Reklam

Xəstəxananın həyətində həmyerlisini bıçaqlayan 65 yaşlı kişinin istəyi reallaşmadı

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən B.Orucovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
 

İttihama görə, hadisə 26 noyabr 2024-cü il tarixində, təqribən saat 10:00 radələrində Beyləqan Rayon Mərkəzi xəstəxanasının həyətində baş verib.


Belə ki, 1960-cı il təvəllüdlü B.Orucov orada səs-küy salaraq insanların gözü qarşısında ictimai qaydanı kobud şəkildə pozub, yüksək səslə zərərçəkmiş Fərəc Nadirovu (adı, soyadı şərtidir) söyüb və zor tətbiq edib. Daha sonra o, özü ilə gətirdiyi bıçaqla Fərəcin başı istiqamətində qəsdən bir dəfə zərbə endirib. Bıçaq isə zərərçəkmişin başına dəyməyib. Lakin buna baxmayaraq B.Orucov bıçaqla Fərəcin sağ sağrı nahiyəsinə bir dəfə vuraraq sağlamlığa yüngül zərər yetirib.


Polis əməkdaşları tərəfindən B.Orucov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 

Beyləqan Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib və əvvəlki hökm qüvvədə saxlanılıb. Qərardan narazı qalan məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.


Məhkum kassasiya şikayətini onunla əsaslandırıb ki, hadisənin zərərçəkmiş şəxsin hərəkətləri ucbatından baş verməsi, onun 65 yaşının tamam olması və səhhəti nəzərə alınmayıb.

 

Kamal Məmmədov 

Tarix: 7 May 2026, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin