BURADA REKLAMINIZ OLA
BİLƏR

Elnur Məmmədli: "Gucci", "Dolce Gabbana", "Louis Viutton", "Prada" brendlərinin geyimlərini çox sevirəm

Çempionlar sırasında hər zaman adı çəkilir. Haqqında çox danışılır, sevilir. Ardıcıl ipponlarla millətini qürurlandırıb, böyük uğura imza atıb. Uşaqlıqdan hər zaman anasının dəstəyini hiss edib. Niyyəti həm polis, həm də idmançı olmaq idi. Daim dəcəlliyi ilə seçilən bu şəxs 2008-ci ildə ilk dəfə Pekin Yay Olimpiya Oyunlarına qatılaraq rəqiblərini ipponla məğlub edərək böyük qələbəyə imza atmağı bacarır və orada Azərbaycanın şanlı, üçrəngli bayrağını qürurla dalğalandırır, himnimizi səsləndirir. Söhbət 1983-cü il iyunun 29-da Bakı şəhərində anadan olan və 20 yaşında rəqibini cəmi 13 saniyəyə məğlub edərək, olimpiya çempionu tituluna sahib cüdoçumuz Elnur Məmmədlidən gedir. Elə bu uğuruna görə həmin il ölkə rəhbərliyi tərəfindən “Şöhrət” ordeni ilə təltif edilir. O, karyerası ərzində iki dəfə  “Word Masters” turnirinin də qalibi olub.  2013-cü ildən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir. Ailəlidir. Emin adlı oğlu, Arzu adlı bir qızı var. Beləliklə Olimpiya və ikiqat Avropa çempionu, “Şöhrət” ordenli Elnur Məmmədlinin müsahibəsini təqdim edirik:

 

- İlk olaraq bilmək istərdik, pandemiya dövrünü necə yaşadınız, hansı çətinliklərlə üzləşdiniz?

 

- Bildiyimiz kimi, pandemiya səbəbindən bütün dünyada idman və idman tədbirləri, yarışları dayandırıldı. Təbii ki, bu da ölkəmiz üçün təsirsiz ötüşmədi. Düzdür, biz idmançılar da vəziyyətlə əlaqədar olaraq uzunmüddət idmansız qaldıq. Düşünürəm ki, buna normal yanaşmaq lazımdır, çünki bütün dünyada vəziyyət belə oldu. Amma buna baxmayaraq biz evimizdə idmanla məşğul olduq. Düzdür, elə bir idman alətləri var ki, onlarsız idman etmək çətin və darıxdırıcıdır. Amma çalışdığımız qədər koronavirus pandemiyası dövründə idmandan qalmadıq. Bu müddət ərzində bir çox insanlar əlavə çəki əldə etsələr də, mən əksinə, güclü məşqlər etdim və düz 20 kiloqram arıqladım. Karantin müddətində 105 kiloqramdan 85 kiloqrama qədər çəki verdim. Demək olar pandemiya mənə düşdü, (gülür).

 

- Xaraktercə hər kəs sizi ağır birisi kimi tanıyır. Bəs əslində necə insansınız?

 

- Deyərdim ki, daxilən məndən pozitiv insan yoxdur. Deyib-gülməyi, zarafat etməyi çox sevirəm. Amma təbii ki, hər şey yerli-yerində olmalıdır. Çünki hər şey yerində olduğu zaman insanın dürüstlüyü, güvənliliyi daha çox artır.

 

- Uşaqlıq arzunuz polis və idmançı olmaq olub. Bəs övladlarınızın da sizin yolla getmələrini istəyirsinizmi?

 

- Təbii ki, çox istəyirəm ki, övladlarım da mənim kimi idmanla məşğul olsunlar, peşəkar idmançılar kimi yetişsinlər. İndi onlar idmanla məşğul olurlar. Amma baxıram ki, hər ikisi də çox həvəssizdirlər. Bəlkə də körpədilər, ona görə belədirlər. Gələcəkdə onları olimpiya çempionları kimi görmək istəyirəm. Hələ uşaqdılar, çox şeyi dərk etmirlər. İnşallah, böyüdükdən sonra əgər hər hansısa idman növünü seçsələr onlara ata kimi dəstək olmağa hazıram.

 

- Övladlarınıza vaxt ayıra bilirsiniz?

 

- Onlarla birlikdə cizgi filmlərinə və kinolara baxıram. Bəzi vaxtlar kompüterdə oyunlar oynayırıq. Həyətdə futbolla məşğul oluruq, müəyyən idman hərəkətləri edirik. Xəstələnəndə isə yanlarında oluram, onları əzizləyirəm, onlara nağıllar oxuyuram.

 

-Heç onlara yemək bişirmisinizmi?

 

-Təəssüf ki, elə qabiliyyətim yoxdur, bişirməyi bacarmıram. O qabiliyyət olsaydı xoşbəxt adam olardım (gülür). Düzdür, qayğanaq birtəhər edə bilirəm, amma o da ki, türkəçarədir. Sadəcə onların başını qatmaqdır. Amma özüm dadlı yeməkləri xoşlayıram. Dieta yeməklərini isə heç xoşlamıram.

 

-Bildiyimizə görə dedektiv janrı sevirsiniz…

 

- Bəli, uşaqlıqdan daim detektiv janrları ilə maraqlanmışam. Ola bilsin ki, bu mənim xarakterim ilə bağlı olub. Hər zaman cinayətkarlara qarşı mübarizə, cinayətlərin araşdırılması kimi əsərlər xoşuma gəlib. Çingiz Abdullayevin bütün əsərlərini demək olar ki, oxumuşam. Əvvəllər onun kitablarının nəşr olunacağı günləri səbirsizliklə gözləyirdim. Onun əsərlərində hadisələrin necə cərəyan etməsi, qatilin necə tapılması kimi nüanslar peşəkarcasına əks olunub. Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşıyam. Bu cür əsərlər işimdə daha təcrübəli olmağıma yardımçı olur.

 

-Bir zamanlar ov etməyi çox xoşlayırdınız. Bəs indi?

 

- Əvvəllər tez-tez ova gedirdim. İndi arada bir heyvan ovuna çıxıram. Deyərdim ki, çox dəyişmişəm. Çünki son zamanlar heyvanları tutanda, ovlayanda ürəyim o qədər ağrıyır ki, indi yalnız onları qıraqdan müşahidə edirəm. Onların çırpındığını görmək, öldüyünü görmək mənə çox çətindir. İndi balıq tutmağı daha çox sevirəm. Düzdür, onları tutsam da, sonra yenidən suya buraxıram.

 

- Karaoke oxumaqdan zövq alırsınız. Ən çox hansı müğənnilərin mahnısını ifa etməyi sevirsiniz?

 

- Doğrudur, karaoke oxumağı sevirəm. Karantindən əvvəllər tez-tez karaokeyə gedirdim. İdmançı olsam da, karaoke ruhumun qidasıdır. Onunla bütün streslərimi çıxardıram. Ən çox Akif İslamzadə, Polad Bülbüloğlu, Müslüm Maqomayev və Emin Ağalarovun mahnılarını xoşlayıram. Onların mahnılarını həm dinləyirəm, həm də indi karantin olmasına baxmayaraq arada özüm üçün zümzümə də edirəm (gülür).

 

- Bir zamanlar avtomobillərə marağınız böyük idi. Bəs indi necədir?

 

- Cavanlığımda avtomobillərə marağım hədsiz idi. Düzü indi də cavanam hələ (gülür). Amma deyim ki, onlara marağım bir qədər azalıb. 6-7 il bundan əvvələ nəzər salsam, o zamanlar avtomobillərlə daha çox maraqlanırdım. Yəqin artıq yaş öz sözünü deyir. "Porsche" avtomobillərinin modellərini çox sevirəm. Qeyd edim ki, indinin özündə belə bu avtomobilin modelləri ilə maraqlanıram.

 

- Boş vaxtlarınızda daha çox hansı filmləri izləməyi sevirsiniz?

 

- Fərqli-fərqli filmləri izləməyi sevirəm. Karantin dövründə elə günümü kinolar izləməklə keçirdim. Ən çox ispan filmlərini izlədim. Onların filmləri çox xoşuma gəlir. Bir də Azərbaycanın tarixi kinolarına hər zaman baxmağı sevirəm. İndi çəkilən Azərbaycan filmlərini o qədər də bəyənmirəm.

 

- Hər zaman səliqəli geyim tərziniz ilə seçilmisiniz? Dəbdə nəyə üstünlük verirsiniz?

 

- Geyim ən zəif yerimdir. Bir geyimə, bir də ətirə qarşı çox həssasam. Bunlara hər zaman xüsusi diqqət yetirirəm. Hər ətri vurmağı sevmirəm. Ən xoşladığım ətirlər "Hermes" və "Dolce Gabbana"dır. Geyimə gəlincə isə brend markalı geyimlərə üstünlük verirəm. "Gucci", "Dolce Gabbana", "Louis Viutton", "Prada" brendlərinin geyimlərini çox sevirəm. Hər zaman ayaqqabıma və kəmərimə daha çox diqqət yetirirəm. Deyim ki, aksesuar sevmirəm. Məsələn, bilərzik, sep taxım. Bunlar mənlik deyil. Alış-verişimi onlayn edirəm, çünki işimlə əlaqədar olaraq alış-veriş mərkəzlərinə getməyə vaxtım olmur. Amma bəzən elə olur ki, hər hansı alış-veriş mərkəzində getdikdə, hansısa bir geyim xoşuma gəldikdə dərhal onu alıram.

 

- İlk Avropa Oyunları zamanı yarışlarda iştirak etmək istədiniz. Amma zədə səbəbindən iştirak edə bilmədiniz. Hazırda zədəniz varmı?

 

- Karantin vaxtlarında 3 saatlıq sms icazəsindən istifadə edərək, çıxırdım qaçırdım. Amma yenə də ayağımda güclü ağrılar var. Professional tatamiyə qayıtmaq mənim üçün artıq çox çətindir. Çox istəyərdim ki, qayıdım, çünki ürəyim idmançılarladır. Doğrudan da, bu həyatda idman ikinci evimdir. İdmansız qalmaq mümkün deyil. Almaniya həkimləri qəti şəkildə icazə vermir, amma buna baxmayaraq idman etdikdə ruhən dinclik tapıram, yüngülləşirəm.  Təəssüf ki, daha heç vaxt tatamiyə qayıda bilməyəcəm.

 

- Son zamanlar mətbuatdan kənarsınız? Bu nə ilə əlaqədardır?

 

- Doğrudur, son zamanlar mətbuatdan kənar qalmağa çalışıram. Bütün jurnalist dostlarımını çox istəyirəm. Sağ olsunlar ki, vaxt ayırırlar, müsahibə almaq istəyirlər. Bu məni həqiqətən çox sevindirir. Amma fürsətdən istifadə edərək onlara demək istəyirəm ki, daha çox cavan idmançılarımızlardan müsahibə alsınlar. Çünki bu onların idman karyeralarında müsbət rol oynayacaq, onlara daha çox motivasiya verəcək. “Şərq”

Tarix: 5 Avqust 2020, 22:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin