BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda icarə götürdüyü maşının sahibini döyən şəxsə cəza verildi

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Elgün Babayevin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 2023-cü ildə paytaxtın Yasamal rayonunda yerləşən təkər təmiri sexində qeydə alınıb.


Belə ki, Elgün Babayev tanışı, zərərçəkmiş Mahir Ələkbərzadə (adı, soyadı şərtidir) ilə mübahisə zamanı cinayət əməlini törədib.


İş materiallarına görə, tərəflər arasında mübahisə zərərçəkmiş şəxsə məxsus və Elgün tərəfindən icarəyə götürülmüş “Hyundai Elantra” markalı avtomobillə bağlı yaranıb. Avtomobilin mühərrikinin ön örtüyünün açılması nəticəsində nəqliyyat vasitəsinə ziyan dəydiyi iddia olunub. Mahir bu səbəbdən təqsirləndirilən şəxsdən 600 manat məbləğində pul tələb edib. Lakin Elgün özünün bu hadisədə təqsiri olmadığını bildirərək pul ödəməkdən imtina edib. Buna baxmayaraq, yaranmış mübahisə gərginləşərək qarşıdurmaya çevrilib. Elgün heç bir əsaslı səbəb olmadan özünü digər şəxslərdən üstün tutaraq xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə hücum edib və əli ilə onun baş nahiyəsinə zərbə vurub. Hadisə nəticəsində Mahir sağ almacıq sümüyünün yerdəyişmiş sınığı və həmin nahiyədə şişkinliklə müşayiət olunan xəsarətlər alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.


Yasamal Rayon Məhkəməsinin hökmü ilə Elgün Babayev 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.


Kamal Məmmədov 

Tarix: 1 Aprel 2026, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin