BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qalıb iki qoçun başı bir qazanda, əziyyət çəkən isə biz oluruq” – Operativ Qərargah yenə tənqid edildi

Nəhayət ki, çoxdan gözlədiyim şəxsiqərəzlik ittihamını eşitdim və bunu cavabsız qoya bilmərəm.

 

Bu planetdə şəxsiqərəzliyim olduğu 3-4 nəfər olar-olmaz, o da ki, mənim təşəbbüsümlə deyil.

 

Bütövlükdə həyatımı iki prinsip üzərində qururam - "dəymə mənə, dəyməyim sənə" və "sayanın quluyam, saymayanın ağası".

 

Odur ki, nə TƏBİB-lə, nə onun rəhbəri ilə şəxsiqərəzliyim yoxdur, hələ çatmayıb o səviyəyə ki, şəxsiqərəzliyim olsun onunla.

 

Sadəcə, karantinlə bağlı bütün tövsiyələri məhz TƏBİB verir və haqlı olaraq iradlarımızı o tərəfə bildiririk.

 

Ümumiyətlə, pandemiya məsələsini TƏBİB-ə həvalə edilməsini ilk gündən yanlış qərar hesab edirdim, bu gün də belə hesab edirəm.

 

Çünki digər məqsədlər üçün yaradılan bu qurumun pandemiya-epidemiya-infeksiya kimi məsələlərdə hər hansı bir təcrübəsi yoxdur.

 

Üstəlik, növbəti (zənnimcə) yanlış qərar qəbul edildi və yenidən vəzifələrin bölgüsü oldu, o klinka bunun, bu poliklinika onun, vaxt işə deyil, bürokratik məsələlərə sərf edilir, kim kimi döyər.

 

Qalıb indi iki qoçun başı bir qazanda, əziyyət çəkən isə yenə də biz oluruq.

 

Şəxsən mən brifinqə getsəydim, daha doğrusu buraxsaydılar, bu suallara cavab istəyərdim TƏBİB-dən:

 

1. Orduya dəstək yürüşündə onminlərlə insan iştirak etdi, amma üsütndən iki həftədən çox vaxt keçməyinə baxmayaraq, yoluxma sayı nəinki çoxalıb, hətta azalıb.

 

Nədir bunun izahatı?

 

2. Test keçirmək üçün klinikalar hansı kriteriyalara görə seçilib?

 

Nəyə görə illərlə fəaliyət göstərən klinikalar kənarlaşdırılıb, yeniyetmələr isə buraxılıb bu işə?

 

3. Deyilənə görə, klinikaların biri TƏBİB rəhbərinə (və yaxud ailə üzvlərinə) məxsusdur.

 

Belə deyilsə, rəsmi təkzib verilsin, belədirsə, korrupsiya faktı deyilmi bu?

 

4. Testlərin qiyməti nəyə görə belə bahadır?

 

TƏBİB rəsmisi o gün cavab verdi ki, özəl klinikalardı, bizim səlahiyətimiz çatmır. Ciddisiniz? Həqqi?

 

Bəs deyirsiniz, virusla mübarizə bir müharibədir, necə müharibə zamanı tamaha yol verirsiniz?

 

Deməli, sabah cəbhədə döyüşlər başlasa və özəl klinika yaralını qəbul emtəkdən imtina etsə, deyəcəksiniz gücümüz çatmır onlara?

 

5. Nəyə görə karantində olan dünyanın digər şəhərlərində metro işləyir, bizdə yox?

 

Bizim metrornun ventilasiyası digər üsulla işləyir, yoxsa necə? İroniya deyil, səmimi soruşuram.

 

6. Nəyə görə digər xəstəliklərdən dünyasını dəyişənlərin sayı açığlanmır?

 

Məni marağlandıran müqaisəli statistikadır, yəni, bu ilin 6 ayında ötən ilin 6 ayı ilə müqaisədə digər xəstəliklərdən ölənlərin sayı artıb, ya azalıb?

 

7. Aylarla qapalı qalan insanların psixoloji durumu haqda hər hansı bir araşdırmalar aparılırmı? Psixiloji yardıma dair hansısa tədbirlər görülürmü?

 

Pandemiya-karantin-maddi çətinliklər-stress-psixoloji vəziyyətlə bağlı hansısa bir elmi yanaşma, metodoloqiya, tövsiyələr varmı?

 

8. Sərhədlər nəyə görə açılmır? Onsuzda artıq beynalxalq reyslər həyata keçirilir, nədən aviaşirkətləri məcbur edirsiniz onları utana-utana "xüsusi reys” adlandırsınlar?

 

9. Məktəblərlə bağlı müzakirələr nə vaxt bitəcək?

 

10. Dünaynın nüfuzlu ölkələri artıq ÜST-ün strateqiyasına ehtiyatla yanaşır, bəziləri isə ümumiyətlə bu təşkilatı rədd edirlər.

 

Bizim ölkədə ÜST-ün tövsiyələri nə dərəcədə qəbul edilir, müzakirələr gedirmi, bizim ölkənin özəllikləri, mentalitetimiz, adət-ənənələrimiz nəzərə alınırmı?

 

Üzü nur saçan və açınacağlı vəziyyətdə olan Efiopiyanı təmsil edən ÜST rəhbəri iki gündən bir çıxış edir və bütün çıxışlar yalnız vahiməlik yaratmağa qulluq edir - "vaksin yaxın onillikdə tapılmayacaq", "virus bizi məhv edəcək", dalğaların da ki, ardı kəsilmir.

 

Varmı bu çıxışlara bir münasibət, yoxsa ÜST-ün diktəsi dərhal qəbul edilir?

 

Əsas iradım isə heç də əvvəlkindən seçilmir - OQ-ın öz ayrıca sözçüsünə ehtiyacı var, non-stop rejimində bütün qərarları izah etsin, detalları anlatsın.

 

Yüksək vəzifəli şəxslər özlərinə aid olmayan sualları cavablandıranda, həm onların nüfuzuna ziyandır, həm inamın möhkəmlənməsinə zərbə vurur.

 

Çünki hər bir qərardan sonra suallar qalır. Ona görə ki, əvvəl qərar verilir, sonra onun icra mexanizmləri müzakirə olunur, hərçənd əksinə olmalıdır.

 

OQ bir şey deyir, postda duran polis isə digər təlimat alır, dəfələrlə şahıdi olmuşam.

 

Və belə vəziyyət aylarla davam edir. Ya Operativ sözünü götürün Qəragahın adından, ya da həqiqətən operativlik nümaiş etdirin.

 

Aylarla çimərlik mövzusunu müzakirə etmək operativlik deyil.

 

Sonda isə bunu deyim.

 

Hamı kimi, mən də bu vəziyyətdən əziyət çəkirəm, həm mənəvi əziyət, həm maddi, çünki 5 aydır işimdən, qazancımdan uzaq qalmışam.

 

Amma tanınmışların bu mövzuda çıxışlarını dəstəkləmirəm, qileylənmələrini, "mənim pulum qurtarıb" filan - belə çıxışlar insanlarda qıcıq yaradır, çünki bizdən qat-qat pis vəziyyətdə olanlar, çörək puluna ehtiyacı olanlar var.

 

Dövlətimiz insan həyatını prioritet elan edib və bu çox düzgün yanaşmadır.

 

Lakin eyni zamanda, o da nəzərə alınmalıdır ki, artıq beş aydır davam edən karantin insan həyatına heç də virusdan az təhlükə yaratmır...

 

Azər Qəriboğlu

 

Tanınmış jurnalist

Tarix: 5 Avqust 2020, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin