Reklam

Bakıda sürücüyə hücum edən piyadaya hökm oxundu

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən İsrafil Hətəmovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

İttihama görə, İsrafil Hətəmov 18 dekabr 2024-cü il tarixdə saat 18:41 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 109 ünvanında yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında sərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədib.

 

Belə ki, zərərçəkmiş Əkrəm Rəhimov (adı, soyadı şərtidir) idarə etdiyi “Honda Insight” markalı avtomobillə metronun “Xalqlar dostluğu” stansiyasından “Neftçilər” istiqamətində orta zolaqla hərəkətdə olarkən təqsirləndirilən şəxs yolu sağdan sola keçməyə cəhd edib. Sürücünün haqlı etirazına baxmayaraq, İsrafil heç bir əsaslı səbəb olmadan aqressiv davranaraq ictimai qaydanı kobud şəkildə pozub. Bu zaman o, yüksək səslə nalayiq ifadələr işlədərək ətrafdakı şəxslərin narahatlığına səbəb olub, daha sonra avtomobilə yaxınlaşaraq açıq vəziyyətdə olan sürücü qapısının şüşəsindən içəri uzanıb sükan arxasında olan Əkrəm Rəhimovun sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbələri endirib.

 

Hadisə nəticəsində zərərçəkmiş şəxsə sol almacıq sümüyünün, sol əng sümüyünün lateral divarının və sol almacıq qövsünün azyerdəyişən sınıqları, sol gözün üst qapağının qançırı, burun tənəffüsünün çətinləşməsi və hematoma kimi xəsarətlər yetirilib. Bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər kimi qiymətləndirilib.

 

Beləliklə, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq niyyəti ilə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinib.

 

Məhkəmə istintaqı zamanı ifadə verən İsrafil Hətəmov özünü təqsirli bilib. O deyib ki, hadisə zamanı sərxoş olub və baş verənləri tam xatırlamır, lakin video görüntülərə baxdıqdan sonra zərərçəkmiş şəxsi vurduğunu anlayıb. Əməlindən peşman olduğunu qeyd edən təqsirləndirilən şəxs Əkrəm Rəhimovla barışdığını, dəymiş ziyanı tam ödədiyini və ondan şikayət olmadığını deyərək məhkəmədən yüngül cəza təyin olunmasını xahiş edib.

 

İş materiallarına əsasən, zərərçəkmiş şəxs də məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və heç bir şikayət və tələbinin olmadığını bildirib.

 

Kamal Məmmədov

Tarix: 21 Aprel 2026, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin