayonu, Qəhrəmanlı kəndində baş verib.

 

Belə ki, təqsirləndirilən şəxs ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) məxsus fərdi yaşayış evinin arxa hissəsinə gəlib. O, evin həyətyanı sahəsinə daxil olmaq məqsədilə dəmir konstruksiyadan ibarət çəpəri aşaraq qanunsuz şəkildə əraziyə daxil olub. Sonra Ziya evin həyətində yerləşən və taxta, dəmir, həmçinin dam örtüyü materiallarından inşa olunmuş çardağın altında yığılan təsərrüfat məhsullarını qəsdən yandırıb.

 

Hadisə nəticəsində ümumi dəyəri 3 385 manat olan çardaq və orada saxlanılan məhsullarla birlikdə zərərçəkmiş şəxsə ümumilikdə 9 985 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub.

 

Hadisədən sonra Ziya Səfərzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 19 Mart 2026, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin