Reklam

Toyuna hazırlaşan şəxsi yük maşını ilə vuraraq öldürən qərardan narazıdır

Hacıqabul rayonunda yol qəzası törətməkdə təqsirləndirilən Nizami Binnətovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Zaur Hüseynovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, hadisə 12 avqust 2024-cü il tarixdə saat 02:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən 97-ci kilometrində qeydə alınıb.

 

Belə ki, Tərtər rayonu, Cəmilli kənd sakini Nizami Binnətov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə təkərində yaranmış nasazlıq səbəbindən yol kənarında dayanmış Orxan Həsənova məxsus “Hyundai” markalı maşını və həmin nəqliyyat vasitəsindən düşən sərnişin – Ağcabədi rayon sakini Nahid Səfərovu vurub. Qəza nəticəsində Nahid Səfərov hadisə yerində həyatını itirib.

 

Hadisədən sonra Nizami Binnətov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 1 ay müddətə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınıb. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Məlumata görə, qəzada vəfat edən Nahidin 5 gün sonra toyu olacaq imiş.

 

Kamal Məmmədov

Tarix: 22 Aprel 2026, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin