BURADA REKLAMINIZ OLA
BİLƏR

Samir Vəliyev: “Məktəblərimizdə xoşagəlməz hadisələrin baş verməsində sosial şəbəkələrin təsiri inkaredilməzdir”

Türkiyədə 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsinə rəsmi olaraq qadağa qoyulub. Qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.

 

Azərbaycanda da müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da belə, qadağanın tətbiq olunub-olunmaması müzakirə mövzusudur.

 

Pravda.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyevin sözlərinə görə, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu bir dövrdə, xüsusilə uşaqların ondan nəzarətsiz istifadə etməsinin qarşısı alınmalıdır.

 

S.Vəliyev bildirib ki, internet resursları, müasir texnologiyalar müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusi ilə, uşaqların sosial-psixoloji inkişafına ziyan vura bilir: “Hazırda bütün dünyada informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu inkişafın göstəricilərindən biri də sosial şəbəkələrin mövcudluğudur. Sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Faydası çox olsa da, problemli məqamlar da istisna deyil. Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə yayımlanan bəzi filmlər, oyunlar uşaq və yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır, onları başqa zərərli vərdişlərə aludə edir. Hətta bəzi hallarda onların aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur”.

 

Deputat vurğulayıb ki, bir neçə gün öncə Türkiyədə bir şagirdin məktəbdə öz yoldaşlarını silahla qətlə yetirməsi də vəziyyətin ciddiliyindən xəbər verir: “Ölkəmizdə də bəzi məktəblərdə xoşagəlməz hallar baş verib. Həmin hadisələrin baş verməsində sosial şəbəkələrin təsiri inkaredilməzdir. Bir müddət öncə “İdrak” liseyində şagirdin öz müəlliminə qarşı silahdan istifadə etməsi, başqa bir məktəbdə bir şagirdin digərini spirtlə yandırması və s. bunun göstəricisidir. Dünyada uşaq və yeniyetmələrin internetdən, o cümlədən sosial şəbəkələrdən istifadəsi ilə bağlı müxtəlif təcrübələr mövcuddur. Məsələn, Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişi tam qadağandır. Çin vaxt məhdudiyyətləri və məzmun nəzarəti ilə hərtərəfli dövlət tənzimləmələrini tətbiq edir. Qardaş Türkiyədə də 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub. Düşünürəm ki, Azərbaycanda uşaqların sosial şəbəkələrə girişinə tam qadağa yox, məhdudiyyət tətbiq edilməlidir. Uşaqların sosial şəbəkələrdən istifadəsinə nəzarət olunmalıdır. Həm ailə, həm məktəb, həm də cəmiyyət olaraq bu məsələdə diqqətli olmalıyıq. Uşaqlara nəyisə qadağan etməklə problemi tam həll etmək mümkün deyil. Bu yöndə cəmiyyət olaraq maarifləndirmə işləri aparılmalı, uşaqların inkişafı üçün lazımi addımlar atılmalıdır. Yəni, məktəblilər sosial medianın müsbət tərəflərindən istifadə etməlidir. Bununla yanaşı, onları sosial şəbəkə müstəvisində təhlükələrdən qoruya bilən rəqəmsal mühit yaradılmalıdır”.

 

Şəhanə Quliyeva

Tarix: 24 Aprel 2026, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin