BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan xalqı tarixən dinlə milli duyğuları uğurlu şəkildə bir-birinə uyğunlaşdırıb - RƏY

Ramazan ayı müsəlman dünyasında mənəvi saflaşma, mərhəmət və paylaşma duyğularının zirvəyə çatdığı mübarək bir aydır. Bu ayın sonunda qeyd olunan Ramazan bayramı isə yalnız dini bir bayram deyil, həm də insanları bir araya gətirən, sevgi, qardaşlıq və həmrəylik ruhunu gücləndirən xüsusi bir gündür. Azərbaycanda bu bayram əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərlə və zəngin multikultural ənənələrlə vəhdət təşkil edir. Tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə tolerantlıq yalnız bir anlayış deyil, həyat tərzinə çevrilib. Ramazan bayramı da bu dəyərlərin təcəssümü kimi cəmiyyətimizdə birlik, qarşılıqlı anlayış və insani münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu mübarək günlərdə insanlar dinindən və mənsubiyyətindən asılı olmayaraq bir-birinə sevgi və ehtiram göstərir, yardımlaşma və paylaşma ənənələrini yaşadırlar. Beləliklə, Ramazan bayramı Azərbaycanın multikultural simasının və tolerantlıq mühitinin ən gözəl təzahürlərindən biri kimi çıxış edir və bu dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı Elvüsal Məmmədov deyib ki, hər il olduğu kimi bu il də Ramazan bayramının ölkəmizdə ruh yüksəkliyi, daha da təmtəraqla qeyd olunması gözlənilir.

Elvüsal Məmmədov: “Pis xəbər eşitdikdə qulaqları çəkməklə hansısa nəticənin  qarşısını almaq mümkün deyil” Pravda.az

"Əlbəttə, bu, təbii məsələdir, çünki Azərbaycan xalqı tarixən İslam dini ilə iç-içə olub, onunla bütünləşib. Təxminən, on iki əsrdir ki, Azərbaycan üçün İslam doğmalaşıb, on iki əsrdir, İslamla bütünləşib. İslam Azərbaycan xalqının mədəniyyətini, dəyərlərini, kimliyini formalaşdıran başlıca faktora çevrilib. Bu baxımdan, xalqımız İslamın bayramlarını öz bayramı bilib. Ramazan bayramını da bu doğmalığın, məhrəmliyin fonunda təmtəraqla qeyd edir. Bununla yanaşı, Ramazan bayramı özlüyündə ictimai əsaslara sahibdir. Cəmiyyətdə bütünləşməni, ictimai həmrəyliyi təmin edir. Digər bayramlarda olduğu kimi insanlar bu bayramda da sevinirlər, bir-birilərini təbrik edirlər, bayramlaşırlar, qonaq gedirlər, bir-birilərinə baş çəkirlər. Süfrələr qurulur, qohumlar bir-birini xatırlayır. Beləliklə, həm sosial bütünləşmə baş verir, həm də unudulmaqda olan ənənələr bayram ab-havasında yenidən dirçəlir. Bununla yanaşı, ölkəmizdə dini, milli ənənələrin düzgün vəhdəti mövcuddur. Azərbaycan xalqı tarixən dinlə milli duyğuları uğurlu şəkildə bir-birinə uyğunlaşdırmış xalqdır. Bizdə dini dəyərlər milli dəyərlərdir, milli dəyərlər isə dini dəyərlərdir. Əlbəttə, bu, Azərbaycan xalqının geniş qəlbliliyindən ətrafa, müxtəlifliyə daha geniş prizmadan baxmasından irəli gəlir. Azərbaycanda dövlət müstəvisində də bu mozaikanın qorunub saxlanılması istiqamətində ciddi işlər görülür. Ölkə daxilində dini məsələləri tənzimləmək üçün Dini Qurtumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bununla yanaşı 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu açılıb. Bu İnstitut Azərbaycan xalqının tarixi, dini mənzərəsinin qorunması lazım gələn tərəflərini mühafizə edəcək kadrlar yetişdirir", - E.Məmmədov bildirib.

 

İlahiyyatçı Ağa Hacıbəyli isə deyib ki, Ramazan ayı və Ramazan bayramı, rəhmət ayının sona çatması təkcə sıradan ritualların tamamlanması deyil:

Ağa Hacıbəyli: “Yas mərasimləri adətdir, dini hökm deyil” Pravda.az

"Ramazan ayı özü ilə bərabər gətirdiyi dəyərlərlə yanaşı bayramında da xüsusi imtiyaz,yən bağışlanma məsələsini ortaya qoyur. Buna görə bayram edəcəyik ki, Allah insanları bağışlayıb. Deməli, insanlar da bir-birini bağışlamalı, ehtiram göstərməlidirlər ki, Allah qatında dəyərləri artsın. Digər tərəfdən İslamın prinsipləri milli ənənələrimizin xüsusiyyətləri ilə, demək olar, tarazlıq təşkil edir. Əsrlərdən bəri gələn dəyərlər xalq tərəfindən mənimsənilib. Bahar bayramının içindəki mənəvi ritualların əslində İslamla çox yaxın münasibəti var. Odur ki, bayram bayramla qarşılaşıb, qoy evlərinizə şənlik, firəvanlıq gətirsin. Ölkəmizdə xeyli sayda inanclı insan yaşayır. Böyük əksəriyyəti müsəlman olsa da, başqa inanc sahibləri də bu ölkədə yaşayırlar, Azərbaycan bayrağının kölgəsi altındadırlar. Tolerantlıq dini dəyərlərimizin içində olduğu kimi milli kimliyimizin də içində var. Başqa xalqların inanclarına, etiqadlarına hörmət göstərmək, etiqad etmək milli xüsusiyyətlərimizdəndir. Dinimiz belə tələb edir. Bu həm də milli xüsusiyyətlərimizə daha uyğundur. İslam dini həmrəylik dinidir. Qucağını hər kəsə açıb, hər kəsə "gəl" deyir. Mövlananın dediyi kimi - kim olursansa, gəl, yetər ki, o rəhmətə, sevgiyə, mərhəmətə gələsən..."

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd il ötdü - Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin  lokomotivinə çevrilə bilib Pravda.az

Tarix: 19 Mart 2026, 14:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin