Reklam

İş otağında həmyerlisini döyən hüquq müdafiəçisi ilə bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Xəyal Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 2024-cü ildə Qax şəhəri, Azərbaycan prospektində yerləşən və Xəyal Hüseynov məxsus iş otağında baş verib.


Belə ki, o, heç bir əsaslı səbəb olmadan həmin yerə gəlmiş zərərçəkmiş M.M. (adı, soyadı şərtidir) mübahisəyə başlayıb. O, mübahisə zamanı nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozub, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.


İstintaqla müəyyən edilib ki, məhkum özünü digər şəxslərdən üstün tutmaqla cəmiyyətdə qəbul olunmuş davranış və əxlaq normalarına etinasız yanaşıb, zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirib. Hadisəyə kənar şəxslər müdaxilə edərək tərəfləri ayırsa da, Xəyal Hüseynov bununla kifayətlənməyib.


Təxminən 10 dəqiqə sonra, saat 12:40 radələrində o, yenidən M.M. ilə qarşılaşaraq bu dəfə iş otağının qarşısındakı yolda hücumunu davam etdirib. Xəyal yenidən zərərçəkmiş şəxsin sifət nahiyəsinə çoxsaylı zərbələr vurub. Zərbələrin təsirindən M.M. yolun kənarındakı arxa yıxılıb. Xəyal həmin şəxsi arxda olarkən də təpiklə vurmağa davam edib.


Nəticədə zərərçəkmiş şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Ona sağ əlin III və V daraq sümükləri səviyyəsində sıyrıqlar, hər iki gözaltı nahiyədə qançırlar, sağ yanaqda hematoma, burun sümüklərinin qapalı yerdəyişən sınığı, üz sümüklərinin çoxsaylı qapalı sınıqları, eləcə də baş-beyin silkələnməsi diaqnozu qoyulub. Bu xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər kimi qiymətləndirilib.


Qax Rayon Məhkəməsinin hökmü ilə Xəyal Hüseynov 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən verilmiş apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin qərar ilə birinci instansiya məhkəməsinin hökmü qismən dəyişdirilib. Belə ki, onun əməli Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən 221.1-ci maddəsinə tövsif edilib və Xəyal həmin maddə ilə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.


Bundan əlavə, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, bu cəza əvvəlki hökm ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq məhkumun üzərində qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Onun şübhəli şəxs qismində həbsdə olduğu 2 gün müddət də nəzərə alınaraq yekun cəzadan çıxılıb və nəticədə üzərində 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.


Apellyasiya məhkəməsi tərəfindən Xəyalın və müdafiəçisinin şikayətləri qismən təmin edilib.


Bundan sonra məhkum və onun müdafiəçisi kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, əməlin daha yüngül maddə ilə – Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif olunmasını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş ediblər.


Qeyd: Məlumata görə, Xəyal Hüseynovun rayon ərazisində hüquq müdafiəçisi kimi tanındığı bildirilir. 

Kamal Məmmədov 

Tarix: 7 May 2026, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin